Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-20 17:19:13
“Lisey ölkədə bir ilkə imza atdığından, ona qarşı əks təbliğat aparırdılar” – Təhsilimizin uğur “Zəngi”

“Dayım təhsil fədaisi idi.  O, bütün həyatını məktəbə verdi”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru  Səbuhi Tanrıverdiyev deyib. O, dayısı, “Zəngi” liseyinin direktoru Bayram Heydərov haqda danışarən məktəbin yaradılması zamanı ortaya çıxan çətinliklərdən də söz açıb:

““Zəngi” liseyinin biokimya ixtisası üzrə ilk məzunu mən olmuşam. Bu məktəb çox çətinliklə yaradılıb. Bu, nə qədər çətin məsələ olsa da, Bayram müəllim öhdəsindən gələ bilib.  Dövr də çox ağır dövr idi.

“Zəngi” liseyi əvvəl 251 saylı  rus məktəbinin nəznində yaradılıb. Sonradan hazırda yerləşdiyi məkana köçürülərək daha da böyüyüb.

Bu orta təhsil müəssisəsi yeni yarananda çox çətinliklərlə üzləşdi. Öncəliklə məktəb lisey yönümlü idi və fərqlənməli idi. Qarşıda xeyli məqsədlər vardı.  O zamanlar elə lisey formatının özü də təhsil sistemində yeni idi. Bürokratik çətinliklər də var idi. Təhsil sitemində müəyyən məsələlər var idi ki, onları razılaşdırmaq, siniflərin sayını artırmaq lazım idi.

İlk dəfə burada kibernetika, radioelektronika, biokimya yönümlü ixtisaslaşmış siniflər qurulmuşdu.  Biokimya sinfində oxuyan uşaqlar birbaşa Tibb Universitetinə daxil olurdular. Onlara həmin istiqamətdə xüsusi fənlər keçirilirdi. Kibernetika siniflərində konkret olaraq texniki ixtisaslara uyğun universitetlərdə keçirilən fənlər tədris olunurdu. Bunların hamısını yoluna qoymaq elə də asan məsələ deyildi”.

O, Bayram müəllimin ideya yoldaşları ilə birgə təhsil üçün gördüyü işlər barədə məlumat verib:

“Bayram müəllim  çox qüvvəli idi. Ətrafında çoxsaylı ideya yoldaşları  vardı. Onlar da dəstək oldular və məktəb yaradıldı. Heydər Əliyev 1993-cü ildə dövlət başçısı seçiləndən sonra  ona öz ideyalarını reallaşdırmaq üçün daha çox dəstək verildi. Siniflərin sayı artdı  və aşağı siniflər üzrə də qəbul keçirilməyə başlandı. Əvvəl liseyə yalnız  IX-XI siniflərdən qəbul olunmaq  mümkün idi. Hətta  mən qəbul olunub oxuyanda, yalnız X-XI siniflər mövcud idi. Getdikcə siniflərin sayı artdı. Bir də gördük ki, artıq  liseydə I sinfə də qəbul aparılır. Mən orada iqtisadiyyat fənnindən 8 il dərs də dedim”.

Onun sözlərinə görə, yeni yarananda digər məktəblər liseyə qarşı əks təbliğat aparırdılar:

“Lisey yeni yarananda ora gələnlər də digər məktəblərin şagirdləri idilər. Onların liseyə cəlb olunmasında əsas  məqsəd  konkret fənlər üzrə ixtisaslaşmanın  aparılması idi.  Həm uşaqların bunu başa düşməsi, həm də valideynlərə anladıb qəbul etdirmək çətin idi. Çünki bu, ölkədə bir ilk idi. Şagirdlərin çıxdıqları məktəblər də onları buraxmaq istəmir, liseyə qarşı əks təbliğat aparırdılar.

Liseydəki müəllimlərin hər biri elmi dərəcəsi olan şəxslər idi. Hamısı ölkədə tədris etdikləri fənn üzrə aparıcı mütəxəssislər  sayılırdılar. Burada fərqli institutların professorları dərs deyirdi”.

O, Bayram Heydərov haqda danışarkən onu təhsil fədaisi adlandırıb:

“Mən bacısı oğlu olaraq,  Bayram müəllim haqda nə deyə bilərəm ki?! Mənim dayım ideal insan idi. İstənilən mənada... Mənim bunu deməyim bəlkə də subyektiv olar. Amma mənim dayım təhsil fədaisi idi.  O, bütün həyatını məktəbə verdi. Yüksək keyfiyyətlərə malik insan idi. Mənsə bu gün onu öz əlimlə məzara qoydum.

Mən atamı erkən-20 yaşımda  itirmişəm. Bayram müəllim mənim üçün ilk növbədə ata olub. Ondan aldığım məsləhətlər bu gün mənim cəmiyyətdə yer tutmağımda birmənalı rol oynayıb. Bilmirəm, bu mövqe yaxşıdırsa da, pisdirsə də, onun zəhmətidir. Həm həyat, həm də karyeramda mənə həmişə dəstək olub. O insan “Zəngi” adı ilə birləşən bütün şagirdlərinə ata qayğısı göstərib”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları