Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 09:56:19
700 bal toplayan “robot mütəxəssisi” – “Tolstoyu cəfəngiyyat adlandıra bilmərəm, hərənin öz oxucusu var”

Xalidə Əliyeva: “Süni intellekt insan beynini heç vaxt mat edə bilməz”

 Xalidə Əliyeva 2000-ci ilin 6 yanvarında Lənkəran şəhərində anadan olub. 2006-cı ildən Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. Xalidə Əliyeva 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq, Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunub.

AzEdu.az Xalidə Əliyeva ilə geniş müsahibəni təqdim edir.

- Xalidə, sadə dildə desək, Proseslərin Avtomatlaşdırılması mühəndisliyi deyəndə nə nəzərdə tutulur?

- Proseslərin avtomatlaşdırılması daha çox insan faktorunu texnologiyanın vasitəsi və robotların köməyilə aradan qaldırmaqla məşğuldur. İnsan faktoru olan yerdə mütləq səhvlər özünü göstərir. Proseslərin avtomatlaşdırılması sahəsi biliyə, sistemin idarə olunmasına əsaslanan bir sahədir. Hər gün eyni bir məhsuldan minlərlə, milyonlarla istehsal olunur. Bu məhsulların tamamilə eyni olması üçün isə zavodlarda çoxlu sayda müxtəlif avtomatlaşdırılmış cihazlar var. Həmin bu cihazlar minimum insan əməyi ilə o qədər məhsulu eyni forma və ölçüdə hazırlayır. Onları belə proqramlaşdıranlar, işlərinə nəzarət edənlər isə avtomatika mühəndisləridir.

- İnsan faktorunun aradan qaldırılmasının üstünlükləri hər kəsə məlumdur. Bəs bu, gələcəkdə nə kimi problemlər yarada bilər?

- İnsan faktorunun aradan qaldırılmasının yaxın gələcəkdə reallaşacağını düşünmürəm. Böyük ehtimalla,  bunu görməyəcəyik. Gələcəkdə isə insan faktoru aradan qaldırılarsa, işsizlik problemləri və işsizlərin sayı arta bilər.

- Təhsil aldığınız sahə üzrə gələcəkdə nələr etməyi düşünürsünüz?

- Tək bu sahədə deyil, dünyada qlobal istiləşmə və digər ciddi məsələlərlə bağlı bir sıra problemlər var. Bu sahələr üzrə addımlar atmaq istəyirəm. Ölkəni təmsil etmək planlarım arasındadır. Demək olar ki, hər sahədə həvəsliyəm. Təhsil sistemiylə bağlı da düşüncələrim var və hər şey barədə fikir yürütməyə çalışıram.

- Yeri gəlmişkən, Azərbaycan təhsil sistemində nələri dəyişmək istərdiniz?

- Uşaq vaxtından ancaq əzbərləməklə məşğul oluruq. I sinifdən ingilis dili keçiriksə, ingilislərdən də yaxşı danışmalıyıq. Reallıq isə tamam başqadır. Hazırki şəraitdə uşaqlar qrammatikaya daha çox önəm verirlər, amma ünsiyyət  zamanı heç nə danışa bilmirlər. Məncə, biz səhv istiqamətə yönəlirik. Rəqabət apara biləcəyimiz ölkələrdə xarici dillər tədris olunmur, amma bizdə keçirilir. Bu üstünlükdən faydalanmaq lazımdır. 

- Cəmiyyət, xüsusilə də mütəxəssislərin  əksəriyyəti  700 bal toplayaraq qəhrəman kimi yanaşılmasının əleyhinədir. Bəs, siz ötən il maksimum nəticə göstərən bir gənc kimi 700 bal toplamağı fitri-istedad hesab edirsinizmi?

- 700 bal toplayan gənclərə insanlarla bağlı başqalarının fikirləri hər zaman iki yerə ayrılır:  Bir tərəf onları fitri-istedad adlandıraraq çox şişirdir, digər tərəf isə deyir ki, bu adi bir işdir. Mən heç biri ilə razı deyiləm. 700 bal toplamaq üçün fitri-istedad tələb olunmur. Bu balı hər kəs toplaya bilər. Sadəcə, bir az çalışmaq lazımdır. 670-dən yuxarı bal toplayıb 700 bal toplaya bilməyən abituriyentlər olur. Onlardan soruşanda səhvlərinin diqqətsizlik  ucbatından olduğunu etiraf edirlər. Məncə, önəmli olan faktor diqqəti qorumaq, lazım olan anda soyuqqanlı davranmağı bacarmaqdır. İnsan bir şeyi çox istəyirsə, önəmli anlarda soyuqqanlı ola bilər.

Digər tərəf isə deyir ki, maksimum nəticə çox asan məsələdir. Belə ifadəylə ortadakı əziyyəti  heçə sayırlar. Tələbə olandan sonra başa düşdüm ki, əsas olan 700 bal toplamaq  deyil, özünü inkişaf etdirməyə çalışmaq imiş. Özünü inkişaf  etdirdikcə uğur sənin arxanca qaçacaq.

-Xalidə, intihar edən abituriyentlərlə bağlı 700 bal toplayan digər tələbə Arzu Məmmədzadənin fikirlərini yəqin, oxumusunuz. Arzu qeyd edirdi ki, abituriyentlərin intihar etməsinin bir səbəbi də medianın 700 bal toplayanları hədsiz reklam etməsidir...

-Bəli, oxumuşam. Amma bu cür düşünmürəm. Ümumiyyətlə, insanların intihar etməsində  medianın heç bir günahı ola bilməz. Bu işdə valideynlər uşaqlıqdan çox böyük rol oynayırlar. Valideyn uşağa başa salmalıdır ki, tələbə ola bilmədinsə, bu, dünyanın sonu deyil. Biz uşaqlıqdan musiqi, təsviri incəsənət dərsləri keçirik. Çox təəssüf  ki, məktəblərdə bu dərslərə çox soyuq yanaşılır. Əksinə, müəllimlər məhz bu dərslərdə uşaqları  kəşf etməlidirlər. İntihar edən uşaqları qınamaq olmaz. Onları valideynlər, müəllimlər  yönləndirməlidirlər. 300-dən aşağı bal toplayıb, gözəl rəsm qabiliyyəti olan insan tanıyıram. Halbuki, üstünə düşsə, dünyaca məşhur  rəssam belə ola bilər. Başa düşmək lazımdır ki, bal toplamaq, universitetə daxil olmaq önəmli deyil. Həvəsi ola hər kəs bu balı toplaya bilər. 700 bal toplamaq üçünsə, əzbərləmək yox, mənimsəmək lazımdır. Əzbərçiliklə yalnız 500-dən  yuxarı bal toplamaq mümkündür. Yəni, intihar məsələlərində mediada heç bir səhv görmürəm.  Övlada valideyn, müəllim düzgün yol göstərməlidir ki, həyatda hər şey bal toplamaqla və universitetə daxil olmaqla ölçülmür. Universitet oxumayıb işinin peşəkarı olan o qədər insan var ki..

- Həqiqət budur ki, kolleclərdə keçirilən dərslərin keyfiyyəti o qədər ürəkaçan deyil. Bəs kollecdə təhsil alaraq həmin ixtisasın mütəxəssisi olmaq nə dərəcədə realdır?

- İnsan istəsə, kollecə daxil olmadan belə istədiyi ixtisasa yiyələnə və işinin peşəkarı ola bilər.

- Xalidə, 4 il həm də şahmatla məşğul olmusunuz...

- ...Bəli, qardaşım şahmat məktəbinə yazılmışdı. Baxmayaraq ki, məndən kiçikdir, mənə şahmatı o, öyrədib. Özü məşq edirdi deyə tək oynamaq istəmirdi. Beləliklə, məndə o həvəs qardaşımın köməyi ilə yarandı.

-Elmi məqalələrin birində qeyd olunub ki, şahmat zəka yox, düzgün strategiya oyunudur...

-Düzgün strategiya daha önəmlidir, amma düzgün strategiyanı qurmaq üçün də zəka lazımdır. Zəka hər kəsdə ola bilər. Amma ondan düzgün istifadə etmədikdən sonra əhəmiyyəti yoxdur.

- Bəs, şahmatda düzgün strategiya necə qurulmalıdır?

-Çox güclü şahmatçıların hərəsinin özlərinə məxsus oyunları var. Qarşındakı güclü və ya sənə bərabər rəqibdirsə, strategiyanı oyuna görə qurursan. Biri var, oyuna başlamazdan öncə hər şeyi planlaşdırdırmaq, biri də var sənin həmlələrini əvvəlcədən başa düşən güclü rəqiblə oyunun gedişinə uyğun strategiya qurmaq.

- Bugünə qədər təxminən, neçə rəqibi mat etmisiniz?

- Uşaq vaxtı məktəblərarası yarışlara qatılırdım. Bugünədək 30-a qədər yarışçını mat etmişəm. Bəzən qardaşımı da mat edirdim. Amma heç-heçələrin sayı da çox olurdu. Universitetə  hazırlıq  dönəmində  şahmat oynamağa fasilə verdim. Demək olar ki, 8-ci sinifdən bəri oynamıram.

- Sizcə, nə zamansa süni intellekt insan beynini mat edə biləcək?

-Süni intellekt insan beynini heç vaxt üstələyə bilməz. Çünki suni intellekti də biz- insan beyni yaradır. Onları yaradan biziksə, bizdən üstün olmaları mümkün deyil. Kalkulyator bizim hesablaya bilməyəcəyimiz şeyləri saniyələr içində hesablayır. Hansı ki çətin əməliyyatları hesablaması üçün onu insan proqramlaşdırıb.

-Xalidə, I ixtisas qrupuna hazırlaşmağınıza və texniki yönümlü ixtisas üzrə təhsil almağınıza baxmayaraq ədəbiyyata marağınız böyükdür. Bu marağın səbəbi nədir?

-İxtisas qrupundan asılı olmayaraq, bütün insanlar kitab oxumalıdırlar. Kitab oxumaq düşüncə, təsəvvür gücünü artırır. Çox vaxt kitablarla filmləri qarşılaşdırsalar da, hərəsinin öz yeri var. Filmlərə baxdığınız zaman rəngli kadrlar, hərəkət edən səhnələr görürsünüz. Kitabları oxuduğunuz zaman isə təsəvvür gücünüz inkişaf edir. Kitab oxumaq “Mən”ini kəşf etmək və hansısa obrazın yerinə özünü qoymaqdır.

- Kafkanın məşhur ifadəsi var: “Əgər oxuduğumuz  kitab başımıza vurulan zərbə kimi bizi sarsıtmırsa, ona niyə zaman sərf edək?”…  Bəs,  sizi hansı əsər bu qədər sarsıdıb?

- Məni ən çox Xalid Hüseyninin “Çərpələng uçuran” və Etel Lilian Voyniçin “Ovod” əsəri bu qədər sarsıdıb. “Ovod” əsərində əvvəllər dinə inamı çox güclü olan gənc sonradan ateistə çevrilir. Onun atası isə rahib olur. Onların arasında həm güclü sevgi, həm də fikir ayrılığı var. Çox möhtəşəm kitabdır. Məni ağladan əsərlərdən digəri də məhz  “Çərpələng uçuran” olub.

- “Çərpələng uçuran”da hansı hissəni daha çox  bəyənmisiniz?

- Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur”. Bu hissəni çox bəyənirəm və bu cür də düşünürəm. Əsər məni hələ 17-ci səhifəsindən ağlatmağı bacarmışdı. Həsən anasız böyüyüb və ana haqqında olan məsələlərə qarşı çox həssasam. Digər məsələ isə dostluq hissinin təsviridir. “Səndən ötrü min yol”  adlı hissə  məni darmadağın etmişdi. Xalid Hüseyninin “Min Möhtəşəm Günəş” və “Və dağlardan səda gəldi” əsərlərini də oxumuşam. Bəyənmə ardıcıllığım da elə bu sırayladır.

-Sizcə, “Çərpələng uçuran”da təsvir olunan dostluq, varlı-kasıb münasibəti real həyatla adekvatdır? Həyatda  da belə dostluq mümkündürmü?

-Bu əsəri ən çox buna görə bəyənirəm. Fantastikanı o qədər  sevən biri deyiləm. Filmlərə də baxdığım zaman yalnız elmi fantastikalara baxıram. Kitab seçimlərim isə real həyatla üst-üstə düşənlər olur. Məncə, bu dostluq real həyatla da adekvatdır.

-Əsərin sonunda əsas mənfi obraz olan və Həsənə olmazsın pisliklər edən  Əmirə haqq qazandıra, belə deyək, onu bağışlaya bildinizmi?

-Əslində bağışlaya bildim. Çünki sonda Həsənin oğluna yardım edir. Bir tərəfdən də mən olsaydım, başqa cür edərdim deyə düşündüm. Nəticədə hər insanın səhvi olur. Önəmli olan səhvi başa düşməkdir. Əmir səhvini başa düşmüşdü.

-Bəs Əmirin ən böyük səhvi nə idi?

-Qorxaqlıq...
- Xalidə, ədəbiyyat üzrə Nobel mükafatçısı Knut Hamsun Lev Tolstoyun, Dostoyevskinin və digər tanınmış yazıçıların əsərlərini cəfəngiyat adlandıraraq qeyd edir ki, gözlərdən uzaqda olan və yetəri qədər dəyər görməyən yazıçılar daha əzəmətlidirlər…

- …Tolstoyun “Anna Karenina” əsərini oxumuşam. Yazıçı haqqında fikir yürütmək üçün onun bir çox əsərlərini oxumalısan. Mən əsəri bəyənmişdim, hətta filminə də baxmışam. Tolstoyu cəfəngiyyat adlandıra bilmərəm. Hər yazıçının öz oxucu kütləsi mütləq var.

- Kitabların və filmlərin insan həyatında böyük təsiri var. Amma peşəkarlıqla çəkilən serialların da insanın şüuraltına və şəxsiyyətinə birbaşa təsiri danılmazdır. Hansısa xarici serial sizdə bu təəssüratların yaranmasına səbəb olubmu?

-Filmlərə baxıram, seriallara baxmağa isə o qədər də səbrim çatmır. Seriallar çox vaxt aparır və baxdıqca baxmaq istəyirsən. Amma bu yay ərzində “Prison break”ın (Həbsxanadan qaçış)  3 sezonunu bitirdim. Uşaq vaxtı bu seriala atamla bir yerdə baxardıq. Rus dilində başa düşməsəm də  böyük maraqla izləyirdim.

- Fantastik filmləri sevmədiyinizi qeyd etdiniz. Sizcə, bu serialda baş verənlər fantastik deyil?

-Fantastikdir, amma ordakı zəka oyunları məni həqiqətən cəlb edir. Birinci sezonu çox bəyənmişdim. Ümumiyyətlə, aksiyon, macəra filmlərini çox sevirəm.

-Xalidə, səmimi cavab verməyinizi xahiş edəcəm. Serialın əsas obrazlarından biri olan Saraya haqq qazandırmısınızmı?

- Bəli, haqq qazandırmışam. Sara necə hiss edibsə, o yolda da addımlayıb. Bu bütün insanlara aiddir. Hiss etdiyin kimi hərəkət etməlisən, sənə deyilən kimi yox. Müsahibələrdə və ya ətrafımda məndən soruşurlar ki, dərslərinə gündə neçə saat vaxt ayırmısan. Məndən və kimdənsə bunu soruşmaq doğru deyil. Sırf mən 5 saat oxuyub 700 toplamışam deyə, sən də 5 saat oxumağa məcbur deyilsən. Doğru bildiyiniz və hiss etdiyiniz kimi addımlamaq lazımdır.

Yeri gəlmişkən, “Prison break” (Həbsxanadan qaçış) serialının əsas sujet xətti günahsız yerə edama məhkum edilən Linkoln Burrovsun, qardaşı Maykl tərəfindən həbsxanadan qaçırılması üzərində qurulub. Maykl böyük qardaşını həbsdən qurtarmaq üçün saxta bir cinayət işləyib böyük qardaşıyla eyni həbsxanaya girir. Həbsxana Çikaqoda yerləşən Fox River əyalət həbsxanasıdır. Maykl eyni zamanda tikinti mühəndisidir. Serialda zəkasıyla diqqət çəkən Maykl həbsxananın planını bədəninə gizli bir şifrə ilə dövmə edir. Və bu dövmələr sayəsində problemlər yaşasa da planlarını reallaşdırıb böyük qardaşı və 6 başqa məhbus ilə həbsxanadan qaçır.

Onlara qaçmaq üçün kömək edən isə öncədən pis vərdişləri olan və özü kimi insanlara kömək etmək məqsədiylə həbsxanada həkim olaraq çalışan qubernatorun qızı Sara olur. Sara Mayklı sevdiyi və Linkoln Burrovsun  günahsız olduğuna inandığı üçün atasının vəzifəsini heçə sayaraq məhbuslara qaçmaqda kömək edir. Saranın atası evində kəndirdən asılı vəziyyətdə tapılır və bu onun sevgisinə görə gələcəkdə başına gələcəklərin başlanğıcı olur.

- Günümüzdə bir çox tələbəni düşündürən ciddi bir sual var: Sizcə, iki xarici dil bilmək daha önəmlidir, yoxsa magistratura təhsili almaq?

-Məncə, xarici dil bilmək daha önəmlidir. Magistratura üzrə təhsil almaqın keyfiyyəti  ixtisasdan ixtisasa dəyişə bilər. Amma xarici dil bilməyə çox üstünlük verirəm və hazırda rus dilini öyrənirəm. II semestrdan alman dilinə  də başlamaq istəyirəm. Dil bilmək insana hər yerdə qapı açır. Ən önəmlisi isə insanları başa düşə bilirsən.

- Bəs,  ixtisaslaşmaq üçün magistratura əsas deyil?

-Magistratura oxumaq bakalavrda təhsil aldığınız ixtisasdan asılıdır. İxtisas fənlərini az keçmişəm deyə bu haqda o qədər də məlumatım yoxdur. Gələcəkdə oxuyub-oxumayacağıma qərar verməmişəm.Əlbəttə, magistratura təhsili ixtisaslaşmaq üçün yaxşıdır. Amma xarici dil bilməyin daha çox üstünlüyü var. Məncə, hər ikisi də olmalıdır.

-Xalidə, informasiyanı hardan əldə edirsiniz?

- Daha çox Facebook sosial şəbəkəsindən, statuslarda əldə edirəm. Gediş haqqının 30 qəpiyə qaldırımasını belə ətrafdan öyrənmişəm. Daha çox astronomiyaya həvəsim olduğu üçün kosmonavtları izləyirəm. Bunla bağlı filmlərə baxıram. “The Martian”, “İnception”, “Gravity”, xüsusilə də“İnterstellar” filminə dəfələrlə baxmışam.

- Sonda, ingilis dilini öyrənmək istəyənlərə nəyi məsləhət görərdiniz?

-İngilis dilini əvvəlcə, türk dilinə tərcüməylə, daha sonra ingilis dilində altyazı ilə, sonra isə tamamilə ingilis dilində filmlərə baxmaqla öyrənmək olar. Ən çox ingiliscə mahnılar dinləyirəm. Evdə olanda təkbaşına bu mahnıları ifa edə də bilərsiniz. Bu nitqin inkişafı üçün yaxşıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları
Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57