Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 14:59:00
Azərbaycan üçün “Şeyx Nəsrullahlar” belə yetişdirilir – ARAŞDIRMA    

İnsan ağlı nələrisə dərk etməyə başlayan ilk vaxtlarda ona qeyri-adi, fantastik görünən hadisələrə mifoloji yanaşma sərgiləyib. Və bu dünyagörüşü onlarda ilkin ibtidai inancların yaranmasına gətirib çıxarıb.

Bəşər tarixinin periodlarında ibtidai inanclar təkamül edərək nəhayət özünün ən ali mərtəbəsinə çatdı – təkallahlı dinlər meydana çıxdı.

Təkallahlı dinlər özlərindən əvvəlki ibtidai inanclardan fərqli olaraq təpki və müqavimətlərə qarşı daha güclü immunitet qazandı və dövrümüzə qədər gəlib çıxdı.

Hazırda dünya əhalisinin çoxu səmavi dinləri daha məqbul hesab edərək onlara iman gətirir.

Bəziləri daxili aləmi ilə inancındakı Allah arasında rabitəni daha intellektual və effektiv etmək üçün təkcə ibadətlə kifayətlənmir. Din barədə daha çox oxumaq, daha çox bilgi almaq şövqü də hisslərinə və beyninə hakim kəsilir.

Bununla belə, ilahiyyat təhsili bəzən dinin ali məram və məqsədindəki sülhpərvərlik, tolerantlıq modellərini ortaya qoya bilmir.

Bunun acı nümunələri dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da müşahidə edilib.

Bu baxımdandır ki, Azərbaycanın aidiyyatı qurumları ölkədə xaricdə dini təhsili əvəz edəcək qurumların yaradılmasına və ya onun təkmilləşdirilməsinə start verib.

Dünyanın əksər ölkəsində dini təhsil mövcuddur, Azərbaycanda da ilahiyyat təhsili verən ali təhsil ocaqları var (Bakı İslam Universiteti və İlahiyyat İnstitutu).

Azərbaycan dünyəvi ölkədir, din dövlətdən ayrıdır. Bununla belə ölkə mürəkkəb coğrafiyada yerləşdiyi üçün və müəyyən risklər nəzərə alınaraq dövlət eyni zamanda din məsələsinə nəzarət də edir.

Bu baxımdan Azərbaycan dövləti xaricdə dini təhsil almaq məsələsini də diqqətdə saxlayır.

Xüsusilə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra xaricdə dini təhsil məsələsi daha da aktuallaşdı. Çünki sui-qəsdi həyata keçirən Yunis Səfərovun özü və ona dəstək olan etirazçılar xaricdə dini təhsilin ideoloji qurbanına çevrilmiş şəxslər idi.

Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirdiyi məlum olub.

T. İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində  Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD ilə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət "Hüseyniyyun" (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib.

Qanunvericiliyə qısa baxış

Azərbaycan dövlətinin strateji konsepsiyası məhz belə təhlükələri əvvəlcədən hesablamağa yönəldiyinə görə, xaricdə dini təhsillə bağlı qanunvericilikdə məqamlar öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsinə görə (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi öz səlahiyyətləri daxilində) ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

“Dini etiqad azadlığı haqqında” qanunda isə xaricdə dini təhsil almış şəxslərin İslam dininə aid ayin və mərasimləri aparmasına məhdudiyyət qoyulur.

Qanunun 21-ci maddəsinə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan  vətəndaşları tərəfindən həyata keçirilə bilər. 

Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları isə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.

Xaricdəki “din” şüurlara necə təsir edir?

AzEdu.az xaricdə dini təhsil alanların dünyagörüşləri, sayı ilə bağlı araşdırma aparıb.

Son 25 ildə yüzlərlə şəxsin Səudiyyə Ərəbistanında, minlərlə gəncin İranda, bundan əlavə çoxlu sayda  vətəndaşımızın Suriya, Misir, Liviya, Pakistan, Malayziya, Rusiya (Dağıstan) və Türkiyədə dini təhsil alması diqqətdən yayına bilməz.

Xaricdə təhsil alanların ölkədə təhsil alanların sayından xeyli çox olması dini təhsil sahəsində mövcud və potensial problemlərin miqyasından xəbər verir.

Vətəndaşlarımızın qeyd edilən müsəlman ölkələrində dini təhsil almalarını Azərbaycanda oturuşmuş din təhsilinin olmaması ilə əlaqələndirmək də olar.

Üstəgəl, vaxtı ilə Azərbaycanda xarizmatik din xadimlərinin olmaması, dini bilgi verən institutların qıtlığı da buna təsir edirdi. Teoloq, şərqşünas Rövşən Abdullaoğlu Qumda təhsil alıb. O xaricdə təhsil almasını belə əsaslandırır:

“Qumda təhsil almışam. Mən İqtisad Universitetini  bitirmişəm. Sadəcə olaraq psixologiya, şərqşünaslıq, psixologiya, irfan mövzuları həmişə mənim maraq dairəmdə olub. İqtisadiyyat mənim mənəvi və fəlsəfi axtarışlarımı ödəyən bir mərkəz deyildi. Mən orta məktəbin son illərindən psixologiya, fəlsəfədən çox oxumuşam. Bir nəfər psixologiya, irfan, fəlsəfə ilə maraqlanırsa, dindən yan keçə bilməz. Azərbaycanda istədiyim bilgiləri tam olaraq mənə verən bir mənbə olmadığına görə, İrana getdim”.

Bununla belə, xaricdə dini təhsilin kökündə sosial və maddi maraqlar da durur.

Məsələn, xaricdə dini təhsilin ödənişsiz olması, üstəlik, təhsil müddətində tələbənin zəruri xərclərinin həmin təhsil müəssisələri tərəfindən qarşılanması gənclərin xarici dini mərkəzlərə üz tutmasına səbəb olur.

Digər tərəfdən bəzi xarici dini dairələrin İslam dinini öz maraqları konteksində təbliğ etmələri dini təhsil adı ilə xaricə gedən vətəndaşlarımızın yad ideoloji təsirlərə məruz qalması ilə nəticələnir.

Bu problem əsasən Qum və Mədinə şəhərlərində təhsil almış şəxslərin baxışlarında daha aydın hiss olunur. Hər iki təhsil mərkəzində İslam dini daha çox məzhəb təəssübkeşliyi zəminində, bir-birinə zidd və dövlətlərin maraqları konteksində təbliğ edilir.

“Qayıdan məzunların təhsil aldıqları ölkələri dini mərkəz kimi görmələri, eləcə də bunu birbaşa və dolayı yolla təbliğ etmələri narahatlıq doğuran məqam kimi qiymətləndirilə bilər. Həmin dini mərkəzlərdə Azərbaycanda tarixən mövcud olan dini təhsil ənənələrindən fərqli olaraq mənəviyyat, elm, əxlaq, bəşərilik arxa plana keçirilir. Əvəzində tələbələrə din adı ilə daha çox regional və qlobal müstəvidə geosiyasi maraqlara uyğun, həmin ölkələrin nüfuz dairəsinin genişlənməsinə xidmət edən,nətcə etibarilə dövlətçilik və milli maraqlarımıza zidd fikirlərin aşılandığı məlumdur”- bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov saytımıza açıqlamasında bildirib.

Xaricdə dini təhsil alan şəxslərin dünyagörüşündə və ideyalarında fərqliliklər var. Hətta bəzən onlar bir-birinə düşmən də kəsilirlər, bunun alt qatında isə məzhəb təəssübkeşliyi ehtirası dayanır.

Qum dini-elmi hövzəsi adlanan kompleksdə təhsil alan vətəndaşlarımızın əksəriyyəti əl-Məhdi və əl-Mustafa Beynəlxalq İslam Universitetindən məzun olurlar. Burada İslam dininin şiə məzhəbinin “isna aşariyyə” (“on iki imam”) etiqadı zəminində İslam İnqilabının ideya qaynağı sayılan “vilayəti-fəqih” (dini rəhbərin hakimiyyəti) konsepsiyasına uyğun tədris həyata keçirilir.

Həmçinin, dini təhsil almış vətəndaşlarımıza təkcə dini biliklər verilmir, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə xarici maraqlara uyğun təhrif olunmuş məlumatlar da aşılanır. Beləliklə, həmin şəxslər ideoloji assimilyasiyaya məruz qalırlar.

Tədris zamanı təqaüdlər (şəhriyyə-aylıq məvacib) alan tələbələr Azərbaycan qayıtdıqdan sonra da fəallıqlarından asılı olaraq məvacib almaqda davam edirlər. Burada onların yerli mühitə adaptasiya oluna bilməmələri, işlə təmin olunmamaları, nəticədə həmin məzunların xaricdən ideoloji asılılıqla bərabər, həm də maddi cəhətdən asılı vəziyyətə düşmələri ilə nəticələnir.

“Qumda dini təhsil almış şəxslərin dini təbliğatları üzərində aparılan müşahidələrin təhlilinə əsasən demək mümkündür ki, tələbələrə İslami dəyərlərin və əqidə prinsiplərinin məzhəb maraqları çərçivəsində təlqin olunması ilə yanaşı, həm də məntiq, üsul, fəlsəfə və psixologiya kimi fənlərin tədrisinə ciddi əhəmiyyət verilir.

Məqsəd məzunların əxlaqı, mənəviyyatı təbliğ edən din xadimindən daha çox məzhəb maraqlarına uyğun peşəkar təbliğatçı kimi yetişməsini təmin etməkdir” – G.İsmayılov bildirir.

İranda dini təhsil almış şəxslərin təbliğatda məntiqi ardıcıllıqla fəlsəfi biliklərindən psixoloji təsir vasitəsi kimi yararlanmaları, bunun ardınca öz fikirlərini Qurani-Kərim ayələri ilə möhkəmləndirmələri onların kütləyə nüfuz edərək inandırma qabiliyyətini artıran amillərdən olduğu müəyyənləşdirilib.

Xaricdə dini təhsil alan vətəndaşlarımızın bir qismi də Mədinə İslam Universitetinə üz tuturlar. Bu ali təhsil müəssisəsində İslami bilikləri aşılayan ixtisaslarla yanaşı, riyaziyyat, tibb, tətbiqi elmlər, həndəsə, əczaçılıq kimi peşə istiqamətləri mövcuddur. Universitetdə İslam dininin tədrisi akademik səviyyədə deyil, məhdud çərçivəli şəriət müstəvisində  həyata keçirilir, gerçək dini əqidə kimi sələfi (vəhhabi) cərəyanı öyrədilir.

Fiqhdə hənbəli, əqidədə sələfi prinsiplərini əsas götürən bu tədris mərkəzində yalnız şiə məzhəbi deyil, həm də sünni məzhəbi daxilindəki fərqli qollar inkar edilir, nəticədə təəssübkeşlik və dözümsüzlüklə müşayiət olunan dünyagörüşü “əsl İslam dini və tövhid inancı” adı ilə tələbələrə aşılanır.

Maraqlı cəhət ondan ibarətdir ki, indiyədək Mədinə İslam Universitetində qeyd olunan dünyəvi peşə istiqamətləri üzrə təhsil almış azərbaycanlıya rast gəlinməyib, təhsil alanların tam əksəriyyəti “Dəvət və üsulid-din” istiqaməti üzrə ixtisaslaşıblar.

Əvvəllər ölkədə vəhhabi cərəyanı əcnəbi təbliğatçılar tərəfindən yayılırdısa, hazırda bu işi əksəriyyəti Mədinə İslam Universitetinin məzunu olan yerli “kadrlar” həyata keçirirlər. Bu təhsil müəssisəsinin məzunlarının təbliğatında “dəvət”, “əqaid” və “təfsir” mövzuları ağırlıq təşkil edir. Buna səbəb qeyd olunan mövzuların təbliğ olunan dini cərəyanı bir doqmatik prinsip kimi hədəfə götürülmüş şəxslərə çatdırmağa imkan verməsidir.

Azərbaycanlı gənclərin dini təhsil almaq məqsədilə vaxtı ilə üz tutduqları ölkələrdən biri də Suriya idi. Onların əksəriyyəti Zeynəbiyyə dini hövzəsində təhsil alıblar.

G.İsmayılov söyləyib ki, orada da təhsil şəriət müstəvisində həyata keçirilir.

Ancaq Suriyadakı məlum vəziyyətlə əlaqədar azərbaycanlıların həmin ölkəyə dini təhsil üçün gedişi artıq dayanıb.

Zeynəbiyyə məzunlarının təbliğatlarında bir çox hallar məzhəb təəssübkeşlyi, digər məzhəbə qarşı aşağılayıcı dünyagörüşünü yaymağa çalışdıqları müşahidə edilir.

Maraqlıdır ki, vaxtı ilə Türkiyədə dini təhsil almış şəxslərin də ideyalarında təhlükəli tendensiyalar mövcuddur.

“Dini təhsil ardınca Türkiyəyə getmiş vətəndaşlarımızın qazandığı dini biliklər də bəzi hallarda milli və dövlət maraqlarımıza uyğun gəlmir. Digər ölkələrlə müqayisədə burada tədris prosesi akademik səviyyədə və dünyəvi mühitlə tarazlaşdırılmış formada həyata keçirilir və tələbələrə dünyəvi fənlər də öyrədilir. Lakin ölkənin xarakterik cəhəti kimi ilahiyyat fakültələri istisna olmaqla dini təhsilin əsasən fərqli camaatların təsiri və ya nəzarətində olması burada təhsil alan vətəndaşlarımızın dini biliklərə təriqətçilik səviyyəsində yiyələnməsini şərtləndirir”-deyə G.İsmayılov qeyd edir.

Xanımların da din təhsilinə önəm verirlər

Araşdırmamız zamanı hazırda xaricdə dini təhsil alan azərbaycanlıların sayı ilə bağlı statistik rəqəmləri də əldə etdik. Maraqlı məqam budur ki, azərbaycanlı qadınlar da İranda dini təhsilə cəlb edilir – özü də yaxınları bu işdə xüsusi canfəşanlıq göstərirlər.

Hazırda İranda 600-ə yaxın azərbaycanlı dini təhsil alır. Onlardan 50-yə yaxını qadındır. Azərbaycanlı qadın tələbələr əsasən, orada təhsil alan vətəndaşlarımızın yaxın qohumlarıdır.

İranda əsas dini təhsil Qumdadır, bununla belə Məşhəd, İsfahan və Təbrizdə də ilahiyyat təhsili verən qurumlar mövcuddur. Son illər təhsil almaq üçün Azərbaycandan Məşhədə gedənlərin sayında artım müşahidə olunur.

Səudiyyə Ərəbistanında isə oxuyan azərbaycanlıların sayında xeyli azalma var. Hazırda onların sayı 30-dan çox deyil. Əldə etdiyimiz məlumata görə, Səudiyyə Ərəbistanında təhsil alanlar arasında azərbaycanlı qadınlar yoxdur.

Dağıstanda din təhsili alanlar isə əsasən, Azərbaycanın şimal və şimal-qərb rayonlarından olan vətəndaşlarımızdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev saytımıza açıqlamasında əvvəlki illərlə hazırki dövrü müqayisə edib.

Onun sözlərinə görə1990- cı illərin ortaları 2000-ci illərin əvvəllərində dini təhsil almaq üçün xaricə gedənlərin sayı çox idi.

“Çünki onları göndərənlər çoxluq təşkil edirdi. Onları həm Qafqaz Müsəlmanları İdarəsindən, həm də bəzi dini təşkilatlar tərəfindən yollayırdılar.

Həmçinin, xarici dini təşkilatlar onları cəlb edirdi. 2001- ci ildən  sonra, həmin şəxslərin xaricə göndərilməsi nizamlandı, onları yalnız Qafqaz Müsəlmanları İdarəsi göndərə bilərdi. Sonradan qərara alındı ki, xaricdə dini təhsil alanların  diplomları burada qəbul olunmasın, çünki onların təhsili ilə bizimki arasında xeyli fərqlər var idi. Həm də ideoloji problemlər olurdu”-deyə R.Əliyev söyləyib.

Əldə etdiyimiz bilgiyə görə, həmin dövrdə uşaqlar 12-13 yaşdan gedib, başqa ölkənin həqiqətləri, ictimai şüuru ilə üz-üzə gəldiklərinə görə oranın ideologiyasını əxz edirdilər.

Məlumatlara görə, həmin şəxslər Azərbaycana qayıdandan sonra onların bura adaptasiya olunmaları çətinləşirdi.

Diplomları tanınmadığına görə, burada özlərinə iş tapmırdılarsa,  onların xaricdə aldığı təhsil öz əhəmiyyətini itirirdi.

R.Əliyev deyib ki, həmin dövrdə İranda 250, Misirdə 5, Türkiyədə 200-ə yaxın, həmçinin Liviya, Səudiyyə Ərəbistanında oxuyanlar var idi.

Ümumilikdə isə, təxminən 700-800 nəfər xaricdə dini təhsil alırdı.

 

“Burada təhlükə təhsildə deyil, insanların özündədir.Təhsil insanlara bilik, istiqamət verir. Təhsil üçün gedənlərin orada özlərini necə aparması tamamilə başqadır. Onların ideoloji cəhətdən hazırlanması, ictimai şüurunun dəyişməsi, bunların hamısı insan amilindən asılıdır.

Təhsil orda da, burada da təhsildir. Niyyət təkcə təhsil almaq olsaydı çox normal olardı. Amma onların xəbəri olmadan şüurlarını dəyişirlər, müxtəlif ideyaları şüuraltına yerləşdirirlər. Sonra bu ideologiyalar özünü  burada göstərir. Hətta insan özündən asılı olmadan hansısa ideologiya üzrə fəaliyyət göstərir. Buna görə də, bütün hallarda məsələ təhsildən deyil, onların ideoloji hazırlanmasından gedir. Bu cəhət isə bizi təmin etmir.

Həmin dövrdə təhsil alıb qayıdanlarda mənfi nəticələr var idi. Onlardan radikal qruplara qoşulanlar çox idi. Belələri arasında İrandan, Səudiyyə Ərəbistanından, hətta Misirdən gələnlərdən də var idi. Belə olmasaydı bizim münasibətimiz bu qədər kəskinləşməzdi”- R.Əliyev mövzunu belə şərh edib.  

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Qəmər Cavadlı isə hesab edir ki, xaricdə nə dini, nə də dünyəvi təhsil almaq qorxuludur:

“Qorxulu olan vətənə qayıtdıqdan sonra ölkəmizin və cəmiyyətimizin mənafelərinə uyğun olmayan dini təriqətlərin, sektaların, qruplaşmaların zərərli təkfirçi ideyalarını təbliğ etməkdir. 

Qafqaz Müsəlmanları İdarəsi dini təhsil müəssisələrində müəllim və tələbə mübadiləsini Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birlikdə mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirir”. 

Göründüyü kimi, xaricdə dini təhsil alanların sayında azalma olsa da, potensial risk və təhlükələr hələ də mövcuddur...

Aqşin KƏRİMOV

Əsmər QABİL