Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 13:06:12
Minlərlə abituriyentə bir neçə gündən sonra lazım olacaq vacib məlumat – AzEdu.az-dan öyrənin

Bu gün ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır. İxtisas seçimi sonlandıqdan sonra universitetə dövlət sifarişi əsasında qəbul olunan abituriyent müəyyən olunan vaxtda qəbul olunduğu təhsil müəssisəsinə tələb olunan sənədləri təqdim edərək, qeydiyyatdan keçməlidir. Bu zaman ali təhsil müəssisəsi ilə dövlət sifarişli təhsil alacaq şəxs arasında müqavilə bağlanır. Müqavilənin mətni imzalamaq üçün abituriyentə təqdim edilir. Əksər abituriyentlər qeydiyyatdan keçərkən müqaviləni tələsik nəzərdən keçirsə də, onun mətni ilə tanış olmağı unudurlar.

AzEdu.az DİM-ə istinadən abituriyentlərə bununla bağlı mühüm məlumatları təqdim edir:

Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, xərclərin  məbləği və ödəniş qaydası, fors-major hallarında görülməli olan işlər və mübahisəli halların həlli məsələlərinə toxunulub.  Burada həmçinin, müqavilənin ləğvi və ona dəyişiklik edilməsi qaydaları da əks olunub.

Müqaviləyə əsasən,  universitetlərin oxuduğu müddətdə öhdəliklərin yerinə yetirilməsi, ali təhsil müəssisəsinin qaydalarına riayət etməsini təhsilalandan tələb etmək hüququ var.

Tələbənin təhsilini uğurla başa çatdırmaq, daxili intizam və davranış qaydalarına riayət etmək,  universitetə maddi ziyan vurarsa, onu ödəmək, tələb olunan sənədləri şifahi və yazılı sorğu alındığı andan 10 iş günü müddətinədək təqdim etmək kimi hüquq və vəzifələri var. Həmçinin,  təhsilalanın da universitetdən bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ var.

Sənəddə müqavilənin ləğv edilməsi qaydaları da göstərilib. Belə ki, tərəflərdən biri müqaviləyə əməl etməzsə, digəri onu birtərəfli şəkildə ləğv edə bilər. Tərəflərdən biri müqavilədən könüllü imtina edərsə, ona hər iki tərəfin razılığı ilə xitam verilir. Müqavilənin ləğvi tələbi ilə çıxış edən tərəf bunun səbəblərini əsaslandırmaqla, qarşı tərəfə yazılı bildiriş göndərməlidir. Tələbə oxuduğu ali təhsil müəssisəsini dəyişdikdə də müqaviləyə xitam verilir. Bu zaman onun təhsil xərclərinin maliyyələşdirilməsi Təhsil Nazirliyi ilə universitet arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

Universitetlə tələbə arasındakı müqavilənin müddəti bir ildir. Bu müddətdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmir və dövlət sifarişi ilə təhsil alırsa, müqavilənin qüvvədə olma müddəti eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır. Müqavilə iki nüsxə olmalı, biri təhsilalan, digəri isə universitetdə qalmalıdır. Müqavilənin şərtlərini pozan tərəf qanunvericiliyə uyğun qaydada məsuliyyət daşıyır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları