Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 14:40:00
Xaricdə oxumaq istəyənlərin nəzərinə - Bu ölkələrin vizaları almaq çox çətindir  

Xaricdə təhsil bir çox gəncin arzusudur. Gənclər ya təqaüd proqramları, ya da öz hesablarına xaricdə təhsil üçün universitetlərə müraciət edirlər.  Ölkə seçimində isə diqqət ediləsi bir çox məqamlar olur. Tələbənin istədiyi ixtisas üzrə yaxşı təhsil verən universitetin olması, proqram üzrə müəyyən şərtlər, ölkədə yaşam xərclərinin uyğunluğu  bura daxildir. Bəzən, hər hansı təqaüd proqramı üzrə qəbul olunsalar da, viza almaq problemə çevrilir. Müəyyən xaricdə təhsil şirkətləri xidmət zamanı viza alınmasında yardımı vurğulasa da, fərdi müraciət zamanı müraciətçinin özü  birbaşa səfirliyə getməli olur. Ona görə də son illər gənclər bu kriteriyaya da çox diqqət edir.

AzEdu.az ölkə seçimini rahatlaşdırmaq üçün hansı ölkələrə viza verilməsi zamanı problemlər yarandığını, həmçinin viza  məsələsində ən rahat  dövlətlər haqqında yazını təqdim edir:

Xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu AzEdu.az-a açıqlaması bildirib ki, xaricdə təhsil proseduru zamanı viza məsələsi çox az hallarda problem yaradır:

“Bəzən olur ki, xaricdə universitetə qəbul olan tələbələr viza almaqda çətinlik çəkirlər. Əslində, normal  şərtlərlə qəbul olan tələbələrdə bu problem çox vaxt yaşanmır. Bununla bağlı bəzi məsələləri diqqətinizə çatdırmaq istəyərdim. Təhsil dedikdə yalnız bakalavr, magistratura, doktorantura nəzərdə tutulmur. Məsələn, qısa kurslar, qeyri- formal təhsil proqramları da olur. İsveçrə səfirliyi bu cür proqramlarda viza verməkdə bəzi maeələr yaradır. Həmçinin, İtaliya səfirliyində də bürokratiya çoxdur, xüsusilə, təqaüdlü tələbələr  üçün çoxlu sənədlər tələb olunur.  Bəzi hallarda  kütləvi surətdə vizadan imtina olunur. Son zamanlarda  universitetə qəbul olunub  gedə bilməyən, viza məsələsində problem yaradan ölkələrdən bir də Avstriyadır. Burada məsələ səfirliklə bağlı olmur, tələbənin getdiyi şəhərin bələdiyyə orqanları tərəfindən vizaya  rədd cavabları gəlir. Bu da bank hesabları ilə əlaqədardır, bildirirlər ki, sizin bank hesabınızda olan pul ölkədədir, bura gəlib çıxmasında problemlər yaranır,amma bununla bağlı bir mexanizm də ortaya qoymurlar. Məsələn, Almaniya praktikasında belədir ki, bu ölkəyə qəbul olanlar Almaniya “Doyçe” bankına  8-10  min avro arasında illik xərclərini yatırmalıdırlar ki, ora gedəndə ehtiyaclarını qarşılaya bilsinlər. Söhbət təbii ki, Şengen ölkələrindən gedir, xüsusilə, İtaliya, İsveçrə viza verilməsində çətinlik yaradırlar. ABŞ, Kanada,İngiltərəyə qəbul olanlar rahatlıqla viza alırlar. Almaniyaya  müraciət edən tələbələr bilir ki, orada öz hesabına oxumaq istəyənlərdə  bank hesabına pul yatırıb, sonra istifadədə müəyyən çətinliklər olur. Ümid edirik ki, bu problemlər də aradan qalxar. Yaxşı olardı ki, Avropa Birliyi Azərbaycan üçün vizanı aradan qaldırsın, tələbələr və digər insanlar da rahat şəkildə Avropaya gedə bilsinlər, çünki Azərbaycanda artıq rifah halı yüksəkdir”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları dünyanın 62 ölkəsinə vizasız gedə bilərlər.