Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-26 14:23:00
“SMM2018 Business Breakfast” layihəsinə başlanılıb  

Avqustun 25-də Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu, “Alliance Assist Group”, “Media Balans”, “Winter Park Hotel Baku”nun birgə tərəfdaşlığı və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “SMM2018 Business Breakfast” layihəsinin açılış mərasimi olub.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində layihə rəhbəri Ləman Əhmədova layihənin önəmindən danışıb. Bildirib ki, artıq üçüncü dəfədir keçirilən layihənin əsas məqsədi sosial media marketinq sahəsi üzrə kadrların hazırlanmasıdır. 2016-cı ildə layihəyə başlayanda əmək bazarında bu sahədə kadr çatışmazlığı var idi. Ötən illər ərzində layihə demək olar ki, öz məqsədinə nail olub. Bu günə kimi layihədə 110 nəfər iştirak edib. Onların 85 faizi artıq işlə təmin olunub. Digərləri tələbə olduğu üçün yalnız frilanser kimi fəaliyyət göstərirlər.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2012-ci ildə yaradılmış “ASAN xidmət” vətəndaşlarımıza dövlət xidmətlərinin həyata keçirilməsində yeni bir mərhələnin əsasını qoyub. Ötən müddət ərzində təxminən 24 milyona yaxın müraciət qeydə alınıb və öz həllini tapıb. “ASAN xidmət”, eyni zamanda, Prezidentin tövsiyəsi ilə cəmiyyətimizin həyatında müxtəlif sosial layihələrin həyata keçirilməsində də iştirak edir.

Orxan Dəmirli qeyd edib ki, iki ay davam edəcək builki layihənin 60 iştirakçısı var. Layihə çərçivəsində bu sahədə mütəxəssislərin hazırlanması, iştirakçılara həm nəzəri, həm də praktiki sahədə geniş bilik və təcrübəyə malik şəxslər tərəfindən mühazirələrin oxunması, komanda quruculuğunun formalaşdırılması, bu sahədə digər zəruri keyfiyyətlərin aşılanması nəzərdə tutulur.

Digər çıxış edənlər də layihənin önəmindən danışıblar. Qeyd olunub ki, sosial media artıq insanlar üçün vaxt keçirmək, oyun oynamaq, əylənmək üçün yox, daha operativ informasiya əldə etmək, iş münasibətləri, faydalı ünsiyyət qurmaq üçün önəmlidir.