Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 17:47:00
Məktəbli forması və çantasının  azyaşlı  şagirdlər üçün ağlasığmaz fəsadları- Pediatrdan həyəcan təbili

“Məktəbli çantalarının ağırlığı içindəki məktəb ləvazimatları ilə birlikdə uşağın bədən çəkisinin 10 faizi qədər olmalıdır. Məsələn, 6 yaşlı uşağın bədən çəkisini 22 kq olduğunu nəzərə alsaq, deməli, çantanın ağırlığı 2,2 kq olmalıdır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı həkim-pediatr Vaqif Qarayev deyib. O, qeyd edib ki, son vaxtlar azyaşlı uşaqlarda onurğa sütununun deformasiyaları halları (skolioz, kifoz, lordoz) artıb:

“Bunun bir səbəbi də ibtidai sinif şagirdlərinə optimal ağırlıqda məktəbli çantalarını seçə bilməməyimizdir. Çantanın allı-güllü olmağına fikir vermək lazım deyil. Çanta seçərkən diqqət etmək lazımdır ki, ucuz olsa da, sağlamlığa ziyan verməsin. Çanta kürəyə tam oturmalı, hər iki çiyinə eyni ağırlıq düşməlidir. Portfeldən istifadə etmək isə, ümumiyyətlə, düzgün deyil. Çünki o zaman ağırlıq bir tərəfə düşür. Çantaların materialı sintetikdən olsa daha məqsədəuyğundur.

Ən əsası isə çantanın ağırlığı içindəki məktəb ləvazimatları ilə birlikdə uşağın bədən çəkisinin 10 faizi qədər olmalıdır. Məsələn 6 yaşlı uşağın bədən çəkisini 22 kq olduğunu nəzərə alsaq, deməli çantanın ağırlığı 2,2 kq olmalıdır. Amerika Pediatriya Akademiyası isə aşağıdakı normativləri təqdim edir(məktəb ləvazimatları ilə birlikdə):

Birinci sinif - 1,2 kq;
ikinci sinif - 1,6 kq;
üçüncü sinif - 2,3 kq;
dördüncü sinif - 2,6 kq”

Həkim həmçinin, məktəbli formaları barədə də danışıb. O, qeyd edib ki, ümumilikdə geyim uşaqları ətraf mühitin zərərli təsirindən, dərinin mexaniki zədələnməsindən və s. qoruyur:

“Düzgün seçilməyən, gigiyenik tələblərə cavab verməyən materialdan tikilmiş geyimlər uşaqlarda müxtəlif dəri xəstəlikləri, soyuqdəymə xəstəliklərinə meyillilik yarada bilər.

-Məktəbli formaları yun, pambıq parçadan tikilməli ya da materialın tərkibində ən azı 50-60 faiz yun, pambıq olmalıdır. Belə geyimlər hiqroskopik (rütubəti udma) və yüksək havakeçirmə qabiliyyətinə malik olurlar. Bu halda uşağın bədəni ilə ətraf mühit arasında temperatur fərqi yaranmır. Yəni,  bədən temperaturu stabil qalır.

- Sintetik materialdan forma geyinmək düzgün deyil. Çünki bu material hava keçirmir, beləcə bədən daim tərli olur. Ona görə, tez-tez soyuqdəymələr baş verir. Bundan başqa dəridə allergik problemlər də qaçılmaz hal alır.

-Məktəbli geyiminin rəngi parlaq olmamalıdır. Çünki parlaq rənglər görməyə pis təsir edir.

-Geyim rahat olmalıdı-dar və ya həddindən artıq geniş(sallaq) olmamalıdır. Bu şagirdlərdə psixoloji diskomfort yaradır.

- Geyimin rəngi yuyulmaya davamlı olmalıdır. Yəni yuyulduqca solmamalıdır. Bu materiallardan tikilmiş geyimlər baha olur, amma sağlamlığa zəmanət verir.

Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın. Əks halda məsləhət deyil!”