Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-23 13:49:26
"Nə qədər ki, bu seçimlərdə insan amili var, şəffaflıq olmayacaq" – Hicablı müəllimdən İRAD

Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr elan olunsa da, bir çox müəllimlər nəticələrdən çox narazıdırlar. 

Müəllimlərdən biri Əliyeva Səidə Mehman qızının şikayətini də olduğu kimi təqdim edirik:

“Mən bu il keçirilən MİQ imtahanında informatika üzrə iştirak edib 50,2089 bal toplamışam (İnformatika-36 sual, məntiq-7,kurikulum-7). Mərhələdən uğurla keçib 213 saylı tam orta məktəbə düşmüşəm. 14 avqust 14:30-da isə müsahibə mərhələsində iştirak etmişəm. Müsahibədə mənə ancaq neçə il stajım olduğunu və indiyə qədər harada işlədiyimi, bir də nə üçün işdən çıxdığımı  soruşublar. Sonra bir-birləri ilə razılaşıb mənə dedilər ki, gedə bilərsən. Hətta  əvvəllər kollecdə işlədiyimi biləndə təəccübləndilər. Bir qadın sonra gələndə də ona "kollecdə işləyib" dedilər. Elə ona görə də mənə nə kurikulumdan,  nə informatika, nə də dünyagörüşümü yoxlamaq üçün heç bir sual vermədilər. Təkrar edirəm, heç bir dənə də olsun sual vermədilər. Məni nə üçün imtahandan kəsiblər bilmirəm.

Kəsilənlərin hamısının şəxsi səhifəsinə "peşəkar kompetensiyalarınız uyğun hesab edilməmişdir" məlumatı göndərilib. İndi 1-ci mərhələdən kəsilənlər müddətli müqavilə ilə işləyə biləcəklər. Əgər bu müəllimliyə namizəd peşəkar kompetensiyalara uyğun deyilsə ,müqavilə ilə işləyəndə uyğun olacaq? 

Məncə burada iki məsələ var: ya yeri satıblar, ya da hicab məsələsi(Çünki mən hicablıyam, müsabiqədən kəsilənlərin çoxu hicablıdır, ona görə bu qənaətə gəlmişəm). Azərbaycan dili fənnindən bir tanış qız 57 balla kəsilib. Onun yerinə daha savadlı birinimi gətirəcəklər? Niyə qoymurlar camaat işləsin?  Yaxud da ikinci mərhələyə qalanların çoxu 50 baldan aşağı bal toplamış namizədlərdir. Onlar birinci mərhələdəkilərdən daha savadlıdırlarmı? Əgər belə olsaydı onlar elə birinci mərhələdən həmin yerə düşərdilər.

Münsiflərin özünün hansı savada, dünyagörüşə, psixologiyaya malik olduğunu isə Allah bilir, biz bilmirik. Bəlkə onların özündə problem var? Nə qədər ki bu seçimlərdə insan amili var, şəffaflıq olmayacaq. Mən onların ədalətinə inanmıram, görmürəm. Adi test imtahanında belə bizə göstərmirlər ki, nəyi düz, nəyi səhv yazmışıq. Bəlkə elə bizə verilən bal əvvəlcədən proqramda yazılıb”.

Qeyd edək ki, MİQ imtahanlarının II mərhələsinin nəticələri 21 avqustda elan olunub.