Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 09:15:00
Ekspertlər təhsil işçilərinin sentyabr konfransını belə şərh etdilər  
Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 
 
Konfransda təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, rektorlar, təhsil ekspertləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər.
AzEdu.az tanınmış təhsil ekspertlərinin təhsil işçilərinin sentyabr konfransına şərhini oxuculara təqdim edir:
 
Professor Şahlar Əsgərov: Bugünkü konfransda təhsil naziri Ceyhun Bayramov çıxışında bir sıra mühüm konseptual müddəlar irəli sürdü. Rus sektorunda təhsil alan şagirdlərin dövlət dilimiz olan Azərbaycan dilində imtahan vermələri məsələsini dəstəkləyirəm. Nazir çıxışında məktəbəqədər təhsilin inkişafına xüsusi yer ayırması təqdirəlayiqdir. Xüsusilə məkəbə hazırlıq şəbəkəsinin genişlənməsi sahəsində ciddi işlər görülüb. Ümumiyyətlə, təhsilin keyfiyyəti ilə bağlı səslənən rəqəmlər sevindiricidir. Düşünürəm ki, görülən işlər sayəsində gələcəkdə məktəblər keyfiyyətli müəllimlərlə təmin olunacaqlar.
 
 
Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev: Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabat xarakterli çıxışı ilə təhsildə keyfiyyət dəyişikliklərinin mənzərəsini açdı. Baş verən müsbət dəyişiklikləri görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirirəm. Təhsil naziri Ceyhun Bayramovun çıxışı onu göstərdi ki, təhsildə davamlı inkişaf üçün artıq möhkəm zəmin yaradılıb. Onun çıxışını ölkə baçısı tərəfindən təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət strategiyası” sənədinin icrası üzərində qürması maraqla qarşılandı. Nazirin çıxışından bəlli oldu ki, orta təhsil sahəsində görülən işlərin şəffaf xarakteri bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Biz təhsil ekspertləri bir sıra komissiyaların işində iştirak etməklə və sərbəst müşahidələr aparmaqla bunun əyani şahidi olmuşuq. Nazirin səsləndirdiyi rəqəmlar göstərdi ki, müəllim peşəsinə maraq ilbəil artmaqdadır. Bu, əlbəttə ki, onun vurğuladığı kimi Dövlət Strategiyası sənədinin rasional, ardıcıl, qətiyyətli icrası sayəsində baş vermişdir. Nazirliyin təhsil ekspertləri və media nümayəndələri ilə əməkdaşlığı bizə prosesləri yaxından izləmək imkanı yaradıb. Təhsil eksperti kimi mən bunu yüksək dəyərləndirirəm.
 
 
Təhsil eksperti Kamran Əsədov: İlk növbədə qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin konfransı artıq ənənvi hal alıb. Bu, təhsil işçiləri arasında münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsində mühüm rola malikdir. Məhz bu tipli tədbirlər nəticəsində məktəblər öz nəticəsini ortaya çıxarır, təcrübə mübadiləsi aparılır.
Həmçinin məktəblərin bir il ərzində fəaliyyəti məlum olur. Bakı şəhər təhsil işçilərinin konfransı təkcə təhsil verən müəllimlərin illik hesabatı deyil, eyni zamanda təhsili idarəetmə orqanının öz fəaliyyətini əks etdirən bir hesabatdır. Hesabat məruzəsi ilə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxışında ötən dərs ilinin paytaxtın təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını bildirdi, müxtəlif istiqamətlər üzrə görülmüş işlərə diqqət çəkdi, perspektiv məsələlərdən bəhs etdi. Məlum oldu ki, keyfiyyət ili ərzində ciddi işlər görülüb, uğurlar əldə edilmişdir. Təhsil naziri cənab Ceyhun Bayramov çıxışı zamanı “Ümumi təhsildə keyfiyyət ili” elan edilmiş növbəti tədris ilini fəaliyyət baxımından daha zəngin olacağını vurğulaması təqdirəlayiqdir.
 
 
Təhsil eksperti Nadir İsrafilov: Konfransda təhsil naziri Ceyhun Bayramov respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirdi. Təhsil naziri çıxışında həmçinin məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını qeyd etdi. Bütün bunları yenilik kimi dəyərləndirirəm. Ümumi təhsil müəssisələrində uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm işlər görülməsi bir təhsil eksperti kimi mənim də istəyimdir. (Moderator.az)