Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-13 08:58:22
“Bizdə təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir” - Ekspertlərdən etiraz

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”da dəyişikliklər edib.

Dəyişikliyə əsasən, ali təhsilin magistratura səviyyəsi üzrə “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”,  “Əqli mülkiyyət hüququ”, “ Əmək hüququ:  təminat hüququ”, “İdman hüququ” və “Turizm hüququ” ixtisasları yaradılıb.

Eyni zamanda  “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində “Musiqi texnologiyaları”,  “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində “Davamlı inkişafın siyasi idarə edilməsi”, “Davamlı inkişafda insan potensialı”, “Davamlı inkişafın planlaşdırılması”, “Davamlı insan inkişafı” və “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi”, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” ixtisasları yaradılıb.

Magistratura və bakalavr pilləsində artırılan ixtisasların təhsilin inkişafına, tələbələrə nə qazandırdığını və hansı dəyişikliklərə səbəb olacağını aydınlaşdırmağa çalışdıq.

AzEDU.az-ın toxunduğu məsələ ilə bağlı ekspertlər bildirirlər ki, həm ölkə daxilində, həm də xaricdə təhsil almaq istəyən gənclərimiz daha çox iqtisadiyyat, biznes, idarəetmə kimi ixtisaslara maraq göstərirlər. Bu da digər sahələrdə geriləməyə və həmin sahələrin daha zəif inkişaf etməsinə gətirib çıxarır. Bu istiqamətlərə gələcəkdə diqqət ayrılsa belə, ixtisaslaşan kadrlar azlıq təşkil edəcək. Bu yenə də bəzi sahələrin inkişafını ləngidəcək.

Son vaxtlar ölkə iqtisadiyyatında kənd təsərrüfatı, şərabçılıq, pambıqçılıq kimi sahələrin inkişafına dəstək göstərilir. Bəs, bu sahələrin inkişafı üçün kifayət qədər gənc kadrlarımız varmı?

Həmçinin, gənclərin marağını digər sahələrə yönləndirmək üçün hansı tədbirlərin görülməsi lazımdır?

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, son illərin qəbul imtahanlarının nəticələri əsasında deyə bilərəm ki, müəllimlik, menecment, iqtisadiyyat, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, sənayenin təşkili və idarə olunması, müalicə işi, kompüter elmləri, biznesin idarə olunması, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı və digər ixtisaslara tələbat daha çoxdur:

kamran.jpg

“İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır və təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir. Halbuki, qərbdə artıq gələcəyin peşələrini müəyyənləşdirirlər və bu istiqamətdə kadrların hazırlanması üzrə hazırlıqlara başlayırlar. Kiçik araşdırmadan sonra əldə etdim ki, gələcəyin proqramlaşdırılması ilə məşğul olan Amerika şirkəti “Sparks&Honey” gələcəkdə indi olmayan bəzi peşələrin həddindən artıq populyar olacağını vurğulayır”.

Ekspertin sözlərinə görə, Amerika şirkəti belə peşələrdən birinin mikroflora üzrə mütəxəssis olacağını vurğulayırlar. Mikrofloraçılar müştərilər üçün xarici və daxili mikroflora tərkibləri müəyyən edəcəklər, həmçinin dayanıqlı sağlam ekosistem formalaşması üçün tövsiyələr verəcəklər. Yaxud iş yerlərində rəqəmsal kuratorlar tələb olunacaq. Onlar işçilərə fərdi və iş ehtiyacları üçün unikal informasiya resursları və əlavələri təqdim edəcəklər. Şəhərlərdə isə kiçik bağçalarda, qeyri-adi yerlərdə, məsələn, evlərin damında, qazonlarda və s. əkinçiliklə məşğul olmaq sahəsində məsləhətlər verən mikro-ferma mütəxəssisləri peyda olacaq.

“Azərbaycanda isə bu peşələrə uyğun olan ekoloq və İT mühəndisi ixtisaslarına həvəs azdır, mikro-ferma ixtisasına uyğun gələn gen mühəndisliyi sahəsində isə mütəxəssis, ümumiyyətlə, yoxdur. Bu səbəbdəndir ki, geni dəyişdirilmiş malların kütləvi axını barədə on illərlə həyəcan çalınan ölkədə bu məhsulların aşkar edilməsi üzrə heç bir laboratoriya araşdırması aparılmır”.

K.Əsədov bildirib ki, problemin kökündə dayanan ikinci əsas səbəb, Azərbaycan ali məktəblərinin, xüsusilə də, yeni açılmış özəl ali məktəblərin günün tələbinə uyğunlaşa bilməməsidir. Bir ara yeni açılan ali məktəblərdə sovet dövrünün dəbdə olan bütün ixtisasları - tibb, beynəlxalq iqtisadiyyat, hüquq, avtomobil nəqliyyatının təşkili olsa da, əksər yeni ali məktəblərin bu ixtisas üzrə kadr yetişdirmək üçün bazası yox idi. Bunun nəticəsidir ki, hazırda minlərlə hüquqşünas, əczaçı, sanitar, iqtisadçı, nəqliyyatçı işsizdir və ya qeyri-ixtisas sahələrində çalışırlar.

“Düzdür, son illərdə Azərbaycan toplumunda ixtisas seçimi ilə bağlı dəyişikliklər baş verib. Qeyd etmək istəyirəm ki, bir vaxt dəbdə olmayan bəzi ixtisaslara girmək üçün indi çox yüksək nəticə göstərmək lazımdır. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. İndi isə yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Əvvəllər bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar”.

Ekspert əlavə edib ki, ixtisaslar müəyyən olunanda bır sıra mühüm amillər və əmək bazarı mütləq nəzərə alınmalıdır: “Belə ki, Gəncə-Qazax, Qarabağ və Şirvan bölgəsi üçün regiona uyğun olaraq xalçaçılıq , Şəki-İsmayıllı üçün ipəkçilik mütəxəssisləri yetişdirmək lazımdır.

Düşünürəm ki, bu sahələr üzrə yetişdirilmiş gənc kadrlar bölgələrin iqtisadiyyatına böyük töhfələr verərlər. Nəyə görə hüquqşünas, diplomat nüfuzlu ixtisas olmalıdır, zootexnik, baytar nüfuzsuz? Axı niyə biz meyvə bağlarımıza aqrotexniki xidmət göstərilməsi sirlərinə yiyələnmək üçün Hollandiya və ya başqa bir ölkədən mütəxəssis cəlb etməliyik? Məgər, bizə zootexnik, baytar, aqronom lazım deyil? Nə vaxta qədər neftdən, qazdan asılı qalmalıyıq? Nəyə görə adi bir şeyi düzəltmək üçün hər dəfə pullar tökərək xaricdən mütəxəssis çağırmalıyıq? Hesab edirəm ki, iqtisadiyyatımızın dinamik inkişafı, sosial ədalət və rifah naminə bütün ixtisaslara və peşələrə eyni gözlə baxmalıyıq.

Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə alqoritmlər və robotlar insanların bütün peşələrini əllərindən alacaq. Azərbaycan ali təhsil müəssisələri bu istiqamətdə kadr hazırlığı həyata keçirilməlidir”.

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Əmir Əliyev dəyişikliklərlə bağlı bildirib ki, əlavə olunan ixtisaslar ayrı-ayrı hüquq sahələridir və bunlar bu gün cəmiyyətə çox zəruridir: “Hazırda elə sahələr formalaşıb ki, onların hüquqi tənzimlənməsinə böyük ehtiyac var. Ən böyük ehtiyaclardan biri, bu gün “Tibbi hüquq” sahəsidir. Konstitusiyanın 41-ci maddəsində sağlamlığın qorunması ilə bağlı məsələ əks olunub, ancaq onun hüquqi tənzimlənməsi yoxdur. Həkim-pasiyent münasibətlərinin hüquqi tənzimlənməsi ilə bağlı kadr hazırlığına böyük ehtiyac var”.

IMG_0203_2.JPG

Onun sözlərinə görə, “İdman hüququ” bu gün çox aktual sahədir. Dünyanın əksər ölkələrində bununla bağlı kadr hazırlığına artıq başlanılıb: “Azərbaycan idman mərkəzidir. Cənab prezidentin rəhbərliyi ilə ayrı-ayrı sahələrdə, Azərbaycanda böyük olimpiadalar təşkil olunur. Bunların hüquqi tənzimlənməsi lazımdır. Beynəlxalq məsələlər üzrə məhkəmə işi olanda problemi həll etmək üçün bu sahədə ixtisaslaşan hüquqşünas olmalıdır”.

Ə.Əliyev bildirib ki, Azərbaycan dəniz ölkəsi olsa da, bu sahədə hüquqşünas yoxdur: “4 il əvvəl Amerikanın Tümen universiteti ilə memorandum imzaladıq. Bu universitet bizə kadr hazırlığında çox kömək etdi. Azərbaycan dəniz hüququ sahəsində artıq iki ildir mütəxəssis hazırlayır.  Digər əlavə “Turizm hüququ” dur. İndiki dövrə görə bu sahənin aktuallığını deməyə ehtiyac yoxdur. Xarici vətəndaşlar ölkəyə gələndə, həmin ölkənin qanunvericiliyi, hüquqi təminatı, hüquqşünaslarına fikir verirlər. Əqli mülkiyyət hüququna gəlincə, bu gün müəllif hüquqları ilə bağlı məsələlər olur. Dünyanın hər yerində bu ixtisaslar var. Dünya ölkələrinin inkişaf etmiş praktikasını götürmüşük. Bunu Azərbaycanda tətbiq etmək istəyirik”.

Hazırda 6 ixtisas üzrə kadrların hazırlanmasına başlanılıb. Gələcəkdə bir-iki sahə üzrə ixtisasların da əlavə ediləcəyini bildirən ekspert deyib ki, ixtisasların əlavəsiylə iş bitmir. Kadr hazırlamaq üçün pedaqoji kollektiv yığılmalıdır: “Tələbələr hazırdırlar. Biz gərək, tədris prosesini quraq. Tədris prosesini qurmaq çətin prosesdir. Təcrübəmiz var. 2011-ci ildən 6 ixtisas açdıq və onu qurduq. Almaniya, ABŞ universitetləri bizə dəstək verdi. Gələcəkdə “Vergi hüququ” mütləq olmalıdır. Bir də “Beynəlxalq –iqtisadi hüquq” lazımdır. Milli kadrlara ehtiyac var, xarici yox”.

Əmir Əliyev sonda onu da əlavə edib ki, bakalavr pilləsində isə dəyişikliyə ehtiyac yoxdu.

Əsmər Qabil