Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 09:38:00
Şagirdləri “Füzuli məntiqi” ilə idarə edən nümunəvi məktəbin direktoru: “40 illik təcrübəmlə bu işləri görürəm”

Bu il qəbul imtahanlarında yüksək nəticə göstərən məktəblər sırasında Bərdə şəhər 8 nömrəli məktəbdə yer alır. Məktəbi bitirən 65 şagirddən 50-si ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edib. Bildirək ki, bu müəssisə humanitar yönümlü pilot məktəbdir.

Məktəbin direktoru, əməkdar müəllim  Qənbər   Ağayev  AzEdu.az-a açıqlamasında  bildirib ki, builki məzunlardan 34 nəfəri universitetə daxil olub:

“Bu il 50 nəfər qəbul imtahanına girmişdi. Onlardan 34-ü lazım olan balı toplayıb. Şagirdlərimiz arasında beş nəfər 600-dən çox, 10-u isə 500-dən yuxarı nəticə göstərib. Ən yüksək bal isə Təhməzova Leylada olub. O,  III ixtisas qrupu üzrə hər iki imtahanda iştirak edib. Birinci imtahanda 677, ikincidə isə 695 bal toplayıb. Ondan maksimum nəticəni gözləyirdik. 600-dən yuxarı bal toplayanlar arasında 682, 671, 658,632 nəticə göstərənlər var. 682 bal toplayan isə  IV ixtisas qrupu üzrədir.

Qənbər müəllim, həmçinin,  təhsilin mürəkkəbliyi, ciddi bir sistem olması və bütün bunların müqabilində məktəbin nailiyyətlərindən də danışıb:

“Təhsil mürəkkəb  prosesdir: kollegial deyil, burada hər bir fərd seçimi özü edir. O bütün zamanlarda problemlidir. Təhsildə problemlər  vaxtilə də olub, bu gün də, gələcəkdə də olacaq. Uğurun 70 %-i  təhsil müəssisəsinə  rəhbərlik edən adamdan  asılıdır. Rəhbər məktəbə dərs saatına uyğun lazımi kollektiv yığmalıdır; 5-6 saata gününü keçirən müəllim deyil.

8 nömrəli məktəb  2007-ci ildə təşkil olunub,  ilk  direktoru  mən olmuşam. Rəhbəri olduğum üçüncü məktəbdir.  Nailiyyətin əsası işdədir. İkincisi, kurikulum sistemiylə bağlı bizim müəllimlərin qabaqçıl iş təcrübəsi var. Həmçinin, məktəbimiz ilin məktəbi seçilib, üç əməkdaşımız “İlin müəllimi”, üçü isə Əməkdar müəllim olub. O cümlədən, mən də Əməkdar müəllim adına layiq görülmüşəm. Rayondan bununla üçüncü dəfədir ki, 680,690,695 balla şagirdlərimiz prezident təqaüdünə layiq görülüb. Bu müəllimlər və valideynlərlə apardığımız birgə işin nəticəsidir. Müəllim-məktəb, valideyn -məktəb, valideyn- müəllim- bu üçbucaq bərabərtərəfli olmalıdır.  Valideyn də, məktəb də istəyər ki, uşaq yaxşı oxusun,  savadlı olsun.  Amma şagirdi bu işə cəlb etmək lazımdır, çünki burada əsas fərd şagirddir. Ona görə, şagird, valideyn, məktəb üçbucağın tərəfləridirsə , onların bərabərtərəfli olması üçün məktəbin rəhbəri işlər görməlidir. 40 illik direktorluq təcrübəm sayəsində bu işi qura bilirəm. Bizim məktəb pilot məktəblər sırasında humanitar təmayüllüdür.  Biz şagirdə IX sinfə qədər bütün fənləri mənimsədə bilirik. Şagirdlər VIII sinfi bitirəndə valideynləri ilə metodiki iclas keçirirəm. Onlarla yığışırıq, hər bir şagirdin gələcəkdə hansı sənət sahibi ola biləcəyini valideynlərə aşılayıram. Uşaqlarda həvəs yaradırıq. Füzuli deyir ki:

“Zəvzidə həvəs eşqidə-divanəlik üçündür,

Gül bülbül üçün, Şəm isə pərvanə üçündür”.

Əgər şagird oxuyursa,  onu oxutmaq lazımdır. Oxuması üçün də şərait olmalıdır. Ov etmək üçün əldə silah vacibdir. Silahın içində də qarşıdakı ovu öldürə bilən güllən olmalıdır. Bizim hər şeyimiz var. Uşaq psixologiyası elədir ki, onu məcbur etməsən, diktə etməsən oxumur. Bizdə onları insani hisslərlə doğmalarımız kimi başa salırıq. Başa düşməyəndə valideynlərlə birgə müəllimlər də üstünə düşüb, boş vaxtının olmasına imkan vermirik. Güclü dərnəklər, fakultativ məşğələlər təşkil edirik. Bununla da belə nəticələrimiz olur. Burada qeyri-adi bir şey yoxdur”.