Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 11:44:44
IX sinifdən sonra yaranan tədris faciəsi – Ekspert qorxulu rəqəmləri sadaladı

“Təkcə bir ildə təxminən, 90-100 min nəfər IX-nun 30-35 %-nin X sinfə keçməməsi nəticəsində ortaya çıxan rəqəmi təsəvvür etmək o qədər də çətin deyil”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Nadir İsrafilov deyib. Onun sözlərinə görə, məktəblərdə mobil telefonun qanunla qadağasına ehtiyac duysaq da təhsildən yayınma ilə əlaqədar  valideynlərin məsuliyyəti barədə qanunvericiliyə hər hansı bir dəyişiklik edilməsinin gündəmə belə gətirilməsindən çəkinirik:

“Təhsildən yayınma adi bir məsələ deyil. DİM sədrinin təbirincə desək “icbari təhsil başa çatdıqdan sonra IX sinfi bitirən məzunların 30-35 %-i təhsilini davam etdirmirlər. Onlar kolleclərə qəbul üçün sənəd vermirlər, peşə məktəblərinə isə cəmi 1-2 % şagird gedir. Ən yaxşı halda əmək fəaliyyətinə başlayır, ən pis halda isə işsiz olurlar, çünki peşələri də yoxdur”. Təkcə bir ildə təxminən, 90-100 min nəfər IX-nun 30-35 %-nin X sinfə keçməməsi nəticəsində ortaya  çıxan rəqəmi təsəvvür etmək o qədər də çətin deyil. Üstəlik məktəb yaşına çatmış uşaqların da məktəbə gec getməsi, rəsmi statistikaya görə, belə uşaqların məktəbə gələnlərin 10 faizini təşkil etməsi, bu uşaqlar arasında 8 – 10 yaşlıların olması problemin ciddiliyini bir qədər də artırır. Rəsmi qurumlar tərəfindən ayrı-ayrı illərdə ölkədə nə qədər uşağın təhsildən yayınması ilə bağlı müxtəlif fərqli statistik rəqəmlər açıqlansa da, müşahidələr onu göstərir ki, bu say heç də ürəkaçan olmayıb, bu barədə ciddi düşünmək üçün kifayət qədər yetərlidir”.

Nadir İsrafilov söyləyib ki, şagirdlərin məktəbdən yayınma halları  əsasən miqrasiya, ailənin sosial vəziyyəti və ailə büdcəsinin aşağı səviyyədə olması ilə, valideynlər tərəfindən uşaqların məcburi əmək fəaliyyətinə sövq olunması, erkən yaşda nikaha məcbur edilməsi, bəzi uşaqların sağlamlıq imkanlarınının itirilməsi, məktəb mühitinin deqradasiyası, repetitorluq institutunun intişar tapması və s. faktorlarla  izah olunub:

“Bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur. Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir. Təhsil nazirliyin mövqeyi isə belədir ki, bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa “şüur”un üzərində çalışmaq lazımdır. Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun müqəddəs konstutision hüququnun olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Ən başlıcası isə məktəblərdə tədrisin səviyyəsi qaldırılmalı, nizam-intizam möhkəmləndirilməlidir. Əlbəttə, bu sahədə nazirliyin mövqeyi başa düşüləndir. Bu təkcə təhsil məsələsi olmayıb bir sıra mədəni və mənəvi aspektlərə sıx bağlı bir məsələdir. İcbari təhsilə cəlb olunmanın nümunəvi əsasnaməyə görə, yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biri, həmçinin bir neçə dövlət qurumunun funksional işi hesab etməklə, nazirliyin bununla bağlı hər hansı təsir mexanizminə malik olmamasını, problemin həllində ictimaiyyətin, medianın roluna ümid bəslənməsini də başa düşmək o qədər də çətin deyil. Çünki şagirdlərin məktəbdən yayınması bir çox sosial, regional, mental, səbəblərlə izah olunur ki, bu da ümumilikdə öz kompleks həllini tapmalıdır”

Ekspert taleyüklü məsələnin həll olunmasında kimlərin nə dərəcədə məsuliyyət daşımasından asılı olmayaraq təhsildə dövlət siyasətinin həyata keçirilməsinə məsul olan ali icraedici dövlət qurumu kimi Təhsil Nazirliyinin əsas yükü öz üzərinə götürməli olduğunu vurğulayıb:

“Əlaqədar qurumlarla birlikdə rayonlar üzrə məktəblərdə mütəmadi olaraq monitorinqlər keçirməli, xüsusilə də, daha çox şagirdləri təhsildən yayınan rayonlara diqqət ayrılmalıdır. İlk növbədə icbari təhsildən yayınmanın metodologiyasını araşdırmalı, əlaqədar qürumların vəzifələri və məsuliyyəti barədə hökumət qarşısında konkret təkliflərlə çıxış etməlidir. Görünür məsələnin həlli istiqamətində təhsildən yayınma ilə əlaqədar valideynlərin məsuliyyəti barədə qanunvericilikdə dəyişiklik edilməlidir. Lakin elə bir dəyişiklik ki, bu 2015-ci ildə Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək, Azərbaycanda bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyninin 100 manat cərimə olunması barədə çıxardığı qərara oxşamasın”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları