Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 13:31:00
Ucqar dağ kəndində 40 ildən sonra inqilab edən müəllim: “Hər sinifdə cəmi 1-2 qız var, bu, bədbəxtlikdir”

AzEdu.az “Ucqar kənd müəllimi” layihəsini davam etdirir. Bu layihə əsnasında, biz,əziz oxucu, sizinlə birlikdə bərabər “səyahət edirik”. Bəzən qarlı dağların qoynunda yerləşən bir kəndin, bəzən, çölün düzündəki bir obanın məktəbinə “qonaq olur” onun müəllimini görüşünüzə gətiririk.

Bu dəfə sizinlə birlikdə  yenidən uca dağlar qoynunda gizlənən, bəlkə də gözdən-qulaqdan iraq olan ucqar bir kəndə səfər edəcəyik: Yardımlı rayonunun Alar  kəndinə...Həmin kəndin 39 ildir ki, fizika müəlliminə həsrət qalan məktəbinin fədakar müəllimi  İnqilab Aslanov ilə söhbətdə oraları gəzib-qayıdacağıq. Hazırsınızsa, getdik... Amma yox, yaxşısı budur ki, biz hələlik, bir kənara çəkilirik, bu virtual “səyahəti” müəllimlə birlikdə edin... Amma ola bilsin, tezliklə qayıdıb, bu “səyahətdə” nəyəsə aydınlıq gətirək...

Yolunuz açıq olsun!!!

Ucqar kənddən ucqar kəndə

-Mən Aslanov İnqilab Xanlar oğlu Tovuz rayonunun Çatax kəndindənəm. 2013-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Fizika fakültəsinə daxil olub,  2017-ci ildə oranı bitirmişəm.

Bu il MİQ imtahanlarından uğurla  keçib, Yardımlı rayonu Alar kəndinin tam orta məktəbinə Fizika müəllimi təyin olunmuşam. Elə vakant yer kimi seçdiyim ilk məktəbə də düşmüşəm. Azərbaycanımızın ucqar yerini seçmişəm,bu, şəxsi istəyim olub. Öz rayonumuzda da bir neçə məktəbə qəbul olunmaq imkanım var idi. Evdən də məsləhət gördülər ki, yaxın, qonşu kəndləri seçim. Hətta öz rayonumuzun mərkəzində də məktəb seçə bilərdim. Amma onların heç birini deyil, kənar, ucqar rayonlarda yerləşən məktəblərdən birində işləmək istədim. Ən birinci,  Qubada hansısa ucqar dağ kəndində işləməyi düşünürdüm. Amma Yardımlının  Alar kəndində çalışmağıma görə də peşman deyiləm.

40 illik “hicranın” sonu

İnqilab müəllimin hazırda çalışdığı məktəbi seçməsinin bir əsas üstünlüyü də var: sən demə, düz, 39 ildir ki, həmin məktəbdə Fizika müəllimi yerli-dibli olmayıb. Köməkçi fənn müəllimləri Fizika kimi əsas predmeti tədris edirlərmiş... Bu, boşluğa İnqilab müəllim son qoyub; 40 ildən sonra...

-Çalışdığım məktəbdə  düz, 39 il idi ki, Fizika müəllimi yox idi. 40-cı ildə mən ora müəllim təyin olundum.  Təsəvvür edin, Fizikanı, Texnologiya və başqa fənn müəllimləri tədris edirdi. Elə mənim də məqsədim hər zaman o olub ki, harada ehtiyac varsa, ora da gedim. Tovuz Qərb bölgəsinə aiddir, biz tərəfdə dəqiq və təbiət elmləri, onların tədrisi çox güclüdür. Amma elə bir yer istəyirdim ki, orada Fizika fənnini tanıdım və sevdirim.Topladığım balın sayəsində lap  Bakı şəhərinə də düşə bilərdim. Amma bilirik ki,  şəhərdə onsuz da yaxşı müəllimlər çoxdur. Bu səbəbdən, ən birinci indi çalışdığım  Alar kəndini, sonra öz rayonumuzu ard-arda yazdım.

Dağ kəndinin “mühəndisləri” və “həkimləri” naminə

-Bizim kənddə də Fizika müəllimi yox idi. Həm bizim Çatax, həm də qonşu Çeşməli və başqa kəndlərin məktəblərində Fizika müəllimi çatışmırdı. Sonradan təklif gəldi ki, DQ-dan keç, bura   gəl. Lap keçməsəm də MİQ-də topladığım balımla rahat gedə bilərdim, yerdəyişmə edə bilərdim, amma istəmədim. İstəyirəm ki, Yardımlının ucqar dağ kəndindəki  uşaqlara Fizikanı öyrədim. Orada III qrupdan başqa sanki, heç bir  qrupa hazırlaşanlaryoxdu. İstəyirəm ordan gələcəyin mühəndisləri və həkimləri çıxsın.

“Kənd uşağı”nın devizi

-Özüm də kənd uşağıyam (gülür). Elə bu səbəbdən, ora gedəndən sonra heç bir problem görmədim. Çünki əvvəldən bu iqlim, şəraitə alışan, onun əhatəsində böyüyən adamam.  Hətta gedəndə dedilər ki, orda su problemdir, dedim ki, özüm də su daşımışam, kənd uşağıyam. Bilirsiz, şəhərdə hər şey tapmaq olar. Amma yaxşı şəxsiyyət odur ki, kiməsə, nəyəsə yarasın.Bizim Tovuzdakı kəndimizin yolları asfaltdır, oradakı şərait buradan yaxşıdır. Amma əsl ziyalı bütün şəraitlərdə  işə yaramalıdır.

“Mən sizə qonağam, a dağ yolları...”

Doğrudur, İnqilab müəllimin özü də Tovuzun ucqar kəndində böyüyb. Dağ-dərə, sıldırım qaya, yaşıl düzənlər ona da çox doğmadır. Amma Alar kəndi bir az fərqlidir. Oranın xüsusən də qışı çox sərt keçir. Elə İnqilab müəllimi də rayona çata-çatda bu cür “muştuluqlayıblar”. Amma heç həvəsdən düşmədiyini desə də, bəzi problemləri qabardır...

-Rayona çatanda gedəcəyim Alar kəndini çox  çətin yer  kimi “tərənnüm etdilər”. O mənada ki, sosial şəraiti yaxşı deyildi. Doğru deyiblər ki, yol mədəniyyətdir. Adamın psixologiyasına təsir edir. Oralarda ancaq UAZ markalı maşınlar işləyir. Kəndə getmək üçün gərək 1-2 gün öncədən yer sifariş edəsən. Rayona gedəndə də normal maşın 4 nəfər götürürsə, biz 6-7 nəfər minirdik.

-Hə, ora getdiyim ilk günə qayıdaq: Kəndə çatdıq,  qeydiyyatdan keçdim. Məktəb açılmamışdan iki öncə idi... Üç nəfər idik: Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat müəllimləri və mən. İlk gün daha çox  icra nümayəndəsinin yanında olduq, o da evlər təklif etdi. Bununla yanaşı, kəndlilər də kömək etdilər. Deyərdim ki, kollektivdən daha çox, kənd camaatı bizim gəlişimizə  maraqlı idi. Qalacağımız evi çətinlik çəkmədən  tapdıq. Otaq yoldaşım olan  Azərbaycan dili və Ədəbiyyat müəllimi sosial şəraitlə heç cür barışa bilmirdi. Çünki o Masallı rayonunun sosial şəraiti yaxşı olan  kəndindən idi.  Yardımlıda isə vəziyyət bir az  fərqlənirdi. Ora  dağ rayonudur. Mən Tovuzun dağ kəndindən olduğum üçün, hər şey mənə  normal idi. Alışmağımda problem olmadı.

Amma qışı da qışdı ha.. Qışda bərk şaxta olduğundan yaxındakı bulaqlar belə donurdu. Qaldığımız yerin  şəraitinə baxmayaq, yaxşı qonşularımız var. Şagirdlərimiz də bizə dəstək olurdu, su gətirməkdə kömək edirdilər. Təbii qaz olmadığı üçün bizdə yanacaq kimi odundan istifadə edilir. Səhər dərsə gedib gələndən sonra odun peçi qalayırdıq. Günorta növbəsi də dərsim var idi. Axşam da bədii ədəbiyyatlar oxuyur, sabahkı dərslərə  hazırlaşırdım.

İndi keçək sözümüzün Alməmmədinə - yəni, məktəbə...

-Məktəbdə sosial şərait ümumi olaraq müasir təhsil sisteminə uyğun deyil. Düzdür bina 2005-ci ildə tikilsə də, müasir səviyyədə avadanlıqlar yoxdur. Növbəti ildə fikrim var ki, Fizika kabineti yaradım. Fizika cihazları var, amma heç qutudan çıxarılmayıb. Əvvəl gedəndə elə bilirdim cihaz yoxdur, amma təmir olunanda veriblər. Növbəti ildə Fizika kabinetində onları quraşdıracam, şəxsi pulumla da olsa, kompüter, proyektor alıb qoşacam. Ən azından, bacardığım səviyyədə müasir dərs metodu ilə dərsləri tədris edəcəm.

Əbədi və əzəli arzu – qızların təhsili...

-Məktəbimizdə   305 şagird oxuyur. Tam orta məktəbdir, paralel siniflər də var. Alarda camaat  köçəri həyat tərzi keçirirlər. Ona görə məktəbə ancaq oxumaq məqsədi olanlar gəlir. Ən pis cəhət də odur ki, o zonalarda qızlara təhsil verilmir. Bu, ən böyük bədbəxtlikdir. Birinci istəyim orada qızlara təhsil verməkdir. Bacardığım qədər də bu işdə köməklik edirəm. Orada IV sinfə qədər hamı dərsə gəlir. V sinifdən başlayaraq isə, əsasən, oxuyanlar və qızları isə demək olar ki, heç göndərmirlər. Hər sinifdə 1-2 iki qız uşağı olar. Bu da oxumaq məqsədi olanlardır. Hər sinifdə  22-25 şagird var.  Amma adətən dərslərdə 12 nəfər olur.IX sinif var, orda 3-4 nəfər məktəbə gəlir. Ən böyük problem də heyvandarlıqla məşğul olmaqlarıdır. Kənd camaatı ilə görüşəndə də demişəm, bütün bunlar müvəqqətidir. Sizə əsas təhsil lazım olacaq. Biz ora gedəndən sonra müəyyən mənada ayılıblar ki, oxumaq lazımdır. Təhsilə qızlar da cəlb olunur,kənddə canlanma var. Məktəb abu-havasını müəyyən dərəcədə, bacardığımız qədər yaratmışıq.

“Mən işləyəcəyəm!”

-Bayaq edik ki, məktəbdə Fiziki müəllimi yoxdur. Bunun da əsas səbəbi odur ki, kəndin sosial şəraiti pisdir. Əsas da yol o qədər çətindir ki! Normal halda UAZ-a heç minmirik, ancaq odun, ot daşımaq üçün istifadə edirik. Amma o kəndin sosial şəraiti və yolları o qədər çətindir ki, nəqliyyat vasitələri ancaq bu maşınlardır. Ona görə ora gələn müəllimlərdə şəraiti görüb qaçırlar. Mən Masallıdan Yardımlıya gedənə qədər dedilər ki, orada qalmaq olmayacaq. Hətta biri dedi ki, biz ora neçə ildi müəllim gətiririk, qalmır. Dedim, görəcəksiz necə işləyəcəm orda (gülür)

Bir daha yol haqqında

-Biz kəndə gedəndə yollarımızın bir hissəsi Lerikdən keçirdi. Gedəndə maşın dayanır, sürüşmə çox olurdu. Bəzən, gediləsi çox çətin olan yollarda maşından düşüb, qalan yolu piyada gedirik.

Noyabr ayında rayona gəlirdik,Lerikin Gendov kəndinin ərazisindən keçəndə orada çay daşmışdı. Hamımız maşından düşdük,yük maşınına zəng vurub çağırdıq. UAZ ları da qoşquyla dartıb keçirdilər.

Bir sözlə, ümumi götürsək, oktyabrdan aprel ayına qədər o kəndə giriş-çıxış çətin olur.

Qeyri-adi üsulla keçirilən Fizika dərsləri...

-Əsas problemimiz internetin olmamasıdır. İnternet olanda kompüterlə daha yaxşı göstərirsən hər şeyi... Məndə nə qədər universitet vaxtından qalma  video materiallar var. Bundan əlavə MİQ imtahanları ilə bağlı açıq dərslər var. Bəzi müəllimlərlə video dərslər hazırlayıb paylaşırıq. Elə şeylər var ki, kitablarda yoxdur onları da uşaqlara deyirəm. İnteqrasiyanı güclü aparıram. Fizika elə fəndir ki, elə şey yoxdur ki,onun qarşılığı təbiətdə olmaya. Kənddəkilər şəhər uşaqlarına nisbətən bunları daha tez görür. VIII sinifdə “Cərəyan şiddəti” mövzusunu başa salanda ən yaxşı çaylar üzərində  izah etdim. Məsələn, naqilin N zamanda kəsiyindən keçən  yüklərin sayı. Kür və Araz çayları Xəzər dənizinə tökülür. Suqovuşanda  eyni xətdə orda molekulların sayı çoxalır. Eynən cərəyan şiddəti də eyni şeydir. Bilirik ki, bütün maddələr istidən genişlənir. Soruşurdum ki, uşaqlar isti havada siz yanaşı oturursuz , ya soyuq havada. Deməli maddələr istidən genişlənirlər, bütün maddələrin xassəsidir. Fizikanın elə bir bölməsi yoxdur ki, orada motivasiya olmasın.

Qənaətlə işlədilən odun

-Ailədə elə hallar olur ki, deyirik, nəyisə az işlətmək lazımdır. Eynilə, məktəbdə odunu da. Bəzən, odunumuz az olanda deyirik, bu həftəni yola verək, növbəti həftə maşına deyərik gətirər. Bu problem hər yerdə:ailədə, məktəbdə də ola bilər. Ümumi olaraq bu il bizdə odun problemi yaşanmadı. Hava isti keçdi, qar yağmadı. Demək olar ki 4 dəfə qar yağdı, bu da normal hal deyil. Amma ümumilikdə, kənd yeridirsə bu problem həmişə ola bilir. Odunu məktəbə göndərirlər.

Dağ ağrıları

-Bioloji tərəfin deyək ki, orada təzyiq çox aşağıdır deyə, insanın baş ağrıları olur. Şəhər məktəbindən getmiş müəllim olsa, o daha yaxşı görər problemləri.Soyuqluğu hamı hiss edir, amma təzyiq məsələsi var. Qan dövranı insanda problemlər yaradır.

Ucqar kənddə tərs müəllim

-Elə şagirdlər olub ki, dərsimdən icazə alıblar, amma izn verməmişəm. Demişəm, kimə şikayət edirsiz edin. Onların acığına gəlib ki, təzə müəllim ola, belə hökm edə. Məni hökmlü tanıyırlar, deyirlər, tərs müəllimdi. Amma bunu yaxşı mənada edirəm.Sinifdə dərsə 5 nəfər gəldiyi halda belə onlara yalnız bugünki dərsləri deyil, əlavə məlumatlar da vermişəm. Uşaqları digər boş vaxtlarda əlavə dərslərə də çağırmışam. Məsələn, VII,VIII siniflərdə normalda Fizika 2 saatdır,amma  mən onlara əlavə də tədris edirəm. Belə məsələlərdə, müəllimlər də, kənd camaatı müəyyən mənada məni alqışlayır. Gəlməyənlərə köhnə dərsi yenidənkeçmişəm. İstəyənlərə əlavə riyaziyyat, kimyadan da məşğul olmuşam. Həmişə uşaqlarla yaxşı münasibətdə olmaq lazımdır. Elə müəllimlər var ki, uşaqla sərt rəftar edir ki, ondan qorxub, müəyyən suallar verməsin. Hər zaman deyirəm, məni yolda da görsəniz sualınız varsa verin. Bilmirəm öyrənib gələcəm. Hansı fənn olur olsun, öyrənib deyəcəm.

Lazım olanda uşaqları əlavə hazırlığa çağırıram. Onlarda riyaziyyat çox zəif olduğuna görə,uşaqlara dərsi tədris edirəm, hər bir şeyi izah edirəm, qavrayırlar. Amma məsələ verirəm, deyirlər yaza bilməmişik. Görürəm ki, hesablamalarda səhvlər ediblər. Bilirəm ki, VII sinfə çatmış uşaq adi onluq kəsrləri bilməlidir. Ona görə çağırmışam, məsələn musiqi dərsində, istənilən uyğun saatlarda riyaziyyatla məşğul olmuşam.

Bütün bunlara görə, kənd camaatı mənə qarşı çox doğma mehribandırlar. Hətta deyirlər ki, yerini dəyişmə.

Keçək əsas məsələyə

-16 saat dərsim var. 495 manat əməkhaqqı alıram. O qədər yol gəlib-gedirik ki, xərcimiz çox çıxır. Öz kəndimizdə işləsəydim daha ucuz başa gələrdi. Amma işimə mənəvi yöndən  yanaşıram. Cəmiyyətimizə yararlı biri kimi düşünürəm. Maaşım elə də az deyil, minumum tələbatları ödəyirsə, yaxşı deməkdir. Çox olsa daha yaxşı olar.

MONOLOQ

Dram əsərlərində kuluminasiya nöqtəsi qəhrəmanın monoloqudur. Bizim söhbətdə də ucqar dağ kəndinin müəlliminin monoloqunu sonda sizə təqdim edirik:

“Yalnız Yardımlıda əksər kəndlərdə qızların təhsili barəsində vəziyyət eynidir. Ən çox kəndin tanınmiş ziyalılarına müəllimlərə deyirəm. Hətta müəllimlərin qızları məktəbə gəlmir. Onlara deyirəm ki, kənd camaatının savadı yoxdur, bəs sizə nə olub, sizdə qızınızı belə böyütmək istəyirsiz?! O qədər təbliğat işləri apardım, deyirəm, lap oxumasın amma şəxsiyyət kimi formalaşır. Fərqi yoxdur, qız, ya oğlan. Sabah bunların cəmiyyətdə özünü aparması, ailə qurması var. Əslində kurikulumun məqsədi o idi ki, nitq qabiliyyəti problemləri həll olunsun. İcra nümayəndəsi ilə danışdıq, o da dedi kəndin ən ziyalısı mənəm, amma təsərrüfata görə, oğlumu təhsildən uzaqlaşdırmışam. Amma indi başa düşürəm ki, səhv etmişəm.

Məktəbə qızlar gələndə deyirəm ki, ən xoşbəxt qızlarsınız ki, məktəbə gəlirsiniz”.

Gənc kadrları yoxlayırlar,lazımi tələbaları ödədiyimiz halda bizə dərs yükü verirlər. Amma yaşlı müəllimlərə deyirlər ki,  “imtahanda 6 bal yığ, bəsindir”. Çox müəllim də bundan arxayınlaşır. DQ-da 5-10 bal yığır. Amma bu heç bir halda düzgün deyil. Demirəm ki, neçə ilin müəllimlərinə hörmətsizlik olsun, əgər imtahandan keçməyibsə, onu işdən çıxarsınlar.   Ən azından, tərəzidə müqayisə etmək olar. Əgər ən ucqar kəndə 40 balla qəbul olunursansa, səninlə bərabər eyni fənni 6-7 bal toplamış müəllim tədris edirsə, heç cür haqlı deyil. Onlara da müəyyən şans vermək lazımdır. İmtahanda kimsə özünü pis hiss edə, şansı gətirməyə bilər. Amma müəllim suallardan  ən azı 30-na cavab verməlidir. Əgər cavab verə bilmirsə, o müəllim nə səviyyədə olacaq və uşaqlara nə öyrədəcək?! İnsan bildiyinin ümumi 10%-ni kiməsə çatdıra bilir.Məsələn mən 40 balla gəlmişəm bildiyim 10 sualdan 4-nü çatdıra bilirəm. Gərək müəllimlərə də müəyyən dərəcədə müdaxilə edələr.

DQ-dan keçəndən sonra dərs yükünə görə maaş müəyyən olunmalıdır,amma demək olar ki, bu, belə olmur. Bu, məktəbdən, münasibətlərdən asılıdır. Elə şey var ki, onu insanlığa buraxırıq. Məsələn, 20 yaş böyük bir müəllim gedib 6 bal yığır, məsələn 40 saat dərs var. Adamın ürəyi götürməz 5-ni ona verib qalanını özünə götürmək. Qanun olsa hamı öz işini bilər.

Hə, bir də bizdə əsas problem odur ki, qadın müəllimlər  yoxdur. Qadın müəllimlərinin olmamasının əsas problemi həm də qız uşaqlarının oxumamasıdır. Bizdə də bir rus dili qadın müəlliməsidir, o da ancaq həftədə bir gündə dərs saatında gəlib dərsin keçib gedir.

Axıra qədər kənddə qalmaq fikrim yoxdur. Əgər bir yerdə işləyirsənsə inkişaf etməlisən. Direktorluq üçün 5 il staj olmalıdır. Sonra direktorların işə qəbulu imtahanından keçmək.Sonra daha yüksəlmək.Direktordan sonra Təhsil Şöbəsi müdiri ola bilər.

Elmin Nuri

Əsmər Qabil