Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 12:36:00
DİM  fiziki məhdudiyyətli şəxslər üçün imtahan qaydalarını öyrənir

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları Böyük Britaniyada Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti tərəfindən təşkil olunmuş təlim səfərində iştirak edirlər.

DİM-dən AzEdu.az-a bildiriblər ki, sentyabrın 21-dək davam edəcək səfərin əsas məqsədi Birləşmiş Krallıq təcrübəsində imtahanlarda fiziki məhdudiyyətli şəxslər üçün yaradılan şəraitlə tanışlıq, tətbiq olunan xüsusi vasitələr haqqında öyrənmək və bu vasitələrin DİM-in keçirdiyi imtahanlarda istifadə imkanlarını araşdırmaqdır.

Görüşlərdə Böyük Britaniyanın müxtəlif dövlət qurumları və Kembric Universitetinin nümayəndələri tərəfindən:

dil imtahanları və xüsusi tələbləri olan namizədlər;

xüsusi tələbləri olanlar üçün test tapşırıqlarının tərtibi və müəllimlərin hazırlığı;

imtahanların təşkili;

xüsusi tələbləri olanlar üçün siyasət və hüquqi mühit;

imtahanların keçirilməsinə nəzarət və istifadə olunan test tapşırıqlarının monitorinqi və s. mövzularda təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaqdır.

Qeyd edək ki, DİM tərəfindən keçirilən imtahanlarda sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi şərait yaradılır. İlk növbədə, qaydalara əsasən, onlara imtahanda əlavə vaxt verilir. İmtahandan öncə həmin şəxslər mərkəzə müraciət edir və qeydiyyata alınırlar. Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi imtahan zalları təşkil edilir və onların hər biri üçün imkanlarının məhdudluğu səviyyəsindən asılı olaraq ayrıca nəzarətçi təyin edilir.