Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-20 14:23:15
4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR

298 saylı orta məktəbin qurucusu, direktoru, Əməkdar Təhsil İşçisi Bayram Heydərov vəfat edib. “Zəngi” liseyi adı ilə tanınan məktəbin direktoru Əməkdar Təhsil İşçisi olmaqla bərabər Azərbaycan təhsilində özünəməxsus əməyi olan biri kimi yaddaşda qalıb.

AzEdu.az Bayram Heydərovla bağlı lisey kollektivinin fikirlərini öyrənib:

“Zəngi” liseyinin ingilis dili müəllimi, Əməkdar Müəllim Fəridə Səfərova 20 ildir ki, onunla birlikdə çalışdığını bildirib:

“Mənim üçün çox ağır gündür. Xüsusilə də yeni tədris ili ərəfəsində bu, hər birimiz üçün çox çətindir. Mən 20 ildən çoxdur ki, onunla çiyin-çiyinə işləmişəm. Həqiqətən çox gözəl insan idi. Bayram müəllim liseyimizin yaradıcısıdır. Həmişə deyirdi ki, “Zəngi” liseyini 4 sinif otağından başlayaraq yaratmışam. Sonradan liseyi genişləndirib, öz ətrafına böyük müəllim, şagird, valideyn  ordusu toplayıb. O, yenilikçi biri idi. Hər birimiz onun işığına toplaşmışdıq. O, hamıya dəstək olur, uğurlarımıza bizdən çox o sevinirdi. Direktordan çox ata, qardaş kimi  idi. O, həqiqətən təhsil fədaisi idi”.

Bayram Heydərovun ölümünü heç cür qəbul edə bilmədiyini deyən müəllim onun ölüm səbəbini də açıqlayıb:

“O, çox mübariz, sağlam biri idi. Amma son  bir ildə xəstəliklə mübarizə aparırdı. Elə bu xəstəlik səbəbindən qəfildən dünyasını dəyişib.

Bayram müəllim “Zəngi” liseyini respublikanın ən önəmli 10 məktəbi siyahısına sala bilib. Liseyin uğurları çoxdur. Ölkədəki xeyli ziyalı, tələbə, xaricdə oxuyan gənclər ordusu Zəngi liseyinin yetirmələridir”.

Övladı “Zəngi” liseyinin məzunu olan Ülviyyə Hacıyeva isə bu hadisəni Azərbaycan təhsilinin itkisi adlandırıb:

“Qızım bu il bu məktəbin XI sinfini bitirdi. Bu gün bütün “Zəngi” ailəsi üçün ağır gündür. Bayram müəllim Azərbaycan təhsilində öz möhürünü vurub.Təhsil sistemində hansısa nailiyyəti əldə etmək üçün illər lazımdır. Sıfırdan bir məktəb yaratmaq üçün Bayram müəllim illərini sərf edib. Yaradıcı, yenilikçi insan idi. Qurduğu məktəb Azərbaycan təhsilinin önündə gedib, Respublika səviyyəli tədbirlərdə də daim qabaqcıl sıralarda olub. Bu, ümumilikdə Azərbaycan təhsilinin itkisidir.

Bayram müəllimi kolleqalarından fərqləndirən isə intizama ciddi riayət etməsi, rəhbərliyi çox yaxşı bacarması idi. Hər kəs rəhbər ola bilər, amma liderlik bacarığına sahib olmaq, yoxdan məktəb yaratmaq, minlərlə valideyni ətrafına toplamaq onun hər adamın işi deyil”.

Lisey məzunu Gülzar Şıxəliyeva isə məktəb direktorunun onun uğur qazanması üçün göstərdiyi dəstəkdən danışıb:

“Bu il liseyin məzunu oldum. Bayram müəllim şəxsən mənim həmişə yadımda olacaq. Onun aramızdan ayrılması şagirdləri üçün xüsusilə ağır oldu. Mən özüm sosial fəaliyyətimdə aktiv biri olub, müxtəlif müsabiqələrdə iştirak etmişəm. Onun otağına girərək,  xeyir-duasını almadan 1heç bir yarışa getməzdim. Onun məsləhətlərinə qulaq asmaq özü belə mənim uğur üçün atacağım ilk addımlardan idi. Bu məktəbin məzunları olaraq onun qoyduğu nizam-intizamı qorumaq, məktəbin adını yüksəklərə qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Onun qazandığı hörmət, sevgi həmişə yaşayacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları