Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-21 11:41:00
Oğlu ilə eyni vaxtda tələbə olan ananın müdiri – “İşini davam etdirəcək”

Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Yüksək rəqabətlə müşahidə olunan  qəbul imtahanları maraqlı faktlarla yadda qalıb.

Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub. O, qiyabi formada təhsil alacaq.

Oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.

Məsələylə bağlı AzEdu.az-a danışan Bakı şəhər 328 nömrəli məktəbin direktoru Asif  Nəbiyev bildirib ki, şagirdin qəbul olunmağı gözlənilirdi, müəllimə isə heç kimə deməmişdi:

“Mən sonra soruşdum  dedi ki,  alınmaz deyə risk edib heç kimə deməmişdim. Birinci dəfə “facebook” səhifəsindən oxumuşdum.  Çox maraqlı, həmçinin gözlənilməz  və xoş oldu”.

Direktor deyib ki, müəllimə fəaliyyətini davam etdirəcək:

“Mən onunla maraqlandım, İngilis dili fakültəsinə daxil olub. O, elə öz ixtisasında işləmək istəyir, ancaq ali təhsil almaq onun çoxdankı arzusu idi. Qiyabi təhsil alacaq və pedaqoji fəaliyyətini də davam etdirəcək. Dərslərinə mane olmayacaq. Yaxşı müəllimlərdən biri kimi, həm iş yoldaşları arasında, həm də valideynlər arasında böyük nüfuz qazanıb. İctimai işlərdə həmişə fəal  iştirak edib.  Bir dəfə ”Dünyanı tanıyaq”adlı tədbir keçirdik, onda o, Almaniyanı tərənnüm elədi,  uşaqlara alman paltarı geyindirdi, alman milli adət -ənənələrinə uyğun çıxışlar elədilər. Çox aktiv, yaxşı müəllimdir”.

Elşən Ramizoğlu