Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 11:50:46
Niderlandda elmi bizneslə məşğul olan azərbaycanlı: “Qurduğumuz şirkətin qiyməti tezliklə  10 milyon dolları ötəcək”

AzEdu.az təhsil portalının müsahibi hazırda Niderlandda yaşayan və karyerasını  orada quran gənc kimyaçı Bəhruz Məmmədovdur. O, Gəncə Dövlət Universitetinin kimya fakültəsinin bakalavr pilləsini bitirib. Daha  sonra isə Niderlandın Tvente şəhərində  kimya mühəndisliyi üzrə magistr pillərsində elmi dərəcəsini artırıb. Magistaturada oxuyan zaman müdafiə etdiyi elmi işi sonradan öz şirkətinə çevirib və “Eurekite” şirkərinin əsasını qoyub. Qeyd edək ki, şirkətin əsasını elmi rəhbəri ilə birlikdə qoyub. Hazırda şirkətin maliyyə və əməliyyat işləri üzrə direktorudur. 

2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışıb. 2014-cü ilin oktyabrında həmtəsisçi olaraq “Eurekite” şirkətinin əsasını qoyub. O, hazırda “Eurikte” şirkətinin əsas səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor vəzifəsində çalışır.

Bəhruz Məmmədov nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyan ilk azərbaycanlıdır. 

-Bəhruz müəllim, Niderlanddakı şirkətinizi yeni quranda sizinlə bu barədə söhbətləşmişdik. O vaxtdan bu yana müsbət istiqamətdə nə kimi dəyişikliklər, yeniliklər olub?

-İl yarım əvvəl - biz sizinlə danışanda -  bu şirkəti təzə qurmuşduq. İndi texniki materiallarımız daha da təkmilləşdirilib və bir neçə müştəriylə danışıqlar aparırıq. Onlarla birlikdə ortaq layihə düşünürük. Nəticədə bazar üçün məhsul hazırlanacaq. Hazırda bu istiqamətdə digər şirkətlərlə danışırıq.

-İşinizin əsasında elmlə biznesin qarşılıqlı əlaqəsi dayanır. Lakin dünyanın bir çox ölkələrində - xüsusən də inkişaf etməkdə olanlarda – elmlə biznesin vəhdəti bir o qədər də uğurlu alınmır. Bu, öz növbəsində hansı itkilərə, çatışmazlıqlara yol açır?

Elm və biznesin qarşılıqlı əlaqəsi, vəhdəti alınmayanda  uduzanlar çox olur. Bunlardan ən birincisi dövlətdir. Çünki elmi tədqiqatların xərclərini dövlət ödəyir.Ölkədəki bütün müəllimlərin maaşlarını da həmçinin...

 Elmi tədqiqat üçün lazım olan avadanlığa, prosesin özünə, təcrübələrə pul sərf olunur. Əgər tədqiqatdan sonra  maddi xeyir gəlmirsə,iqtisadi artım olmursa,bu zaman dövlət uduzur.Elm və biznes qarşılıqlı inkişaf etmirsə, burada əsas səbəblərdən biri də infrastrukturun olmamasıdır.

-Bəs, bizim universitetlərdə necə, elmi tədqiqatlar vasitəsilə gəlir əldə etmə potensialı nə qədərdir?

-Azərbaycan universitetlərində bəzən,  elə elmi tədqiqatlar aparılır ki, onlar müasir dövrlə uyğunlaşmır. Bəzi universitetlərdə isə ancaq nəzəriyyə keçirilir,oradakı tədris, görülən işlər tətbiqdən uzaqdır. Hansısa universitetdə yeni kəşflər olursa,onu bazara çıxaran infrastruktur mütləq  olmalıdır.

-Bunun qarşısını alan başqa əsas səbəblər nədir?

-Dil bilgisi! İngilis dilini bilmədən yeni kəşfləri anlamaq,tətbiq etmək çətindir. SSRİ dövrü yazılan kitablarla dərs keçmək düzgün deyil. Müasir elmi tədqiqatları anlamaq üçün ingilis dili şərtdir. Ancaq bu da məsələnin yalnız  bir tərəfidir.

-Maraqlı fəaliyyət sahəniz var: elmlə biznesin ortaq sintezini yaradırsınız. Əgər Niderlanddakı kommersiya layihəsi alınmasaydı, yenə də bu istiqamətin arxasınca gedərdiniz?

-Əgər bu layihə olmasaydı,başqa iş üzərində çalışacaqdım. Bizim xarici ölkələrdə çalışan dəyərli alimlərimiz var. Onların əksəriyyəti araşdırmalarla məşğul olur. Mən isə elmin biznesiylə maraqlanıram.

-Qurduğunuz şirkətin işi mediada bir zamanlar çox müzakirə edilirdi. Zəhmət olmasa, daha doğru olanını, görülən işləri, yatırılan pulları və s. sizdən eşidək...

-Bu gün mediada əsasən şirkətlərin uğur hekayələrindən danışılır. Aysberqin görünən tərəfini müzakirə edirlər. Arxada gedən proseslərdən insanlar xəbərsizdir. Məsələn,Hollandiyada 1 phd proyekti 300min avroya başa gəlir. Bizim layihə isə şərikimin mövzusundan törəyib. Buna dövlət 350 min avro dəyərində sərmayə buraxıb.  Qeyd edək ki, dövlət qoyduğu pulu artıqlamasıyla çıxarıb. Belə ki, Hollandiyada 12 yeni iş yeri açılıb ki,onlar dövlətə vergi verir. Eyni zamanda, ölkəyə amerikan kapitalı cəlb olunub. Bizim uğur hekayəmizin arxasında çoxlu zəhmət və investisiya durur.

-Hazırda şirkətinizin qiyməti, maddi dəyəri nə qədərdir? Neçə milyonla ölçülür?

-Hər hansı şirkətin qiymətləndirilməsinin obyektiv və subyektiv səbəbləri olur. Xüsusilə də start up da subyektiv səbəblərdir. Belə ki, investorlar texnologiyanın arxasında olan komandanın potensialına arxalanıb ona pul ayırırlar. Hazırda şirkətimizin qiyməti 3.6 milyon dollardır. Bu qiymətdən razıyam. İrəliləyən vaxtlarda 10,100 milyon dollara da qalxacağına ümid edirəm. Humanitar ixtisaslar üzrə şirkət qurmaq çətindir. Texniki ixtisaslar isə bu işdə daha fəaldır. Çünki dünyanı texnoloji qurğular idarə edir.

 -Gələcəkdə Azərbaycanda bu kimi  işləri həyata keçirmək fikriniz varmı?

-Ola bilər ki, gələcəkdə kimya sənayesi istiqamətində Azərbaycanda da işlər görək. Çünki ölkəmizdə kimya elminin xüsusi tarixi var. Ölkəmizdəki şirkətlərdən elə də çox təklif gəlmir, mən də çox maraqlanmıram.

İnsanları elmi istiqamətə çəkmək üçün maddi maraq da yaradılmalıdır. Məsələn,doktoranturada təhsil alan insan 150 manat maaşla dolana bilmir və bir neçə işdə çalışmalı olur.