Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 10:20:00
Cümhuriyyət təhsili ilə bağlı TARİXİ FOTO – İlk türk məktəbi

 

Azərbaycan Cümhuriyyətinin mövcud olduğu qısa zaman kəsimində gördüyü mühüm işlərdən biri də  universitetin açılması oldu.

Azərbaycan Dövlət Universitetinin yaradılması Şərq təhsil sistemində həqiqətən də bir hadisə oldu. ADR aydınları universiteti yaratmaqdan ötrü bir çox çətinliklərə sinə gərəsi oldular. Bəzən, Cümhuriyyətin parlamentində gedən müzakirələrdə deputatlar bir-birilə mübahisə etməkdən çəkinmir, universitetin açılmasını məqbul bilmirdilər. Lakin həqiqət ən sonda qalib gəldi.  1919-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) əsası qoyuldu.

AzEdu.az xəbər verir ki,  Cümhuriyyətin təhsil sahəsində həyata keçirdiyi ən vacib məsələlərdən biri də Gəncədə açılan məktəb olub. Oranın özəlliyi ilk türk məktəbi olmasında olub.

AXC-nın Əks Kəşfiyyatla Mübarizə İdarəsinin rəisi Nağı bəy Şeyxzamanlının xatirələrində oxuyuruq:

"Yeni qurulmuş cümhuriyyətimizin höküməti ilə xalqımız durmadan birlikdə çalışırdılar. Dövlət büdcəsinin ən çox pul ayırımı Maarif (Təhsil) nazirliliyinə aid idi. İlk, orta məktəblər və lisey üçün türkcə kitablar hazırlanır, bütün rəsmi və xüsusi müəssisələr milliləşdirilir, müəllim çatışmazlığı Türkiyədən dəvət olunanlar hesabına aradan qaldırılırdı. Digər tərəfdən də universitet açılması üçün hazırlıq işləri aparılırdı. Xarici dildə çoxlu sayda mühüm, əhəmiyyətli kitablar tərcümə olunaraq nəşr edilirdi. İstiqlalımızın ikinci ilində universitet quruldu və Avropaya tələbələr göndərildi”.

AzEdu.az Azərbaycan təhsil tarixi ilə bağlı tarixi fotonu təqdim edir:


Fotoda  Gəncədə açılan  ilk türk məktəbinin müəllim və şaqirdləri əks olunub. Tarixi foto 1918-ci ilə aiddir: