Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-08 13:15:00
8 sentyabr Beynəlxalq Fizioterapiya Günüdür  

8 sentyabr Beynəlxalq Fizioterapiya Günüdür.

1951-ci ilin sentyabrında Kopenhagendə yaradılan Beynəlxalq Fizioterapiya Konfederasiyası dünya əhalisi arasında sağlamlığın qorunması və qayğısına qalınması haqqında məlumatlılıq səviyyəsini artırmaq məqsədi daşıyırdı.

AzEdu.az xəbər verir ki, bu gün insanlara sağlam, azad və gümrah qalmaqda fizioterapiyanın əhəmiyyətli rolu olduğunu xatırladır.

Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir. Ona görə də sağlamlıqla bağlı şikayət olmayanda da fizioterapevtə müraciət etmək mümkündür.

Fizioterapevtin əsas işi idman və digər zədələrin sağaldılması ilə əlaqədardır. Lakin, bu müalicə üsulu əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya dövrü, xroniki ağrılar, nevroloji və tənəffüs pozğunluqları kimi vəziyyətlərdə də kömək edir. Bundan əlavə fizioterapiya üsulları ürək-damar, şəkərli diabet və insult kimi bir sıra xəstəliklər və piylənmənin profilaktikası olaraq da tətbiq edilir.

Məhz fizioterapevtin əməyi sayəsində fiziki sağlamlığımızı möhkəmləndiririk.

“Sağlam bədəndə sağlam ruh olar”,-deyirlər.

Bu peşənin sahibləri qamət problemlərini həll etməyə, xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnmiş əzələləri tədricən bərpa etməyə, baş və sümük ağrılarının qarşısını almağa kömək edirlər.

Müasir dövrdə fizioterapevtlər tibbin əvəzolunmaz hissəsidir. Kompüter erasında yaşamağımız azhərəkətli həyat tərzinə səbəb olur. Oturaq iş və daimi stresslər əzələləri gecə-gündüz gərgin vəziyyətdə saxlayır. Zaman keçdikcə narahatlıq hissi və kəskin ağrılar yaranır. Fizioterapevtlər gərginliyi azaltmağa və orqanizmi xoşagəlməz xəstəliklərdən qorumağa kömək edirlər.