Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 12:23:00
“İşləmək xeyli gənc müəllim üçün xəyala çevrilib,  çünki MİQ-də …” – AzEdu.-azın ən yaxşı “onluq”undan ilk yazı  

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.

Mövzu ilə əlaqəli yazılan ilk məqalənin müəllifi İsmayıllı raton İstisu kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Məcid Musayevdir: 

“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sa-həsidir. Cəmiyyət təhsilsiz  inkişaf edə bilməz”. Bu sözlər Ümummilli lider Heydər Əliyevin təhsilin nə qədər vacib bir amil olduğunu  və təhsilə nə qədər böyük dəyər verdiyini göstərir. Doğurdan da, belədir. Xalq, cəmiyyət  tərəqqiyə  nail olmaq istəyirsə, öncəliklə ilk inkişafını təhsildən başlamalıdır. Bunun üçün isə təhsildə maddi-texniki bazanın yaxşı, müəllimlərin isə savadlı və bilikli olması çox önəmlidir. Burada təbii ki, güclü iradə də öz sözünü deyir.

Müstəqillik qazandıqdan sonra təhsilin, elmin, inkişafı bizlər üçün böyük bir töhfə oldu.  Açıq-aydın deyərdim ki, müstəqilliyimizin bizə qazandırdığı nemətlərdən birincisi və vacibi təhsilimizi sırf milli düşüncəmiz, mənəviyyatımız və milli dəyərlərimizə uyğun yenidən qurmağımız oldu. Qısa zaman çərçivəsində nailiyyətlər qazanmışıq və bunun üçün güclü iradə nümayiş etdirib, çox çalışmışıq. Bugün isə bunun bəhrəsini görürük.

Təhsil dövlətin ana sütunudur. Bu sütun o qədər möhkəm, dayanıqlı olmalıdır ki, daimi inkişafa zəmin yarada bilsin. Çünki dövlətin hər bir sahəsinin inkişafının başında təhsil dayanır. Bu məqamda son illərdə təhsil sahəsində qəbul olunan proqramların hər birinin uğurlu icrasını qeyd etmək  yerinə düşərdi.

Bunlardan biri də müəllimlərin işə qəbulu sahəsində qəbul olunan proqramlardır. On il bundan öncəyə nəzər salanda, bu sahədə müəyyən boşluqların olduğunu müşahidə edirdik. Bugün deyə bilərəm ki, bütün bunlar aradan qaldırılıb. Mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulunun həyata keçirilməsi, şəffaflıq, eynilə də, digər görülən əhəmiyyətli tədbirlər onların  öz sahələrində işləməsinə marağı artırıb. Bir yazımda müəllimlik peşəsinin böyüklüyündən söz açmışdım. Bunun davamı olaraq, sırf reallıqlardan danışmağı isə özümə borc bildim. Müəllim olmaq, bəlkə də asandır, ancaq bu ad ilə  ömrün sonuna kimi şərəflə yaşamaq isə heç də asan deyil.    

Müəllimlərin işə qəbulunun Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata  keçirilməsi kifayət qədər əhəmiyyətlidir.

Düzdür, ildən-ilə təkmilləşmələr bu sahədə özünü göstərir. Ancaq bir müəllim olaraq, düşünürəm ki, bunun özündə belə müəyyən dəyişikliklərin edilməsi bugün daha yaxşı olardı.

Müəllimlərin işə qəbulunun il ərzində iki dəfə-yay  və qış aylarında həyata keçirilməsi kadr çatışmazlığının aradan qaldırılmasına, boşluqların doldurulmasına gətirib çıxaracağına, eynilə də, müəllimlərin tez bir zamanda işlə təmin olunmasına əhəmiyyətli təsirini göstərəcək.

Müsabiqə mərhələsinin yalnız Bakıda deyil, respublikanın digər şəhərlərində keçirilməsi də düşünürəm ki, vacib məqamlardan biridir. Çünki saatlarla uzun yolu qət edib digər şəhər və rayonlardan Bakıya gəlmək, yorğun bir şəkildə imtahanlarda iştirak etmək o qədər də asan deyildir. Müəllimlərin işə qəbulunun digər şəhərlərdə keçirilməsinin bir yaxşı tərəfi də ondan ibarətdir ki, imtahanların keçirildiyi günlərdə Bakıda yaranacaq sıxlığın da arada qaldırılmasına köməklik göstərəcəkdir.

Həmçinin, müsahibə mərhələsinin elektron şəkildə internet üzərində həyata keçirilməsi dinamikliyin, şəffaflığın daha da  artırılmasına, zaman itkisinin  və müəllimlərdə müşahidə olunan stresin, gərginliyin, həyəcanın aradan qaldırılmasına gətirib çıxaracağına ümid edirəm.

Bu məsələdə vurğulanmasına ehtiyac duyulan bir məqam da var: məktəblərdə müəllimlərə ehtiyacın müəyyən olunması...

 Heç şübhəsiz, bu zaman da operativ şəkildə nazirlik əməkdaşlarının şəxsən gəlib, lazımı yerlərdə  müəllimə ehtiyac duyulan məktəbləri və həmin məktəblərdə gizlədilən saatları müəyyən etməsi, həmçinin,  işə qəbula təqdim olunmasına yaxında köməklik göstərmələri çox vacibdir. 

Çünki burada əziyyət çəkən yalnız  müəllimlər olur. Yerlərin məhdud olmasına görə məhz neçə-neçə savadlı, gənc müəllimlər işləmək arzusunu həyata keçirə bilmirlər və onlar üçün bu bir xəyal olur.

Vətənini sevən vətəndaş yetişdirmək müəllimin qarşısında duran ən böyük vəzifədir. Bu gün məhz belə müəllimlərə ehtiyac çox böyükdür. Əsl vətəndaş isə vətənini hər an qorumağı, hər an onun üçün fədakarlıqlar etməyi bacaran insanlardır. Sözün həqiqi mənasında bir daha vurğulamaq istəyirəm ki, əsl vətəndaş amilini formalaşdıran insan müəllimdir.

“Bu vətənin sadə vətəndaşı olmaq böyük bir ad, fəxarətdir. Bu addan da böyük bir ad isə müəllimlikdir və həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda  qəhrəmanlıq göstərən insanlardır”. Ümummilli lider Heydər Əliyevin müəllimə və müəllimlik sənətinə verdiyi bu böyük, sonsuz dəyər bu gün də biz müəllimlərin qürur yeridir.