Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-20 15:29:00
Universitet diplomları necə qorunur? - Hazırlanması, dizaynı və hüquqi məsuliyyəti

Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir.

Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə (məzunların sayına görə) Təhsil Nazirliyi tərəfindən verilir. Diplom blankları nazirlik və ali təhsil müəssisələrində ciddi hesabat sənədləri kimi saxlanılır. Sənədin müəyyən edilən qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri məsuliyyət daşıyırlar.

Ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində aşağıdakı növ diplomlar müəyyənləşdirilir:
- bakalavr diplomu (adi və fərqlənmə);
- magistr diplomu (adi və fərqlənmə).

Bakalavr diplomunun təsviri

Diplom 15x21sm ölçüdə kitabça şəklində çap olunur. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun üz qabığı dermantin materialdan hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respubli-kasının Dövlət gerbi, aşağı hissəsində isə "BAKALAVR DİPLOMU" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan və bakalavr diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI" və "BAKALAVR DİPLOMU" sözləri, sol səhifənin yuxarı hissəsində "BAKALAVR DİPLOMU ALİ TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİDİR" sözləri, diplomun seriyası və nömrəsi yazılır. Sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra səhifələrdə mətn bakalavr diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (1 nömrəli əlavə).
Bakalavriat səviyyəsini fərqlənmə ilə bitirənlər üçün diplomun sağ səhifəsinin yuxarı hissəsində yazılan "BAKALAVR DİPLOMU" sözlərinin altında qırmızı rənglə "Fərqlənmə" sözü yazılır (2 nömrəli əlavə).

Magistr diplomunun təsviri

Diplom 15x21sm ölçüdə kitabça şəklində çap olunur. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun üz qabığı dermantin materialdan hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "MAGİSTR DİPLOMU" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinə Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan və magistr diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI" və "MAGİSTR DİPLOMU" sözləri, sol səhifənin yuxarı hissəsində "MAGİSTR DİPLOMU ALİ TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİDİR" sözləri, diplomun seriyası və nömrəsi yazılır, sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra səhifələrdə mətn magistr diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (3 nömrəli əlavə).
Magistratura səviyyəsini fərqlənmə ilə bitirənlər üçün sağ səhifənin yuxarı hissəsində yazılan "MAGİSTR DİPLOMU" sözlərinin altında qırmızı rənglə "Fərqlənmə" sözü yazılır (4 nömrəli əlavə).

Diplom məzunlara ali təhsil müəssisəsini bitirdikdən sonra 10 gün müddətində verilir. Diplom və diploma əlavə və ya onların dublikatları sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən olunmuş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir. Bu sənəd məzunun şəxsi işində saxlanılır.

Qeyd edək ki, ali təhsil müəssisəsi ləğv olunduğu halda diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi tərəfindən verilə bilər.