Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 15:14:00
DİM nümayəndə heyəti Oksford Universitetində keçirilən konfransda iştirak edib

2018-ci il 9 - 14 sentyabr tarixlərində Böyük Britaniyanın Oksford şəhərində Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmə və böyük verilənlər” mövzusunda 44-cü illik konfransı keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən,  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti həmin konfransda iştirak etmişdir.

Konfransın davam etdiyi müddətdə çoxlu sayda maraqlı məruzələr və təqdimatlar dinlənilmiş, aktual məsələlər ətrafında müxtəlif ölkələri təmsil edən təhsil və qiymətləndirmə sahəsi üzrə peşəkar mütəxəssislər fikir və təcrübə mübadiləsi aparmışlar. Nümayəndə heyətimizin üzvləri konfrans çərçivəsində keçirilən bütün tədbirlərdə fəallıq nümayiş etdirmiş, bölmə iclaslarında müzakirə olunan məsələlər ətrafında fikirlərini iştirakçılarla bölüşmüşlər.

Konfransda həmçinin Mərkəzin əməkdaşları Natiq Əliyev, Məhəbbət Əkbərli, Aynur Bayramlı və Elmir Şirinovun hazırladıqları “ Azərbaycan Respublikasında magistraturaya qəbul” mövzusunda məruzə təqdim edilmişdir. Təqdimatda ölkəmizdə magistraturaya qəbul imtahanı modeli, imtahanın mərhələləri, imtahanlarda tətbiq olunan müxtəlif növlü yoxlama-ölçmə materialları, xüsusilə də qəbul imtahanları zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması proseduru geniş işıqlandırılmışdır. Təqdimat bölmə iclasının iştirakçıları tərəfindən maraqla qarşılanmış, onları maraqlandıran suallar M.Əkbərli və E.Şirinov tərəfindən cavablandırılmışdır.

Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzi tərəfindən keçirilən builki konfrans zamanı aşağıdakı mövzular üzrə təqdimatlar edilmişdir:·        

  • təhsilin qiymətləndirməsində böyük və kiçik verilənlərin (Big Data) istifadəsi;

  • böyük verilənlər əsasında qiymətləndirmənin (tədris, öyrənmə) mahiyyəti, dünya praktikasından nümunələr;

  • böyük verilənlər – qiymətləndirmədə yeni üsullar, tədqiqatlar, araşdırmalar və çağırışlar;

  • böyük verilənlər – mövcud qiymətləndirmə prosesləri və imkanları;

  • böyük verilənlər – validlik və relevantlıq məsələləri;

  • böyük verilənlər – qiymətləndirmə zamanı əldə edilən tərəqqi və nailiyyətlər, problemlər və həllini gözləyən məsələlər.

Konfransın iştirakçıları İngiltərə, Amerika Birləşmiş Ştatları, İsrail, Çin, Sinqapur, Norveç, Qazaxıstan və digər ölkələri təmsil etmişlər.

Konfransın bağlanışı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri 2019-cu il 22-27 sentyabr tarixlərində Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IAEA-nın növbəti – 45-ci illik konfransının təqdimatını etmişlər. “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, altmövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan və s. haqqında iştirakçılara məlumat verilmiş, videoçarx nümayiş etdirilmişdir. DİM-in sektor müdiri Vəli Hüseyn çıxış edərək 44-cü konfransın təşkilatçılarına minnətdarlığını bildirmiş, konfrans iştirakçılarını Bakıda keçiriləcək növbəti illik konfransa dəvət etmişdir.

Konfransın gedişi ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasının Böyük Britaniyadan hazırladığı videoreportaja buradan baxa bilərsiniz.

Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə illik beynəlxalq konfranslar təşkil edir.

Xatırladaq ki, DİM biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib. Növbəti illik konfransın da yüksək səviyyədə keçiriləcəyini qətiyyətlə söyləmək olar.