Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-19 11:31:48
Birinci sinifə gedəcək uşaqlar psixoloji durumları niyə yoxlanmalıdır? – Psixoloqdan həyəcan təbili

Yeni tədris ilinin başlanmasına artıq bir aydan az vaxt qalıb.  

Bəs birinci sinfə ilk dəfə qədəm qoyan şagirdlərin psixoloji durumu  necə müəyyənləşdirilir?

Psixoloq Fərqanə Mehmanqızı  AzEdu.az-a  açıqlaması zamanı bildirib ki,  uşaqlar birinci sinfə qəbul olduqları zaman bilik və savadı kimi, psixoloji hazırlığı da yoxlanmalıdır və bunun üçün  psixoloji testlər keçirilməlidir:

“Bu testlər sənədləşmələrə guya  görə  keçirilir.  Amma həqiqətdə  öz əksini tapmır. Bu zaman  hiperaktivlik, autizm digər  psixoloji   durumunda problem olan uşaqların birinci sinfə qəbul olunmasına gətirib  çıxarır.  Müxtəlif psixoloji durumlar, travmalar, özünəqapanma kimi müəyyən problemlərlə birinci sinfə qəbul olunan  şagird   dərsə gəldiyi zaman bəzən, dərsin gedişatını da pozur və bu,  şikayətlə nəticələnir. Müəllimlər  belə uşaqlarla necə davranmaq lazım olduğunu   bilmirlər. Bu halda sinif uşaqları həmin uşaqları özlərindən  uzaqlaşdırırlar. Beləliklə, psixologiyasında problem olan uşaqların getdikcə əlavə   problemləri yaranır”.

Psixoloqun sözlərinə görə,   əgər məktəb psixoloqunun uşaqlarla işləmək üçün zamanı və metodiki vəsaiti, testləri yoxdursa və   bu ondan tələb olunmursa, onda müxtəlif   psixoloji mərkəzlərin xidmətindən yararlanmaq lazımdır. Bu zaman həmin mərkəzdən uşaqla bağlı    yazılı sürətdə  onun  psixoloji durumu, testin nəticələri ilə bağlı  göstəricilər tələb olunmalıdır:

“Bu prosedurlardan sonra  müəllim üçün də  uşaqlarla işləmək  daha rahat olacaq.  Elə hallar olur ki, ibtidadi sinif müəllimləri dərs dedikləri siniflərdə   onları incidən  və müəyyən xəstəlikləri olan uşaqların olduğunu və  onlarla necə  münasibət qurmaq lazım olduğunu  soruşurlar.

Bu zaman  köməyə psixoloqlar gəlir. Ona görə də  belə uşaqlar öncədən müəyyən edilməlidir. Psixoloqlar  müəllimlərə onlar haqqında deməli və ehtiyacı olan uşaqlarla xüsusi psixoloqlar işləməlidir. Bu cür uşaqlara xüsusi yanaşmaq lazımdır ki, cəmiyyətdən təcrid olunmasınlar və cəmiyyət onları özündən təcrid etməsin”.

Bakı şəhəri  165  saylı tam orta məktəbin direktoru Vüqar Məmmədov  açıqlaması zamanı bildirib ki, məktəbə elektron sistem vasitəsilə qəbul olduğuna  görə tibbi  komissiyanın qərarı əsas götürülür:

“Daha sonra tədris prosesi zamanı şagirdin psixoloji durumu bizim tərəfdən müəyyənləşdirilir və müvafiq qərar verilə bilər. Uşaqlarda   hər hansı bir problem  olduqda valideynlə söhbət aparılır  və müvafiq məktəbə yönləndirilə bilər”. 

Güne Yaşarqızı