Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 13:07:00
Müsahibədən uğurla keçən müəllim ona yardımçı olan metodlardan danışdı – Həmkarları mütləq faydalansınlar

“Müahibədə iştirak edəcək namizədlərə tövsiyə edirəm ki, özlərini boşuna həyəcanlandırmasınlar. Orada qeyri-adi heç nə soruşulmur. Sadəcə, bildiklərini tam ifadə etmək lazımdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Sənan Kərimov deyib. O, müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsində Azərbaycan dili və Ədəbiyyat üzrə iştirak edib. Təəssüratlarını bölüşən gənc müəllim  müsahibə zamanı ona verilən suallara da aydınlıq gətirib:

“Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. İstər təşkilatçılıq, istərsə də namizədlərə münasibət... Müsahibədən problemsiz şəkildə keçdik.

Əvvəl çox həyəcanlı idim. İlk dəfə idi ki, müsahibədə iştirak edəcəkdim. Hələ belə həyəcanın şahidi olmamışdım. Amma ilk sualı cavabladıqdan sonra içimdə rahatlıq yarandı. Sualları ardıcıl cavablandırmağa başladım.

Əsasən, yeni təhsil sistemi- kurikulumla bağlı suallar verildi. İxtisas üzrə, psixoloji durumla bağlı suallar da var idi. İlk verilən sual o oldu ki, müəllim olmaqda məqsədin nədir? Mən cavabladıqdan sonra müasir təlimlə bağlı suallar verməyə başladılar. Hansı sinifdə dərs keçmək istədiyimi soruşdular. Mənim üçün heç bir fərqi olmadığını dedim. İbtidadi sinifdən yuxarı hər kəsə dərs demək borcumuzdur. Bu sənəti seçmişiksə, neçənci sinif olması fərq etməz”.

Müəllim müsahibə zamanı ona kömək olan, hazırlıq prosesində istifadə etdiyi metodlardan da danışıb:

“Müsahibəyə hazırlaşarkən əvvəlki illərin namizədlərindən müəyyən məlumatlar əldə etmişdim. Müəyyən elektron müsahibə materialları oxumuşdum. Əvvəlki illərin namizədlərindən ümumi dünyagörüşü ilə bağlı hansı istiqamətdə sualların verilməsini maraqlanıb sırf o istiqamətdə hazırlaşmışdım. Elə gözlədiyim istiqamətdə suallar verildi.

Bunlar mənə çox kömək etdi. Demək olar ki, çətinlik çəkdiyim sual olmadı. Qiymətləndirmə ilə bağlı sual verdilər. Ətraflı izah etdim. Özüm də hiss etdim ki, ekspertləri tam qane etməyi bacardım. 10-12 sual cavablandırdım. Sanki hər biri gözlədiyim suallar idi”.

O, həmkarlarına özlərini boşuna həyəcanlandırmamağı tövsiyə edib:

“Müahibədə iştirak edəcək namizədlərə tövsiyə edirəm ki, özlərini boşuna həyəcanlandırmasınlar. Orada qeyri-adi heç nə soruşulmur. Sadəcə bildiklərini tam ifadə etmək lazımdır.  Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir. Mən test imtahanında 51 bal toplamışdım. Beyləqanda yaşadığıma görə elə bu rayonun Əhmədli kəndini seçmişəm. Sənədlərimi məktəbə təqdim etmək üçün müsahibənin nəticələrini gözləyirəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları