Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 14:45:00
Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza 20 mindən çox dərslik göndərib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın ana dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir.

AzEdu.az   xəbər verir ki, nazirlik Gürcüstan məktəblərinin I-XI siniflərdə təhsil alan şagirdlərə 2018-2019-cu tədris ili üçün Azərbaycan dili və ədəbiyyatı kitablarını göndərib.

Dərsliklər sentyabrın 8-də Azərbaycanın Gürcüstandakı səfirliyi vasitəsilə bu ölkənin Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə təqdim olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşı Qüdsi Seyfulla jurnalistlərə bildirib ki, Gürcüstandakı soydaşlarımızın ana dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev də bu işə xüsusi diqqət göstərir. Dövlətimizin başçısının tapşırığına əsasən Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənir və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. 1994-cü ildən bu günədək Gürcüstanda I-XI siniflərdə təhsil alan soydaşlarımız üçün 550 minədək müxtəlif adda dərs vəsaiti göndərilib. Bu gün isə 24 min 127 ədəd kitab gətirmişik.

“Düşünürəm ki, bu kitablar soydaşlarımızın ana dili və ədəbiyyatımızı öyrənmələrində, mükəmməl təhsil almalarında mühüm rol oynayacaq”,- deyə Q.Seyfulla vurğulayıb.

Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin məktəbəqədər və ümumtəhsil departamentinin rəisi Mariam Çikobava deyib ki, iki ölkənin təhsil nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair protokola əsasən Azərbaycan tərəfi bizim ölkənin vətəndaşları olan azərbaycanlılar üçün müxtəlif dərslik və metodik vəsaitlər göndərir. Bu vəsaitlər bizim tərəfimizdən müvafiq qaydada Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə paylanacaq. Həmin sənədə əsasən Gürcüstan tərəfi də Azərbaycandakı gürcüdilli məktəbləri dərsliklərlə təmin edir.

Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.