Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 12:52:00
Latviyalı professor Qərbi Kaspi Universitetində

Universitet mühəndislik sahəsində beynəlxalq təcrübənin tətbiqini gücləndirir.

AzEdu.az xəbər verir ki, ətraf mühit, elm və texnologiyanın, mühəndislik texnologiyasının inkişafı üzrə ixtisaslaşmış, tanınmış latviyalı professor Janis Vilgerts Qərbi Kaspi Universitetində qonaq olub. Professor universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində və Texnoparkında yaradılmış şəraitlə tanış olub, universitetin bu sahə üzrə mütəxəssisləri ilə fikir mübadiləsi aparıb. Müzakirələr xüsusilə təkrara emal və bərpa texnologiyaları sahəsi və bu ixtisas üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, infrastrukturun, maddi-texniki təchizatın gücləndirilməsi və təhsilin praktik yönümünün keyfiyyətinin artırılması ilə bağlı olub.

Professor beynəlxalq təcrübənin bir sıra modelləri barədə təcrübəsini bölüşüb, onların tətbiqi üçün birgə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Qonağa məlumat verilib ki, Qərbi Kaspi Universiteti gənclərimizdə dəyişən dünyaya uyğunlaşma prosesini sürətləndirmək, əmək bazarında daha çox tələb olunan mühəndislik, robototexnika və komputer sahələri üzrə peşəkar kadrların hazırlanmasına dəstək məqsədi ilə ardıcıl proqramlar həyata keçirir. Artıq iki ildir ki, universitet Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində bu istiqamətlər üzrə kadr hazırlığı aparır. Tələbələrdə praktik biliklərin möhkəmləndirilməsi məqsədi ilə Məktəbin nəzdində unikal qurğu və avadanlıqlar təchiz olunmuş laboratoriya və mərkəzlər və Yüksək Texnologiyalar Parkı yaradılıb.

Bildirilib ki, Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir.

Ötən tədris ilində Texnoparkda universitetin tələbələri və orta məktəb şagirdlərinin birgə işlədiyi layihələrdən biri (Vooby – ingilis dilini onlayn öyrənmə platforması) Türkiyədə keçirilən beynəlxalq müsabiqədə 800-dək layihə arasından finala vəsiqə qazanaraq mükafatlandırılıb.

 Professor Janis Vilgerts 2003-2004-cü illərdə Latviyanın Davamlı İnkişaf Təşkilatında idarə heyətinin sədri, 2005-ci ildən indiyə kimi JSC “BAO” müəssisəsində müşahidə şurasının sədri, 2010-cu ildən indiyədək Latviya Tullantıların İdarə olunması Assosiasiyasının sədri,2011-2014-cü illər ərzində Ətraf Mühit, Bioenerji və Biotexnologiya Bacarıqları Mərkəzində məclis üzvü vəzifəsində çalışıb.

Professor Janis Vilgertsin apardığı tədqiqatlar əsasən, ətraf mühit məsələləri üzrə təhlükəli tullantıların proqnozlaşdırılması, axını və ölçülməsi metodikası üzrədir. Bir çox məqalələrində təhlükəli tullantılarının axınının ölçülməsi üzrə metodiki işin təşkili, idarə olunması və həyata keçirilməsinə bəhs etmişdir. Beynəlxalq konfranslarda ətraf mühit məsələləri, elm və texnologiyanın, mühəndislik texnologiyasının inkişafı üzrə məqalələrlə çıxış etmişdir.