Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 14:29:00
Gənclərin xarici ölkələrin ali məktəblərində təhsili hansı tələblər əsasında maliyyələşdiriləcək?  

Azərbaycan Gənclər Fondu tərəfindən gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi qaydaları açıqlanıb.

AzEdu.az-ın  məlumatına görə, Prezident İlham Əliyevin 2018-ci il 29 avqust fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakı üçün maliyyə vəsaitinin ayrılmasını Fond aşağıdakı tələbləri nəzərə almaqla həyata keçirir:

- Fond ölkənin ixtisas və təhsil proqramları üzrə ehtiyaclarına uyğun olaraq, müvafiq təhsil ili üçün aktual elan edilmiş ixtisasların, elmi dərəcələrin və xarici ali təhsil müəssisələrinin, habelə təcrübə keçmək üçün beynəlxalq təşkilatların siyahısını hazırlayır və özünün rəsmi internet saytında yerləşdirir;

- Fond yalnız bu Qaydanın 9.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahıda olan ixtisasları, elmi dərəcə və ali təhsil müəssisələrini seçmiş gənclərin təhsil prosesini, habelə təcrübə keçmək üçün həmin siyahıda olan beynəlxalq təşkilatları seçmiş gənclərin təcrübə proqramlarında iştirakını maliyyələşdirir;

- Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsili müddətində təhsil haqqını, onlara ödəniləcək təqaüdü, onların viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir;

- Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsil haqqını illik əsaslarla birbaşa xarici ali təhsil müəssisəsinə ödəyir;

- Fond növbəti tədris ili üçün ödənişi xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədin cari tədris ilini müvəffəqiyyətlə başa vurması barədə təsdiqləyici sənədləri təqdim edildikdən sonra həyata keçirir;

- Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədə ödəniləcək təqaüdü (bir il müddətinədək), habelə onun viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir;

- Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq və ya beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədin təqaüdünü müvəkkil bank vasitəsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə uyğun aylıq və ya rüblük olaraq, təhsil alan və ya təcrübə keçən şəxsin bank hesabına köçürür;

 - Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün hər bir namizədə təqvim ili ərzində yalnız bir dəfə maliyyə vəsaiti ayırır.

Aşağıdakı hallarda Fond gənclərin təhsil prosesinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi məqsədilə ayırdığı vəsaitin qaytarılmasını tələb etmək hüququna malikdir:

1. təhsil alan şəxs üzrlü səbəb olmadan ali təhsil müəssisəsindən xaric edildikdə və ya beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxs üzrlü səbəb olmadan təcrübə proqramından kənarlaşdırıldıqda;

2. təhsil alan şəxs qəbul olunduğu ixtisası üzrlü səbəb olmadan dəyişdikdə;

3. təhsil alan və ya beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

4. təhsil alan və ya beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxslər onlara ödənilən təqaüddən istifadəyə dair maliyyə hesabatlarını Şuranın müəyyən etdiyi müddət ərzində Fonda təqdim etmədikdə.

Fondun xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək üçün müraciət edən gənclərin seçiminə Azərbaycan Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların nümayəndələrini dəvət etmək hüququ var.

Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək üçün müraciət edilməsi və müraciətlərə baxılma, habelə təqdim olunacaq sənədlərin dairəsi Şuranın təsdiq etdiyi qayda ilə tənzimlənir.