Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 15:01:37
“İxtisas suallarının hamısı kurikulum əsasında hazırlansaydı, müəllimlərin çoxu keçid balını toplaya bilməyəcəkdilər” – EKSPERT

“Kurikulum” Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedaqoji termin kimi daxil olub. Mənası əski latın dilində “yol”, “istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlənməyə başlayıb.

Kurikulum - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.

Bu sənəd Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq olunub.

“MİQ imtahanında kurikulum əsasında sualların az salınmasından şikayət edənlər, adətən, sıravi müəllimlər yox, repetitorluqla məşğul olan müəllimlər olur.

Çünki, MİQ imtahanı ilə qəbul imtahaları ayrı-ayrı şeylərdir. Əvvəla MİQ imtahanlarının sualları sırf kurrikulum əsasında tərtib olunsaydı, işə qəbulla bağlı müraciət edənlərin kifayət qədər qismi lazımı keçid balını toplamaqda çətinliklərlə üzləşəcək və işlə təmin olunmaq şansını əldən verəcəkdilər. Çünki, kurikulumla bağlı yaranan problemlər barədə kifayət qədər deyilib və yazılıb”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Nadir İsrafilov deyib:

“Sabiq Təhsil naziri Mikayıl Cabbarovun təbirincə desək, biz 2008-2009-cu tədris ilində təhsil sistemimizdə yeni kurikulumun tətbiq olunmasına başlamışıq. Amma müəllimlərə “yeni kurrikulumun tələbləri nədir, bu, onların işində, peşəkar hazırlığında hansı yenilikləri və hazırlıqları tələb edir” mövzusunda təlim və tədris aparmağı unutmuşuq. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi də aydındır.

Elə DİM sədri Məleykə Abbaszadənin də kurikulum sesteminə münasibəti bir o qədər ürəkaçan olmayıb: “20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil””.

Ekspertin fikrincə, kurikulumun ləğv olunacağı barədə dolaşan şaiyələr əsassız olsa da, bu sistemdəki təkmilləşmə və yeniləşmə istiqamətində aparılan işlər reallığa yaxındır:

“Kurikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətlərinin qiymətləndirmə formalarından biri olan summativlərin ləğvi ilə bağlı təklifin müzakirəyə çıxarılması, kurikulum əsasında təhsil alan uşaqlar on birinci sinfə çatanda onların buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər olacağı barədə rəsmi bəyanatlar, 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin müzakirəsi zamanı Təhsil Nazirliyi ilə DİM arasında ümumi razılığın əldə edilməsi və s. hələ ki, qismən də olsa müəyyən dəyişikliklər ediləcəyindən xəbər verir.

Bunula belə bu məsələdə vəziyyəti həddən artıq dramatikləşdirməyə və hər hansı bir narahatlıq keçirməyə lüzum görmürəm. Yəni, sadəcə olaraq, artıq bəyan edildiyi kimi 2019-cu ildə də buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq, buraxılış imtahanının formatı necə olubsa, yenə həmin eyni cür nəzərdə tutulub. Sadəcə, yeni modelə əsasən, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələcək ki, bu da ümumi nəticə əldə olunmasına xidmət edəcək. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Daha konkret desək, “əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək””.