Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 13:30:00
Yüksək təhsil haqqının tələbələrə vurduğu zərbə -Ekspert çıxış yolunu göstərir

“Xarici ölkələrdə tələbələrə yardım edən xüsusi təşkilat və şirkətlər var. Azərbaycanda isə imkanlı şəxs, təşkilat və şirkətlərdən belə addımlar görə bilmirik”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Nadir İsrafilov Azərbaycan universitetlərindəki təhsil haqqından danışarkən deyib. O qeyd edib ki, təhsil haqqının yüksək olması ölkəmizdən valyuta və beyin axınına səbəb olur:

“Millət vəkilləri yaxın gələcəkdə ali və orta ixtisas məktəblərinə ödənişli qəbullarla bağlı faizlərin aşağı endirilməsi təklifi ilə çıxış ediblər. Onlar hesab edirlər ki, bir çox imkansız  ailələrin övladları ödənişli ixtisaslara daxil olduqları üçün valideynlər təhsil xərclərini ödəməkdə çətinlik çəkirlər.

Bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Çünki, ali məktəblərə daxil olsalar da, ilk gündən ondan imtina edən və ya I, II kurslardan sonra təhsillərini yarımçıq qoyan tələbələrin sayı artıq yüzlərlə deyil, minlərlədir.

Elə təkcə Tibb Universitetində bəzi ixtisaslarda illik ödənişin 4000-4500 manat olmasını cəmiyyətin sərt təpki ilə qarşılaması vəziyyətin nə qədər arzuolunmaz olduğunun bariz  gostəricisidir. Bir çox məzunlarımız isə nisbətən ucuz ödəniş axtarışı ilə xarici universitetlərə üz tuturlar. Bu, təbii ki, ölkəmizdən valyuta və beyin axınını şərtləndirir”.

Ekspertin sözlərinə görə, aidiyyatı qurumlar bu məsələni yenidən götür-qoy etməlidirlər:

“Həm Təhsil Nazirliyi, həm ali və orta ixtisas müəssisələri, həm Dövlət İmtahan Mərkəzi, həm də Tarif Şurası ödənişli qəbul sayının, nisbət faizinin mümkün qədər aşağı endirilməsi və ya təhsil haqlarının azaldılması barədə təkliflərə dəstək verməli, müvafiq qərar qəbul edilməsinə öz səylərini əsirgəməməlidirlər. Çünki, universitetlərə 500-600 və ya ondan çox balla daxil olan abituriyentlər əsasən ödənişli əsaslarla təhsil almalı olurlar. Bu, əhalinin əksər sosial kateqoriyaları üçün əlçatmazdır”.

O, təhsilin hamıya əlçatan olması üçün təkliflər irəli sürüb:

“Hesab edirəm ki, dövlət müəssisələrində pullu təhsilin qismən azaldılması məsələsi öz həllini tapana qədər tələbələrə aşağı faizli güzəştli kreditlər verilməlidir. Bununla əlaqədar “Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirəsi və qəbulunu sürətləndirmək olar. Ali təhsilin hamı üçün əlçatan olmasını, ali təhsillilərin sayını aparıcı dövlətlərdəki say statistikasına yaxınlaşdırmaq məqsədini qarşıya qoymuşuqsa, ödənişlərin də miqdarının hamı üçün əlçatan olması barədə düşünməliyik.

Xarici ölkələrdə tələbələrə yardım edən xüsusi təşkilat və şirkətlər var. Azərbaycanda isə imkanlı şəxs, təşkilat və şirkətlərdən belə addımlar görə bilmirik”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları