Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 14:59:33
Ucqar kənd müəllimləri ilk dərslərini necə keçdilər? – “İşləyəcəyimə çətinliklə qərar verdim”

Artıq yeni dərs ilinə qədəm qoymuşuq.

Müxtəlif bölgələrdə işləyən müəllimlər yeni tədris ilində ilk dərslərinin necə keçdiyindən AzEdu.az-a danışıblar.

Səltənət Qurbanova: “Ümid edirəm ki, 2018-2019-cu tədris ili sona qədər elə ilk dərs günümüz kimi axıcı olar.

Səltənət Qurbanova Göygöl rayonu Çaylı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimidir:

“İlk dərs günüm sevincli və əyləncəli oldu. Bizim məktəbdə dərslər saat 8:30-da başlayır. Öncə Azərbaycan Respublikasının Dövlət Himnini oxuduq. Bütün şagirdlərim məktəbli formasında bir-birindən gözəl görünürdü. 45 dəqiqə necə keçdi, uşaqlar da, mən də bilmədik. Yay tətilində gördükləri işlərdən, oxuduqları kitablardan, boş vaxtlarını necə dəyərləndirdiklərindən danışdıq. Dərsə şagirdlərin bilik və bacarıqlarını yoxlamaq üçün diaqnostik qiymətləndirmə aparmaqla başladım. Çox sevinirəm ki, 3 il ərzində şagirdlərimə öyrətdiklərim hədər getməyib. Yay tətilində, mütəmadi təkrar edərək keçdiklərimi unutmayıblar. Bir müəllim üçün bundan böyük sevinc ola bilməz”.

Seymur İbrahimov: “Məktəbdə yeni olduğum üçün ilk dərsdə şagirdlər bir az çəkinirdilər”

Seymur İbrahimov Salyan rayonu Yenikənd tam orta məktəbinin fiziki tərbiyə müəllimidir:

“Salyan rayon Yenikənd orta məktəbinə 2018-ci ildə keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində nəticəsində bu il qəbul olunmuşam. Sentyabrın 15-də keçirilən “Bilik günü” tədbiri yaxşı təşkil olunmuşdu. Məktəbdə müəllim-şagird heyəti çoxdur-deyilənə görə, 70-ə yaxın müəllim, 930 şagird var.

Birinci  gün ilk dərsim 8-ci siniflərə idi. Hər şey yaxşı keçdi, həm kollektiv, həm də uşaqlar məni yaxşı qarşıladılar. Yeni müəllim olduğum üçün şagirdlər bir az çəkinirdilər. Amma düzələcək, çünki müəllimlik prinsipinə əsaslanaraq uşaqlarla dost olmağa çalışacağam. Düşünürəm, uşaqlarla nə qədər dost kimi davransan, o da, sənə bir o qədər yaxın olar, dərdini, sirrini səninlə bölüşər. Beləcə, mən də çalışacağam ki, bir müəllim kimi əlimdən gələn yardımı əsirgəməyim. İlk dərs tanışlıq olduğu üçün ilkin bacarıqları – sağa- sola dönmələri və s. yoxladım. Qənaətbəxş hesab etmək olardı. Ümumiyyətlə, burada uğurlu şagirdlər – ali məktəbə daxil olanlar çoxdur”.

Araz Balaoğlanov: “İlk dərsdə şagirdlərə, mənə öz fənnimdən başqa digər fənn suallarını da verə biləcəklərini dedim”

Araz Balaoğlanov Quba rayon Zeyid kənd ümumi orta məktəbində coğrafiya müəllimidir.

"Deməli bir il əvvəl təyinat aldığım Quba rayon Zeyid kənd ümumi orta məktəbinə gəldim. Nə kənd, nə də məktəb haqqında heç bir məlumatım yox idi. İlk gördükdə 2230 m hündürlükdə bir kənd və təsəvvürümə gəlməyəcək  məktəblə qarşılaşdım. Çətinliklə də olsa, burda işləyəcəyimə qərar verdim. Xülasə, ilk dərs günü artıq şagirdlər yeni müəllimlərin gələcəyindən xəbərdar idi. Bizi gördükdə çox sevinirdilər. Hətta gəlib, - “müəllim, xoş gəlmisiniz”,- deyə görüşən də var idi. Beləcə, başladıq . Tədris boyunca şagirdlərlə dostluğumuz möhkəmləndi. Deyəndə ki, oxumasanız, gələn il bura gəlməyəcəyəm, buna razı olmurlar. Kənddə qaldığımız evə boru ilə su gəlmədiyi üçün suyu bulaqdan gətiririk. Balaca dostlarmız-şagirdlərimiz bu işdə bizə necə kömək edirlər, ondan deyim sizə...

Dərs bitər-bitməz bir neçəsi gəlib deyir ki, müəllim suyunuz yoxdursa, uzunqulağı da gətirib gələk su daşıyaq. Hətta bəzən aralarında mübahisə yaranır ki, birinci mən gedəcəyəm. Dərsə olan maraqlarına isə söz ola bilməz! Yetər ki, şagirdə standart münasibət yox, yaradıcı münasibət bəsləyəsən.

İlk dərs günü şagirdlərə, Coğrafiyanı tədris edəcəyimə baxmayaraq, qeyri fənlərlə bağlı da onları maraqlandıran sualları cavablamaq üçün əlimdən gələn köməkliyi edəcəyimi dedim. Sinifdə hər kəs bir-bir özünü təqdim etdi. Maraqlarının nə olduğunu soruşdum. Ən əsası da, Coğrafiyadan biliklərinin hansı səviyyədə olduğunu sual- cavab edərək özüm üçün müəyyənləşdirdim”.

Azər Cəfərov: “Yeni qəbul olunduğum məktəb öz kəndimizdə yerləşdiyindən müəllim-şagird heyətinin çoxunu tanıyırdım”.

Azər Cəfərov Neftçala rayon Xəzərkənd tam orta məktəbinin informatika müəllimidir.

“Artıq neçə ildir ki, müəllim işlədiyim üçün ilk dərs günü mənə doğma hisdir. Amma bu il yerdəyişmə edərək öz rayonumuzda dərs dediyim üçün az da olsa uşaqlarla həm tanış olmaq və həm də özümü təqdim etmək ehtiyacı duydum. Öz kənd məktəbim olduğundan isə məktəbin əksəriyyətini tanıyırdım. Amma şagird kimi onların xasiyyət və istedadlarını bilmək üçün bu tanışlıq vacibdir. Sonra onlara dərs dediyim fənnə olan maraq və öyrənmə qabiliyyətinin olması barədə sual-cavab etdim.

İlk dərs günü təhsil nazirinin də bildirdiyi kimi "Dövlət rəmzləri- müstəqilliyimizin simvolu" və "Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı" mövzularına həsr etdim”.