Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-21 14:40:00
“Anasını itirən şagirdim mənə dedi ki, onun da gözləri sizinki kimi gözəl idi” – Gənc müəllimin həyat hekayəsi...

Gənc müəllim Nigar Piriyeva: “Sonra özümü birtəhər ələ alıb, sinifə girdim. Şagirdimin gözlərinə tez-tez baxmaq üçün...”

Bir cəmiyyətin, toplumun,  millətin inkişaf və formalaşması üçün müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi millət halına gətirirlər. Mustafa Kamal Atatürkün bu sözlərindən çıxış edərək, bizi millət kimi formalaşdırmaqda əlindən gələni əsirgəməyən, məhz müəllim olduğu üçün özü ilə qürur duyan gənc xanıma təşəkkür edir və onun həyat hekayəsini qısaca sizə təqdim edirik:

Mən - Nigar Piriyeva! Abşeron rayon Saray qəsəbəsi  A.Müzəffərov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Bu fənnin ilkin elementlərini nə tez-nə gec, elə ilk tanışlığda şagirdlərimə öyrətməyə başlayıram. Salamlaşar-salamlaşmaz  şagirdlərimdən  mənə “müəllimə” yox, “müəllim” demələrini xahiş edirəm:

“Peşənin bir adı var – mü-əl-lim. Bizim dilimizdə peşələr cinsə görə bölünməz. Axı dilimizdə cins kateqoriyası yoxdur”.

“İlk dərs günündə çox həyəcan keçirirəm. Artıq  7-ci il olacaq ki, fəaliyyət göstərirəm, ancaq  yenə hər il cəmi bircə  dənə də olsa, yeni sinfim olur. Şagirdin ilkgünkü  təəssüratı çox əhəmiyyətlidir. Ona görə, ilk dərsi o qədər maraqlı təşkil etmək istəyirəm ki, elə birinci dəfədən uşaqlarda fənnimə həvəs yarada bilim.

Proqrama əsasən, ilk dərs vətənpərvərlik olarsa, himnimizi oxuyuruq. Sonra özümü təqdim edirəm. Şagirdlərə bir az  fəaliyyətimdən danışıram. Salamlaşmaya aid kiçik oyunlar oynayıb, sinifin səviyyəsini müəyyən edirəm. Mövcud  mövzuya uyğun olaraq,  ilk Diaqnostik Qiymətləndirməmi aparıram. Bu, esse-yazı ola bilər, şifahi sorğu-sual da, test də... ”,- deyə Nigar Piriyeva bildirir.

Bu gənc müəllim şagirdlərinə özünü ilk dəfə belə təqdim edir:

“Mən Nigar müəllim Piriyeva. Peşəmi çox sevirəm...”

Ən tez yadda saxladığım şagirdlərin adları: Nigar, Fərid, Zəhra

- Şagirdlərimin adını əzbərləmək üçün 3 gün bəs edir. Çünki kimisə kiməsə bənzədərək,  yadımda saxlaya bilirəm. Qeyd edim ki, həm də surətpərəst biriyəm. Balaların hamısı şirindi, söz yox. Amma daha şirin balaların adı lap tez yadımda qalır...

Nigarlar və Fəridləri də daha tez yadda saxlayıram (red - gülür). Bir də təbii ki, Zəhra balalarımın adını. Fərid  həyat yoldaşımın,  Zəhra isə qızımın adıdır.

Aşağı sinifdə oxuyan şagirdim Zəhra digərlərinə söz atır ki, "müəllim məni çox istəyir, qızının adaşıyam".

Müəllimindən gözlərinə tez-tez baxmağını istəyən Aysunun məktubu…

Nigar müəllim əlavə edir ki, 3 il əvvələ qədər şagirdləri ona məktublar  yazarmışlar:

“Zəhram dünyaya gələndən sonra qız şagirdlərim artıq məktublarını mənə yox, Zəhraya yazırlar. Aysu adlı  bir şagirdim var idi, nənəsigildə qalırdı. İndi artıq məzun olub. Aysu  anasını  itirmişdi. Nə bacısı var idi, nə qardaşı. Onun məktubunda  yazdığı bir cümlə dünyamı yıxmışdı, sanki: 

“Müəllimə anamın da gözləri sizin gözləriniz kimi gözəl idi. Gözlərinizi qoruyun”.

Nənəsi danışırdı  ki, Aysu deyir,  istəyirəm ki, Nigar müəllim gözlərimə tez-tez baxsın.  Bu məktubdan sonra sinifə bir müddət girə bilmirdim, mənim üçün çox çətin idi. Amma sonra özümü birtəhər ələ alıb, girirdim…

… Şagirdimin gözlərinə tez – tez baxmaq  üçün.

“Şagirdlər mənim dərslərimdə  sərbəst  yer seçib əyləşə bilərlər”

-Əslində şagird fəndən öncə müəllimi sevməlidir. Mən bunu hər zaman deyirəm. Müəllim birinci özünü sevdirməli, ona dost, ana-bacı, yeri gələrsə qardaş sevgisi ötürməlidir. Şagird onsuz da səni sevdikcə, onda fənninə də maraq yaranar. Elə müəllim var, fənni şagirdin gözündən elə salıb ki…!

Şagirdlər mənim dərsimdə sərbəst suallar verirlər. Dərsdən sonra isə fikir mübadiləsi aparırıq. Hətta özləri sərbəst yer seçib, əyləşə bilərlər. Lakin mənə qarşı hörmətsizliyə gətirib çıxaracaq sərbəstliyin əleyhinəyəm, şükür ki, qarşılaşmamışam da ...

11-ci sinifdə bir oğlan şagirdim var idi. Deyirdi ki, ədəbiyyat fənnini sevmir. Daha doğrusu, müəllimlər sevdirə bilməyib. Həmin şagirdə Elif Şafak, Hikmət Anıldan misallar çəkdim. Artıq yavaş-yavaş maraq göstərməyə başladığını hiss etdim. Sonra gəlib məndən oxuması üçün  məsələhət bildiyim kitabları soruşurdu. İndi iqtisadçıdır, amma ədəbiyyatı da çox sevir. Bundan çox məmnunam.

Müəlliminə mahnı həsr edən 11-cilər…

-Bu il ilk dəfə “Son Zəng”də 11-cilərlə birlikdə mahnı oxuduq. Özləri mənimlə oxumaq üçün mahnı həsr etmişdilər. Təbii ki, həvəskar bir ifa idi. Amma ilk dəfə müəllim şagirdləri ilə birlikdə “duet” oxuyurdu:

Mahnının nəqarətini Nigar müəllim səsləndirir:

Gedin, ey uşaqlar, uğur olsun,
Yolunuz açıq olsun, gedin.
Sizdən bizə xatirə qalsın,
Yolunuz açıq olsun, gedin.

Stolüstü kitablarım silsiləsi:"Öğretmencə sevə bilmək insanı", "Hər şey seninlə başlar", "Zirvədəki yaşamlar", "İnsan istərsə", "İdeal müəllim"

Sonuncu “İdeal müəllim” kitabı, müəllif  Bəhman Məmmədovun şəxsən hədiyyə etdiyi dəyərli kitabdır.

Bu kitabda maraqlı bir cümləyə rast gəldim. Bildirib ki, müəllim - əzab, ələm, əziyyət verən, muallim isə - elm öyrədən dəməkdir.

Deyiləndən belə çıxır ki, mən məhz mu-al-li-məm (red-gülür).

“Ata-anamın müəllimləriylə çiyin-çiyinə müəllim işləmişəm”

-Atam İlham Qəhrəman 10 kitab müəllifi, Prezident təqaüdçüsüdür. Anam Kifayət xanım isə ixtisasca ibtidai sinif müəllimidir. Mənə qələm tutmağı anam öyrədib. Hesab edirəm, elə bir peşəyə sahibəm ki, atamla anamın peşələrini özümdə cəmləşdirmişəm. Buna görə, xoşbəxtəm. Hətta ilk dəfə ata-anamın müəllimləriylə çiyin-çiyinə işləmişəm. Belə təsadüfləri çox sevirəm..

Deyirlər…

Deyirlər, uşaqlığım sakit keçib, yəni incidən uşaq olmamışam. Qarayanız balaca qız uşağı... Evə qonaq gələndə salamlaşıb, o biri otağa keçib dərslərimi oxumuşam. 5-ci sinifdə “Kitabi-Dədə Qorqud” dastanı ilə tanış olmuşam. O vaxtlar kitablardan anlamadığım sözləri qeyd edib, mütləq atamdan soruşardım.

Başqa, deyirlər ki…

… Deyirlər , məndə bədii qiraət də pis alınmır. Sumqayıt Dövlət Universitetində tələbə ikən TGT-də tələbə yoldaşlarıma şeirlər oxuyardım, bəyənərdilər. Elə həyat yoldaşım da mənə şeir dediyim vaxt vurulub. (red-gülür)

Nigar həyat yoldaşı ilə ilk dəfə II kursda təhsil alarkən, elə universitetdə qarşılaşıb. Lakin Fərid çox yaraşıqlı olduğu üçün ona çox da fikir verməyib.

-2008-ci ildə mən I kursda oxuyanda Fərid III kurs tələbəsi idi. Onunla Tələbə Gənclər Təşkilatında tanış olmuşam. O vaxt TGT-də sədr müavini idim. Onunla ilk qarşılaşanda bu cür yaraşıqlı oğlanın məni bəyənəcəyi ağlıma gəlməzdi. Məgərsə, həyatda belə xoş hadisələr də olurmuş (red-gülür).

Novruz bayramı ərəfəsində universitetdə geniş tədbir təşkil edirdik. Bir gün bu tədbirin məşqi zamanı Bəxtiyar Vahabzadənin şeirini söylədim. Fərid də orda idi. Sonra mənə danışır ki, sən demə, həmin an ürəyindən keçirirmiş ki, kaş ki adamın belə xanımı ola, hər gün şeirlər deyə…

Məktəb illəri: Həmişə oğlanları müdafiə edirdim.

Mən Səbayıl rayonu, H. Mahmudbəyov adına 2saylı liseyi bitirmişəm. İbtidai sinifi isə Sabunçu rayon 252 saylı tam orta məktəbdə oxumuşam. Allah müəllimlərimə can sağlığı versin, rəhmətə gedənlərə  rəhmət eləsin. Məktəb vaxtı daha çox oğlanlarla dostluq edərdim. Bir məsələ olarsa, onlara  haqq qazandırardım. Bir gün sevmədiyim müəllim sinifin oğlanlarına “2” yazdı .Bu, mənə pis təsir etdi. Müəllim çölə çıxanda stulun matrasına təbaşir çəkdim. Sonra müəllim gəlib, həmin stulda oturdu. Daha sonrasını təsəvvür etmək isə çətin deyil. Oğlanları müdafiə etsəm də, onları həm də bəzən kitablarımla döyürdüm (red-gülür). 

-Bəs indi oğlan şagirdlərinizi qızlara müdafiə edirsiz?

- Oğlan şagirdlər qızları başqa sinifin oğlanlarına qısqanırlar, bacıları kimi qorumaq istəyirlər. Bu baxımdan qızlara “qadağa qoyanda” onlarla razılaşıram. Oğlanları müdafiə edirəm.

Ofeliya müəllimə!

Ən sevdiyim müəllimlərimdən - ibtidai sinifdən Ofeliya, liseydən Sürayya (ingilis dili) və repetitorum Sevda müəllimə (azərb. dili) olub. Bu 3 müəllimim mənə müəllimlik peşəsi və insanlıqda nümunə saydığım mayaklar idi...

Amma çox təəssüf ki, Ofeliya müəlliməni tapa bilmirəm. İstərdim, onu görüm, əllərindən öpüm…

O necə unikal insan idi! Öyrətmə qabiliyyəti mükəmməl! Təsəvvür edin, sinifdə hamı yaxşı oxuyurdu da.

İndi adam 15 nəfərə dərs keçə bilmir. Düz 42 nəfərə necə səbrlə dərs demək olar ki?!

Son olaraq…

Bu fikir hər gün, hər an ağlımdadı - Mən bir müəlliməm! Atdığım hər səhv addımın şagirdlərin dünyalarında bir sütunun yıxılmasına səbəb ola biləcəyinin fərqində olmalıyam. Müəllim şam kimi yanmalıdır, yanmazsa ətrafı işıqlandıra bilməz . Və ən nəhayət, millətimin bütün müqəddəs əmanətləri məndədir, çünki mən müəlliməm! Bütün bu fikirlər həyat fəlsəfəmə çevrilib. Müəllim olduğum üçün özümlə qürur duyuram.

Müəllif Anar İsayevin 5 tarix kitabında bədii redaktor olmuşam. Bu, mənim üçün qürurvericidi. İnsan yaxşı dostlarla daim öndə olmağı bacarır. Şagirdlərimi çox sevirəm, kollektivimdən də razıyam. Ailəm isə  hər zaman başımın tacıdır.

Bir də əlavə edim ki…

Tezliklə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “gənc müəllim” kimi təltif edilməyimi istəyirəm. Bu, arzumdur və mənə olduqca böyük stimul olar.