XƏBƏRLƏR

13.09.2018 16:11
“Biznesmenlər yaraşıqlı müğənnilərə deyil, yaraşıqsız elm adamlarına da kömək etsinlər” –MÜSAHİBƏ

Kamil Vəli Nərimanoğlu: “Yeni yazarların bir qismini izləyirəm, onlar cığaldır,  çoxu da istedadlı deyil”

Müsahibimiz filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan, eyni zamanda, Türkiyənin bir çox universitetlərindən müəllim kimi fəaliyyət göstərən, Çingiz Aytmatov Akademiyasının həqiqi üzvü Kamil Vəliyevdir. Kamil müəllimlə müsahibə zamanı Azərbaycan, Türkiyə təhsili, elmi, həmçinin, müxtəlif elm adamlarından danışdıq.

AzEdu.az müsahibəni təqdim edir:

-Ötən əsrin sonlarında alimlərimizinbəziləri xarici ölkələrə getdilər. Bu“beyin axını” cəmiyyətin gələcəyinə nə kimi ziyanlar vurdu və bu hal yenidən yaşansa, nə kimi fəsadlara gətirib çıxara bilər?

-Azərbaycan son 25-30 ildə həm sosial, həm də mədəniyyət planında ağır katakalizmlər keçirib. Bunun yaxşı və pis olanları da var. İstiqlal mücadilələri, mitinqlər mənim evimin qabağında idi. Eyni zamanda, Qarabağ savaşı, iqtisadi və siyasi ağırlıqlar, bu müsbət və mənfi yaşantıların içində bizim ən ağır itkilərimizdən biri də mədəniyyət və elm adamlarının Rusiya, Türkiyə, Avropa və Amerikaya “beyin axını” oldu. Bu, Azərbaycan üçün böyük travmadır, çünki Azərbaycanın ən böyük sərvəti neft deyil, yaradıcı,zəhmətkeş insanlardır. Azərbaycanın qazandıqları və gələcəyi onlarla bağlıdır. 20-30 ilə neft də, qaz da bitər, yeyənlər də bitər, yedirənlər də, amma bu sərvət itməz. Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur.Məsələn, Rafiq Əliyev dünyanın tanınmış qeyri-səlis məntiq üzrə ən böyük mütəxəssislərindən biridir. Eyni zamanda, çox böyük şair və yazıçılarımız, müəllim ordusu var. Xüsusilə, riyaziyyat, kimya, fizika-dəqiq elmlərin, qismən də humanitar elmlər üzrə mütəxəssislərin xaricə axını,əlbəttə, Azərbaycanın sərvətinin xaricə sızması,onlardan məhrum olması deməkdir. Belə çıxmasın ki, burda qalanlar onlardan zəifdir, xeyr,elə bir bölgü aparmaq olmaz. Məsələn, Qərbi Kaspi Universitetində Səyavuş Dadaş var, çox adam onu tanımır,amma o, dünyanın ən yaxşı alimlərindən biridir, Xudu müəllimin tələbəsidir. Xalçaçılıq, miniatür sənətininnəzəriyəsi sahəsində böyük xidmətləri var. Riyazi, semiotik metodlarla dünyada əhəmiyyətli araşdırmalar aparıb, kitabları rus dilindədir. Fəxr edirəm ki, belə bir alim Azərbaycanda yaşayır. Həmçinin, AMEA-nın Tarix İnstitutunda , Avrasiya, Xəzər, Pedaqoji Universitetdə belə insanlar var. Gedənlərlə yanaşı, qalanların da böyük əhəmiyyəti var, keyfiyyət mənasında onları qürbətdəkilərdən  ayırmıram. Hər halda, gedən bizdən gedir, gələn də bizə gəlmir. O mənada bardağın boş tərəfinə baxanda, acınacaqlı bir vəziyyət var. Dolu tərəfində də təskinlik üçün var, bitkinlik yoxdu. Dünyanın, sosial psixologiyanın dəyişməsi belə bir vəziyyət yaradıb ki, elmə maraq azalıb. Elm bizim vaxtımızda olduğu kimi deyil, prestijini, hörmətini itirib.  İki oğlum var, böyük oğlum 15 yaşından Türkiyədədir, həm elmlə məşğul olur, həm də iş həyatı var. Artıq o türkiyəli kimi düşünür, yəni oranın ziyalısı, iş adamıdır.  Düzdür, biz hamımız türkük, əxlaqımız türkdür, amma ölkə olaraq başqa ölkədir. Kiçik oğlum İngiltərədə yaşayır, o da həm elmlə məşğul olur, həm də iş adamıdır. Mən də, ömrümün qalan hissəsini elmə həsr etməyə daha çox üstünlük verirəm. Çox istərdim ki, Azərbaycanda elmə, mədəniyyətə daha çox diqqət ayrılsın. Deyə bilərsiz ki, muğamla, aşıq sənəti ilə bağlı çox işlər görülür.Bu, sevindiricidir, amma onlar hər şey deyil. Azərbaycanda Çin arxivləri ilə işləyən, bizim tariximizi  öyrənən, həmçinin Şumer tarixi  üzrə müxtəxəssis yoxdur. Bu üzrə ümumi mülahizələr yazanlar var, amma ölü dil olsa da bu dil, abidələri var,bütün mədəniyyətlər Şumerdən sonra  başlayır. Onu öyrənən mütəxəssisləri yetişdirməmişik. Elam dili sahəsində Yusif Yusifovun kitabları var, ondan sonra bu dillə məşğul olanyoxdur. Riyazi dilçilik üzrə Kamilə Vəliyeva  olub, ondan sonra bu sahədə yaxşı mütəxəssis yoxdur. Ağamusa Axundov, Fəxrəddin, Nəsir müəllimdən sonra bizim ümumi dilçilik, nəzəri dilçilik sahəsində də yaxşı mütəxəssisimiz yoxdur. Düzdür, onların kitabları var, amma bir güllə bahar gəlməz, gərək, onun məktəbi olsun. Məktəb olmasa, onun dəyərini, qiymətini bilə bilmərik. Hələ hamısını saymadım. Bu mütəxəssisləri yetişdirməyə həm potensial var, həm də rəsmən zəngin ölkəyik və təhsil - mədəniyyət balansını saxlamalıyıq. İndi dünya alimləri ilə çiyin-çiyinə dayanan elm adamlarını yetişdirmək lazımdır. İnsan yalnız bioloji deyil, həm də sosial varlıqdır. Buna görə də onun mədəniyyət göstəricilərinin çox böyük əhəmiyyəti var. Bu mənada bizim təhsil sahəsində çox gözləntilərimiz var. Türkiyədə Əli Əsgər, Məmməd İsmayıl, Teymur müəllim kimi yaxşı mütəxəssislərimiz çalışır. Ələsgər müəllimin beynəlxalq  münasibətlər,tərcümə sahəsində yaxşı xidmətləri var. Məmməd İsmayıl da həm şairdir, həm alim. Yedditəpə Universitetində dərs deyən Teymur müəllim rəssamdır, bu sənətinelmini öyrədən ciddi fiqurlardan biridir.  İşlədiyim universitetdə Jalə xanımvar, Rus dili kafedrasının müdiridir. Onlarla fəxr edirik. Bacım da Konyada işləyir, bacımın yoldaşı Xaliq Hüseynov məşhur riyaziyyatçılardan biridir, oğlanları da riyaziyyatçıdır. İkisi də Sivas Universitetinin dosentidir.Onları ataları yetişdirib, yaxşı mütəxəssis olduqlarına görə, inanıram ki, onları Avropaya da dəvət edəcəklər. Adlarını unutduğum və ya az tanıdığım müxtəlif şəhərlərdə mütəxəssislərimiz var. Azərbaycan belədir ki, sənətdə, elmdə kadr olaraq özünə güvənə bilər, yaxşı alimləri var. Bu alimlərdən  gözləntilərimiz böyükdür.

-Hazırda xaricdə dərs deyən hansı alimlərimiz var ki, onların vətənə  qayıtması vacibdir?

-Məşhur riyaziyyatçı Fərhad Hüseynovun  qardaşı Rauf müəllim də Azərbaycanın bir nömrəli ziyalılarındandır. Onu tanımırlar, amma çox ciddi  ziyalıdır, həmçinin, AMEA-nın müxbir üzvüdür. O, Azərbaycana qayıtdı.   Azərbaycanda indi irəlidə gedən, həm də imkanları geniş olan iki universitet var. Biri ADA Universiteti, digəri Milli Aviasiya Akademiyasıdır.Bu müəllimlər gəlib bu universitetlərdə dərs deyirlər, maaşları da yüksəkdir. Həmhörmətləri var, həm rahatdılar, vətəndə olan rahatlıq ayrıdır. Onların gəlməyinə sevinirəm. Bəlkə burada gəlib daha yaxşı fəaliyyət göstərərlər, eyni zamanda bu orbitə çıxmaq üçün bir şansdır. Mənə elə gəlir ki, bu iki universitetin xaricində digərlərinin çox da elə imkanı yoxdur. Müəllimlərin maaşı çox azdır. Müəllim, həkimin təqaüdü bu şəkildə almağı düzgün deyil, tibbi sığorta olmadığı üçün dava dərmana heç çatmır. Ehtiyacları ödəmir, alim istədiyi elmi məclisə gedə bilmir. Maddiyyat məqsəd deyil, vasitədir. Vasitə olmasa, o insanlar inkişaf edə bilməz. Dünya gör-götür dünyasıdır,alim də  gərək, nəyisə görsün ki, götürsün. Bu mənada, yaradıcı ziyalılara ciddi yardım lazımdır. Söhbət müğənnilərdən getmir, onlar aparıcı deyillər. Təbii ki, onlar arasında bizim Alim Qasımov, Mirələm Mirələmov, Kamilə xanım kimi gözəl sənətkarlarımız var. Əksəriyyət isə toy müğənniləridir, toy müğənnisini mənfi mənada demirəm. Yasın bəzəyi molla, toyun isə müğənnidir. Bəzən, pul adamı qudurdur. Pul az qala arvadı kişi edir, kişini arvad. Pulun insanın varlığına, psixologiyasına, həyat tərzinə çox ciddi təsiri var. Olmamağının da, çox olmağının da təsirləri var. Adam tanıyıram ki, xasiyyəti 100% dəyişib, başqasını nəzərə almır,yekəxanalıq edir, xalqa yardım etmir. Mən ianə, sədəqə demirəm, amma hamıya kömək lazım olur. Mənə müəllimlərim kömək edib, başqa heç kimim olmayıb. Mən təhsil aldığım universitetin çörəyini yeyirəm.

-Lütfi Zadənin şəxsiyyətini dəyərləndirərdiniz. Təəssüf ki, ölümünün ildönümündə insanların diqqətindən kənarda qaldı...

-Bilirsiz,  xalq onu tanımaya bilər, çünki xalq çörək dalınca gedir, işi var. Amma elm adamlarının belə etinasızlığı doğru deyil. Bu, dünyada məşhur alimdir, vəsiyyət edib ki, Azərbaycanda dəfn olunsun. İrsinin də bir hissəsi Rafiq Əliyevə verildi, çox qiymətli insandır, yəni Rafiq müəllim kimi adam onun tələbəsidir. İndi o haqq dünyasındadır, bu adamın yeni nəslə çox əhəmiyyəti var. Dünyanın harasına getsəniz, Lütfi Zadəni desəniz, bu,  sizin baş ucalığınız olar. Onu yad eləmək bizim borcumuzdur.Kompüterlərin, telefonların nəzəriyyəsini verən adamlardan biridir. Sovet vaxtı 1950- ci illərə qədər kibernetika və sosiologiya qadağan idi. Çünki sosiologiyanın elə metodları var ki, obyektiv  nəticələr ortaya qoyur. Bunu Sovet hökuməti istəmirdi. Kibernetika burjua elmi sayılırdı. Riyazi dilçiliyə qondarma elm kimi baxırdılar, amma münasibət  sonra dəyişdi. Lütfi Zadənin nəzəriyyəsi ilə bağlı mənim də, Rafiq müəllimin də məqalə, araşdırmaları var.

-Həm Azərbaycan, həm də Türkiyə universitetlərində dərs demisiz. Bu iki ölkədə təhsildə hansı fərqləri müşahidə etmisiniz?

-Bizim gənclərin Türkiyəyə marağını tamamilə qanunauyğun hesab edirəm. Dünyada haqqımızı  müdafiə edən ölkə, millət kimi Türkiyədən başqa böyük dövlət yoxdur. Sonra  Pakistan, Ukrayna var. Amma kök, tarix və mədəniyyət birliyi olan ölkələr içində başda Türkiyə gəlir. Həqiqət bir millət, iki dövlət konsepsiyası doğrudur. Qəbul imtahanlarında test sistemini sarsıtmaq istəyən qüvvələr var. Elçibəyin, Vurğun Əyyubun dövründə bir il belə imtahanlar keçirildi. Sonra bunda Amerikanın da böyük təsiri oldu. Hər halda, yerli hökumətin də razılığı oldu ki, test sistemi ləğv olunmadı. Test sistemi tələbələrin haqqını özünə verən, ədalətli sistemdir. Ola bilsin ki,5% ədalətsiz tərəfləri var. Ən çox da tələbə köçürmələri onu sarsıdır. Üçüncü dərəcəli bir universitetdə, məsələn, Rusiyada pulla oxuyur, sonra yenə pulla buradakı hansısa universitetə köçürülür. Belə minlərlə tələbə köçürülüb. Bu, təhsil sisteminin belini qırır, çünkin sistem doğrudur, amma sistemə barmaq eləyirlər. Bu zaman da onun təməllərini sarsıdırlar. Qanun var, bir də qanundan yayınma var. Qanundan yayınmalar qanunu sarsıdır. Qanunu 5 adam düzəldir, onu pozmağı 50 adam fikirləşir. Ona görə qanun pozanlar daha güclüdürlər. Məsələn, özəl universitetə daxil olurlar, sonra Bakı Dövlət Universitetinə dəyişirlər.Burada rektor, nazirlik buna müxtəlif motivlərlə imkan yaradır. Burada  tanışlıq, tapşırıq və pul məsələsi də var. Ziyanı görənsə, sistemdir, laxlayır. Son zamanlar istəyirlər ki, bu imtahaları universitetlərin ixtiyarlarına versinlər. Universitetlər də yavaş-yavaş testi də aradan götürsün, yenidən Azərbaycan 25 il əvvəlki vəziyyətə düşsün. Demirəm Türkiyənin təhsili yüzə yüz doğrudur. Azərbaycan hər ölkənin təhsilinin yaxşı cəhətlərini götürməlidir. Türkiyə təhsilinin də ciddi qüsurları var. Orada əzbərçilik var, uşaqlar imtahan, can qurtarmaq üçün çalışırlar. Dərsə girəndə bildirirəm ki, imtahana gəlməyəcəm. Bu sənin sənətindir, oxuyursan oxu. Amma imtahan üçün oxumağın əhəmiyyəti yoxdur. Orda leksiya deyəndə bildirirlər ki, yavaş- yavaş deyin yazaq. Deyirəm ki, niyə yazırsız, kitablar var. Mən bir kitabdan demirəm ki, istiqamət verirəm, hər şey öyrətmirəm. Bu məsələdə Türkiyənin başqa problemləri dəvar. Məsələn, xarici dil o qədər həlledicidir ki, əsas ixtisaslar ikinci plana keçir. Amma geniş mənada  Türkiyənin  təhsil sistemi dünya standartlarna uyğundur. Məsələn, bizdə Tibb Universitetini bitirmiş biri, orada həkim işləməsi həddindən artıq çətindir. Orada bizim həkimlər var, amma onlar da Türkiyə, Almaniya, İsraildə staj keçiblər. Sovet hökumətinin nə qədər pis sistemi olsa da, orada gənclərin həvəsi var idi. Mən universiteti bitirib orada işləmişəm. Tanışlıq da, bəzən hörmət də görmüşəm. Məsələn, müəllimdi sənin toyuna-yasına gəlir. İstəyirlər ki, zəhmətinə qiymət versinlər. Türkiyədə bir dəfə tələbə soruşdu ki, hoca sizdə rüşvətə “hörmət” deyirlər? Dedim, bəli. Bəzən sistemə qarşı getmək olmur, getsən,Don Kixot vəziyyətində qalarsan. Bununla bərabər bu mühitdə böyük mütəxəssislər hazırlana bilir. Müəllimlərin hamısı bir deyil, çox qabaqcılları var. Öz müəllimlərimə hər gün dua oxuyuram. Təkrar edirəm, gör-götür dünyasdır. Yaxşı şeyləri götürməliyik. Sovet vaxtında  Gürcüstanın fəlsəfə və riyaziyyat məktəbi var idi. İndi də  davam edir, amma əvvəlki gücündə deyil. Onların öz möhürü var, “Azərbaycan ziyalılarının yoxdur” demək, doğru deyil. Amma arzu edildiyi qədər deyil. Bunun  səbəbi müəllimin maddi vəziyyəti, maaşlarının az olmasıdır. Müəllimə qayğı lazımdır. Heç olmasa, kreditlər verilməlidir ki, maşın ala bilsin, indiki dövrdə Bakıda çətindir. Müəllim, həkim, jurnalist, yaradıcı insanlara qarşı elə etmək  lazımdır ki, onlar dolana bilsinlər. Onlar dolana bilmirsə, çəkdiyi əziyyətlə sistemi sarsıdacaq.

-Gənclərin elmə və təhsilə  marağını artırmaq üçün ən birinci hansı addımlar atılmalıdır?

-İlk olaraq dövlət qayğısına ehtiyac var. İkinci, ictimai dəstəyə ehtiyac var, hər şeyi dövlət edə bilməz. Dövlət maaşı yüksəltməlidir, təminata baxmalıdır. Varlı şəxslər, biznesmenlər yaraşıqlı müğənnilərə deyil, yaraşıqsız elm adamlarına da kömək etsinlər. Məsələn, sponsorluq et, şahmatçını xaricə göndər, bizim adımızı yüksəltsin, hansısa gəncə kömək et, Çində bu dili, abidələri, arxivi  öyrənsin.Beş uşağa köməklik et,xaricdə oxut. Harvard  Universitetinə edilən yardımlar milyonlarla, milyardlarladır, çünki  bura yardım edilməsə orada elm olmaz. Qərb dünyasında sponsor elmi ayaqda saxlayan  vasitələrdən biridir. Bizdə H.Zeynalabdin Tağıyevin əxlaqı unudulub. Biz də yaxşı “baş”ı, savadı olan gənci nadir adam olar ki, oxutsun. Amma 17-18 yaşında müğənni üçün milyonlar xərcləyənlər var. Nəfsin var elə, heç olmasa, birini ona edəndə ikisini də başqasına et. Bir də elmlə mütləq əməkdaşlıq etmək lazımdır. Rusiyada böyük sərvətimiz var. Onların tərkibində olmuşuq, bizim elmə, mədəniyyətə çox ziyan da vurub, xeyir də verib. Rusiya arxivlərində, müxtəlif sahələrdə, sənətlər barədə öyrənəcəyimiz çox şey var. Mən Türkiyədəki dərslərdə Rusiyadan olan bilgilər olmasa öz mənliyimi təmsil edə bilmərəm.  Çünki yaxşı arxivlər ordadı və rusca bildiyimiz üçün istifadə edə bilirik. Musiqi sahəsində Moskva Konservatoriyasının təcrübəsi olmasa, sən nə yaxşı bəstəkar, nə də musiqişünas ola bilməzsən. Pribaltikadakı mədəniyyətin bizə çox əhəmiyyəti var. Məsələn, Özbəkistandan biz çox şey öyrənməliyik.  Bəzən, azərbaycanlı gəncləri müxtəlif konfranslarda görürəm. Yaxşı oxuyan uşaqlarımız var, dünyada bizi təmsil edirlər. Zavallı millətik biz, dəyərimizi bilmirik. Gənclərə bəzi şeyləri aşılamaq lazımdır. Bilməmək onun haqqıdır, amma bilməməklə qalmaq olmaz. Orta məktəbin son siniflərindən başlayaraq dünya dəyərlərini bilməlidir ki,ölkəsinə kömək eləsin. Ola bilmirsə, bunun günahı sistemdə, ölkəsindədir.

-Kamil müəllim, Türkiyədə elm hansı səviyyədir.Elmə necə dəstək olunur?

-Cənubi Azərbaycandan gələn mütəxəssislərin adını Türkiyədə ən yaxşı həkimlər arasında görə bilərsiz. İranın öz yetirmələri deyil, Amerikada, Avropada oxuyublar. Türkiyədə elm orta səviyyədən yuxarıdır. Amma Türkiyədə elmin inkişafının qarşısını alan heçnə yoxdur, sənin elminə dəyər verirlər. İstər özəl, istərsə də dövlət sektorunda elmə meyil güclənir. İhsan Doğramaçı Bilkənd Universitetini qurub, orada çox yaxşı işlər görülüb. Xeyli azərbaycanlı orada oxuyur, işləyir. Şair Əli Kərimin oğlu orada riyaziyyat müəllimidir. Türkiyənin Avropaya qapısı həmişə açıq olub. Düzdür, orada cəhalət,gerilik də var. Din cəhalət deyil, o da fəlsəfədir, yaşam tərzidir. Dinin bir qapısı cəhalətə, biri elmə açılır. Əsl din elmdədir. Quranda əsas qayə elmdir. Bu mənada Türkiyənin gələcəyini ümidli görürəm. Düzdür, inflyasiya var, Amerika Türkiyəyə qarşı iqtisadi cihad elan etdi. Türkiyə xalqı bunu anlayışla qarşılayır, heç yerdə şikayət edən görmədim, bir-ikinəfərdən başqa.  Hesab edirlər ki, bu iqtisadi müharibədir. Türkiyə 100 illiyinə doğru getdikcə basqı artacaq, istəyirlər ki, Türkiyədən istifadə etsinlər. Türkiyənin müəyyən bir mövqeyə çıxmağını istəmirlər. Ona görə də bu ölkə özünə güvənməyi əsas götürür. 12 ildir Türkiyədəyəm, Avropaya açılan qapılarında iqtisadi, siyasi, təhsil və mədəniyyət sisteminə inanıram. Qüsurlar var,amma onlar islah edilə biləcək qüsurlardır.

- Bəs, Azərbaycan təhsilində hansı çatışmazlıqları görürsünüz?

-Müəllimin gözü, gərək,  tələbənin cibində qalmasın. Tələbə lüks geyinib, bahalı maşınla məktəbə  gəlirsə, ayaqlarını bir-birinin üstünə aşırırsa, müəllim də  10 il  geyindiyi kostyumu ütülədib, qalstukunu taxıb, bəlkə də səhər də çörək yeməyib onun qaşısında oturursa, heçnə düzəlməz. Padşah uduzub gələn sərkərdədən soruşur ki, niyə məğlub oldunuz? Sərkərdə deyir 100 səbəbi var, padişahım. Deyir say. Birinci söyləyir ki, barıt yaş idi. Padişah deyir,  99 –nu sayma. Barıt yaşdısa məğlubiyyət olar.Niyə müəllimin, həkimin sığortası olmasın?Mən Türkiyədə ayda 60-70 dollar vətənimdə qazandığım xəstəliklərin dərmanına sərf edirəm. Bizdən bir qəpik almırlar. İldə bir dəfə gözlük ala bilərik. Mən əməliyyat olundum,  60-70%-ni hökumət ödədi. Sığorta xalqın, ziyalının da əlindən tutan bir şeydi.  Müəllimlərin, jurnalistlərin gərək, ayrı geyim və ərzaq mağazaları olsun. Onlara özəl xidmətlər olsun. Düzdür, bazar iqtisadiyyatı buna imkan vermir, gəliri düşünür, amansızdır. Çox insancıl deyil, bazara hesablanır. Əvvəllər Mərkəzi Komitədə işləyənlərin evinə səbət gələrdi. Bilirdik ki, bunun için də, ət yağ, çay bir çox şey var. Gərək alimin, həkimin, müəllimin də səbəti olsun.  Varlı ölkədir, niyə də olmasın?! Müəllimlərə ərzaqları ucuz qiymətlərə versinlər. Xəzərin ətrafında o qədər torpaq satılıb. Onlardan  ziyalılara verərdilər, özləri orada ev tikərdi.

Hazırda xüsusilə, gənclərin xaricə getməsi çox mühümdür. Buna gərək dövlət yardım etsin. Gərək, təhsilin və mədəniyyətin qapıları dünyaya açıq olsun. Auditoriyalardakı kameralarla bu, mümkün deyil. Məsələn, mən Rusiyanın elmini, sənətini yüksək qiymətləndirirəm, amma bununla yanaşı rus ailəsi xoşbəxt deyil. Onların xoşbəxtliyi ildə bir dəfə Antalyaya gəlməkləridir. Maaşını yığır, burada gəlib öz aləmində kef edir. Dənizə gedir, istədiklərini yeyir, çox içki içir. Halbuki, Rusiya dünyada ən zəngin ölkələrdən biridir. Təbii sərvətlərinə görə, Ural dağlarında Mendeleyev cədvəlində olan  təbii elementlərin hamısı var. Amma Rusiya Sizif əzabı yaşayan ölkədir. Qalxırlar, zirvəyə çatanda  yenidən aşağı yuvarlanırlar. Ruslarda daxilən azadlıq var. Rus xalqına əxlaqsız kimi baxmağın tərəfdarı deyiləm.

-Çağdaş Azərbaycan ədəbiyyatından kimləri mütaliə edirsiz?

-Şeirlər çox oxuyuram. Dostlarım mənə göndərirlər. Bir qadın var, deyəsən, Göyçayda yaşayır, Bahar imzası ilə yazır. Hətta mən qərara gəldim ki, qadın şeir toplusu nəşr edim. “Facebook” da baxıram çox gözəl şairələr var. Mənim zövqüm qüsurlu ola bilər, amma fikir  verirəm, ən çox müzakirələrə səbəb olan şeirlər yazılır. Əvvəldən sevdiyim şairlər var,məsələn Musa Yaqub, Ramiz Rövşən - onları həmişə izləyirəm. Qohum, dost kimi demirəm. Şəxsi münasibətim pis də ola bilər. Yeni şair və yazıçılardan bir qismini izləyirəm, onlar cığaldır. Onların çoxu istedadlı deyil. İstedadlı adam lap mənim düşmənim də olsa, sevirəm, çünki istedad  Allahın verdiyi nemətdir, pisdir onla çörək yemə, qızını vermə, o başqa birşeydir. Elə adam var ki, dostum deyil, amma onu maraqla oxuyuram. Lap məni sevmir, ama mənə heç bir fərqi yoxdur. İstedad vətənin yetişdirdiyi nemətdir. Dünyaya bir dəfə gəlirik. Hamının görmədiyini görən, maraqlı edən biri təqdirəlayiqdir. İstedadlı adamlar var, amma məktəbə çevrilə bilmədi. Bizim nəsil həm öz sahəsiylə məşğul olurdu, həm də ədəbi tənqidlə, çünki ictimai fikri demək üçün ən yaxşı vasitə tənqiddir. Azadlıq müstəqillik gələndən sonra mən şəxsən tənqidlə məşğulolmuram, çünki nə istəyirəm onu da yazıram. Tənqid maskasına ehtiyac yoxdur. Mən professional şəkildə ədəbiyyatı izləmirəm, maraqlı şey olanda oxuyuram. Çünki ömrümün qalan hissəsini boş yerə sərf edə bilmərəm. Məni sevdi, söydü, bu əhəmiyyətli deyil. Sevərəmsə oxuyaram, dərslərimdə təbliğ edərəm. Bütün xalqların şairləri yoxdur. Bizə də  şair xalq deyən yaxşı niyyətlə deməyib. Bunun belə bir yorumu da var ki, Azərbaycan xalqı düşüncəsiz xalqdır. Azərbaycana ümidimiz çoxdur, torpaq elədir ki, yetişdirəcək. Torpaq həm mübahisəlidir, həm  də gözəlliyə və qeyri-adiliyə qapısı açıqdır. Mənim aləmimdə dünyanın ən gözəl qızları, dünyanın ən dəqiq düşünən insanlarının bir qismi Azərbaycandadır.Bizdə qeyri-adi baxış çoxdur. Sistem başqa ola, buna qarşı ola bilər. Bunları küçədə, evdə, azad yerlərdə görə bilərsən. Bizim vaxtımızda ədəbiyyata  gəlmək daha rahat idi, indi isə çətindir. Oxucu azdır, həm də hər kəs  istəyir həyatını elə qursun ki, normal yaşasın. İqtisadi amillər çox- çox önə çıxır. Mənim atam tar çalan olub, ona görə tar ifaçılarını çox izləyirəm və çoxunu tanıyıram. İfaçılıq sənətində Azərbaycan çox yaxşıdır.

-Hazırda hansı istiqamətlərdə araşdırmalar aparırsız?

-Bu ay mənim iki kitabım çıxacaq: “Avrasiya məsələləri və  Türk linqvopoetikası. Bundan başqa “Ortaq türkcə” adlı kitab hazırlayıram. Yəqin bu il nəşr olunar. Assistantım olanda  diktə edirəm, yazırlar, aşıq kimiyəm. Sonra alıb redaktə edirəm. Bir türk də oxuyub,redaktə edir ki, Azərbaycan ədəbi dili hiss olunmasın.  Elə şeylər var ki, anlaşılmaz ola bilər. “Dil fəlsəfəsi” adlı kitab hazırlayıram, böyük kitab olmayacaq, amma dərsə girdiyim üçün onun leksiyalarından ibarət olacaq. “Dil psixologiyası” adlı kitab üzərində də işləyirəm. Həmçinin, rus bölməsi üçün də bir kitabça hazırlayıram. İldə bir-iki kitab, 7-8 məqalə,konfranslar olur. Ədəbiyyat fakültəsinin müəllimiyəm, amma bəzən rus dilində olan dərslərədə girirəm. Təxminən həftədə 14-15 saat dərsim olur. Eyni zamanda, Orta Doğu Avrasiya Araşdırmalar Mərkəzinin müdiriyəm.  Orada da tədbirlər keçiririk. Çalışıram ki,faydalı olduğumu isbat edim. Qırğızıstanda Ç.Aytmatov Akademiyasının həqiqi üzvüyəm. Orada da çıxışlarım  olur. Bəzən məni qınayırlar ki, bir neçə sahədə çalışırsan. Özümə sərhəd qoymuram, amma dünyaya daha çox dilçi kimi baxıram. Hər şeyi bilmək üçün bir şeyi yaxşı bilmək lazımdır. Mənim ana elmim nəzəri dilçilikdikdir.