Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 14:09:00
“Müəllimlər lazımsız kurslara məcburi cəlb olunur” – Təhsil işçisindən etiraz

“Kurslar, treninqlər arasındakı sağlam olmayan "rəqabət", sertifikat alveri təhsilimiz üçün xoş  heç nə vəd edə bilməz. Daha çox təəssüf doğuran isə budur ki, belələri müxtəlif dairələrdə özlərinə havadar axtarır  və bəzən bunu tapırlar da. Müxtəlif təhsili idarəetmə rəhbərləri ilə birgə qazanc əldə etmək maraqları müəllimlərin ehtiyacı oldu-olmadı, bu kimi tədbirlərə məcburi cəlbinə səbəb olur”.

AzEdu.az  xəbər verir ki, bunu   İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyev kurslarla bağlı etdiyi təkliflər zamanı deyib. O, son illər təhsil sahəsində xeyli işlər görüldüyünü vurğulayıb:

“Son illər ölkəmizdə məqsədyönlü təhsil islahatları baş verib. Yenilikləri vaxtında mənimsənilib, operativlik üçün uğurlu proqramlar, layihələr həyata keçirilib, müəllimlərin müvafiq kurslar, treninqlərdən keçməsi istiqamətində çox işlər görülüb. Kurs və treninq aparan müəllimlərin çoxunun bu işi lazımı bacarıqla, məsuliyyətlə yerinə yetirdiyinin şahidi olmuşuq. Öz yaradıcı biliyi, məlumatlılığı, öyrətmək həvəsi ilə müəllimlərin yaddaşlarında qalanlar çoxdur”.

Kurslar arasında ucuz rəqabəti vurğulayan Vahid Tağıyev müəllimlərin lazımsız treninqlərə məcburi cəlb olunduğunu bildirib:

“Son zamanlar MİQ və DQ imtahanlarına hazırlıq, az bal toplayanların yenidən hazırlaşaraq öz nəticələrini yaxşılaşdırmaq istəyi müəllim hazırlığı məsələsini çox aktuallaşdırıb. Bu, anlaşılandır. Amma kütləvilik, kurs  adı ilə müəllimlərin vaxtını, maddiyyatını istismar edən təsadüfi "treninqçilər"in sayının artmasına da səbəb olub. Bu treninqlərin mövzuya uyğun proqramı, icrasının təşkili, aparıcının qabiliyyəti nə dərəcədə məqsədəuyğundur?! Az qala, hər gün ucuz reklamlarla özlərini öyənlərin, təbliğatın şahidi oluruq. Onlar arasındakı sağlam olmayan "rəqabət", sertifikat alveri təhsilimiz üçün xoş heç nə vəd edə bilməz. Daha çox təəssüf doğuran isə budur ki, belələri müxtəlif dairələrdə özlərinə havadar axtarır və bəzən bunu tapırlar da. Müxtəlif təhsili idarəetmə rəhbərləri ilə birgə qazanc əldə etmək maraqları müəllimlərin ehtiyacı oldu-olmadı, bu kimi tədbirlərə məcburi cəlbinə səbəb olur”.

O, bu kimi problemlərin qarşısını almaq məqdsədilə öncə müəllimlərin maarifləndirilməsini təklif edib:

“Odur ki, sağlam məqsədli olmayan belə məsələlərin qarşısını almaq üçün müəyyən təkliflərim var. Ümumiyyətlə, müəllimlərin şəxsi maraqlara hesablanan müxtəlif kurslara cəlb edilməsi, onlara lazımsız sertifikatların verilməsi hallarının qarşısını alınmaq üçün Təhsil Nazirliyi səviyyəsində müvafiq tədbirlər görülməsinə ehtiyac var. Məsələn, müəllimlər arasında maarifləndirmə işləri aparılmalıdır. Onların bəzən şayiələrin təsiri altına düşməsi, məlumatsızlığı və özünə inamsızlığının qarşısı alınmalıdır.

Tələbata cavab verməyən, habelə rəsmi qaydada kurs, treninq keçirmək səlahiyyəti olmayanlar haqqında müvafiq tədbirlər görülməli, ən azından insanlar vaxtında onlar haqqında məlumatlandırılmalıdır. Belə kurslara şərait yaradan təhsili idaredənlər haqqında müvafiq ölçü götürülməli, tələbat olan kurslar yalnız Təhsil Nazirliyi tərəfindən istiqamətləndirilməlidir.

Müvafiq qanunvericilik bazası hazır olandan sonra sertifikasiyanın istiqamətləri, məzmunu haqqında müəllimlərlə ödənişsiz, bir neçə günlük seminar xarakterli məlumatlar verilsə yaxşı olar. Bundan sonra ehtiyacı olan müəllimlər ödənişli şəkildə dərinləşmiş proqramla müvafiq kurslara cəlb edilə bilərlər”.

Onun fikrincə, təlimçilər bu missiyanı yetinə yetirəcək qədər bacarıqlı olmalıdırlar:

“Yenilik, inkişaf olduqca əlavə kurslar da qaçılmazdır. Başa düşürəm ki, bəzi bazar düşüncəli həvəskar "kursçular" bu yazıdan xoşlanmayıb ünvanıma nələrsə deyə bilərlər. Şübhəsiz ki, bu sahədə bütün dəyərləri ilə özünü təsdiq edən, treninq aparmaq təcrübəsi olan müəllimlərimiz mənimlə razılaşar. Gərək, öncə  hər kəs özünü görə bilsin. Biz bu mərhələni də keçməliyik, öyrədənləri öyrədən bu missiyanı yerinə yetirməyə layiq olmalıdır.”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları