Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 12:40:00
MİQ-in müsahibə mərhələsi ilə bağlı narazılıq: “Danışığıma reaksiya vermir, sanki məni eşitmirdilər”

 

“Mənə dedilər ki, bütün suallara yanlış cavab verdin”

Avqustun 18-i müəllimlərin işə qəbul imtahanlarının müsahibə mərhələsi başa çatıb.

Dünən isə müsahibə mərhələsinin nəticələri açıqlandı və 3627 müəllim uğurlu nəticə qazandı.

Bu mərhələdə test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanan namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılıb.

AzEdu.az müsahibə mərhələsində iştirak edən namizədlərdən proseslə bağlı fikirlərini öyrənib.

MİQ imtahanlarının İngilis dili üzrə keçirilən müsahibə mərhələsində iştirak edən Gülnarə Nəcibova test mərhələsindən 46 bal toplasa da, nəticəsindən qətiyyən razı olmadığını bildirib:

“Əslində, bu ingilis dilindən çox mübahisəli suallara yer vermələri ilə bağlı idi. Sualların cavabları ikili idi.

Müsahibə mərhələsindən isə çox razı qaldım. Düzdür, bilədiyim suallar da oldu. İcmalda yazdığım bəzi mövzulardan  az məlumatım  var idi. Amma ümumilikdə yaxşı təsir bağışladı. Komissiya üzvləri də namizədləri çox sıxışdırmırdılar. Hansısa artıq, xırdaçı suallar verilmədi. Sadəcə, hazırladığım icmalları daha dərindən öyrənməli idim. Çünki hər xırda detaldan sual verirdilər”.

 O, müsahibə zamanı xüsusi metodlarla psixoloji durumunun yoxlandığını qeyd edib:

“Komissiya üzvlərindən biri ümumiyyətlə,  heç bir danışığıma reaksiya vermir, sanki məni heç eşitmirdi. Amma hiss edirdim ki, bu, xüsusi məqsədlə edilən hərəkətdir. Onlar beləcə hissi-psixoloji durumumu yoxlayırdılar. Amma mən onlarla çox gülərüz, mehriban davrandım.  Mənim təşkilatçılıq qabiliyyətimi, gülərüz və aktiv olmağımı bəyəndilər. Hətta dedilər ki, uğurlu seçim ola bilərəm.

Əsasən gedəcəyim yer haqqında soruşdular və çox uzaq olduğunu dedilər”.

Coğrafiya fənni üzrə keçirilən müsahibədə iştirak edən Günay Abbasova üçün isə müsahibə gözlədiyindən asan keçib:

“Çox sadə suallar verirdilər. Mənə verilən suallar əsasən, ixtisas və psixoloji durumla bağlı idi. Coğrafi məsələlər verdilər və həll edə bildim.

Müsahibəyə hazırlaşarkən əlamətdar günlər, gedəcəyim yer və ölkə haqqında məlumatlara daha çox diqqət etmişdim.

MİQ imtahanlarının test mərhələsində 50 bal toplamışam. Düşümürəm ki, istənilən müəllim 3-5 ay ərzində normal hazırlaşsa, müsahibədən uğur qazana bilər”.

O qeyd edib ki, bütün suallara cavab versə də, komisiya üzvləri razı qalmadıqlarını bildiriblər:

“Əsasən  ixtisasımla  bağlı suallar səsləndi. Sonda ixtisasdan razı qalmadıqlarını,  heç bir sualı cavablaya bilmədiyimi dedilər. Halbuki, bütün suallara cavab vermişdim. Bunun səbəbi isə psixoloji durumu  yoxlamaq idi. Cavabında sadəcə, gülümsədim”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları