Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 11:14:00
Təhsil gündəmini karikaturalarda izlə - AzEdu.az-dan daha bir layihə  

İzləyiciləri üçün müxtəlif layihələr həyata keçirən AzEdu.az təhsil portalı daha bir yeniliyə start verir. Yeni layihədə, portalda mütəmadi olaraq, həftədə bir dəfə təhsil gündəmi ilə  bağlı müxtəlif mövzulu karikaturalar nümayiş olunacaq.

Karikaturaçı rəssam Fərid Hüseynlinin çəkdiyi karikaturalarda təhsildəki bütün çatışmazlıqlar, elm və təhsillə bağlı insanları narahat edən məsələlər öz əksini tapacaq. Təhsilin bütün xırdalıqlarını əhatə edən karikaturalarda təhqir, şərəf və ləyaqətin alçaldılması, irqi və etnik ayrı-seçkilik kimi xoşagəlməz hallara yol verilməyəcək.

Yeniliyi tətbiq etməkdə məqsəd təhsildəki bütün əskikləri, insanları bilavasitə narahat edən məsələləri və onların həll yollarını yumoristik formada çatdırmaqdır. Özündə dərin mizah əks etdirən karikaturalar vasitəsilə AzEdu.az izləyiciləri maarifləndirməklə bərabər, həm də əyləndirəcək .

Bundan əlavə, təhsillə bağlı məsələlərin qabardılmasına maraqlı olan könüllü karikaturaçı rəssamlar  da layihəmizə  qoşula bilərlər.

“Molla Nəsrəddin” jurnalında təhsil, elm, maariflər bağlı olan karikaturaları müasir dövrün təhsil gündəminə uyğunlaşdıra bilən dizayner-qrafitistlər də bununla bağlı müraciət edə bilərlər.

Karikaturalar yaxın günlərdə portalda yayımlanacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları