Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 17:20:00
Tusinin əsərlərini ələ keçirərək, ixtiraları öz adına çıxaran alim kim olub? – Gizli elm

 

AzEdu.az  böyük Azərbaycan, Şərq alimi Nəsirəddin Tusi haqqında  kiçik araşdırmanı təqdim edir:

Yazsaq ki, Amerikanı ilk dəfə Nəsirəddin Tusi kəşf edib, bu fakt yanlış qəbul ediləcək. Çünki o, nə dünya səyahətinə çıxıb, nə də həmin torpaqlara ayaq basıb. Lakin Kolumbun XV əsrdə ilk dəfə Amerikaya səfərindən (halbuki o, özü də Amerikada olduğunu bilmirdi) 200 il əvvəl Nəsirəddin Tusi özünün “Zic Elxani” ( Elxani Cədvəlləri) əsərində hazırladığı meridian və paralellər xəritəsində belə bir quru torpağın olduğunu bildirmişdi. Tusi dünya xəritəsini meridianlar üzərində qurarkən, ilkin sıfır meridianının uzunluq xəttini indiki Qrinviçdən 34 dərəcə qərbdə qeyd etmişdi. Adıçəkilən xəritədə  256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin Tusi uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli  buna əsaslanaraq belə bir ehtimal irəli sürür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində, sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. Bu ideyanı  isə ilk dəfə olaraq böyük Tusi özünün “Zic Elxani” əsərində səsləndirir.

Başqa bir fərziyyə də Tusinin böyüklüyünü əks etdirir. İlk dəfə X-XI əsrin böyük alimi Əl Biruni tərəfindən hazırlanan qlobus, çox təəssüf ki, sonradan avropalı Martin Behaymın adına çıxarıldı. Doğrudur, onun icadını daha təkmilləşmiş, daha peşəkar iş hesab edənlər də yanılmırdılar. Amma Behaymın hazırladığı qlobusdan heç də fərqlənməyən qlobusu Nəsirəddin Tusi, məsləkdaşı ilə birgə əsasını qoyduğu və rəhbərlik etdiyi   Marağa rəsədxanasında hazırlamışdı. Azərbaycan fəlsəfə tarixinin araşdırıcısı, professor Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də olub. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov, elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Behaymın hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib edir.

Hələ bu da son deyil. Yerin Günəş ətrafında fırlanmasını kəşf etməklə dünya astronomiya elminin yeni mərhələsini yaradan Nikolay Kopernik də Tusidən qidalanan alimlər sırasındadır. Kopernik 1543-cü ildə yazdığı   “Göy sferalarının fırlanması” əsərinin 67-ci bölümündə biri digərinin daxilində hərəkət edən iki çevrənin müəyyən qanunauyğunluqlarından bəhs edir. Amma bu riyazi bəhs Kopernikdən 200 il əvvəl  Tusi tərəfindən deyilmişdi. Həmçinin, dövrün alimlərinin əsərlərində “Tusi cütü” kimi tanınırdı.

Tusidən müxtəlif illərdə Nyuton, Kepler, Leybnits, Paş kimi alimlər də yararlanıblar. Amma məşhur rus alimi Laboçevski kimi heç kəs Tusidən sui-istifadə etməyib. Bu sui-istifadənin tarixçəsinə nəzər salaq:

Böyük alimimiz Mirzə Kazım bəy Sankt-Peterburqda çalışan zaman Laboçevski ondan yerlisi olan alim Nəsirəddin Tusinin əsərlərini xahiş edir. Şərqşünas alim Mirzə Kazım bəy onun xahişini yerə salmır. Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən “Təhriri- Öqledis” əsəri də var idi. “Təhriri-Öqledis” antik yunan filosof, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı “Evklidin şərhi” olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmişdi. Onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi. Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə  Kazım bəyin bəxşişindən yararlanaraq, o əsərdəki ideyaları öz adına çıxmış və riyaziyyatda Qeyri-Evklid həndəsəsi adlanan predmetin “əsasını qoymuşdu”.