Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 11:24:26
Ekspert şagirdlərin inşa yazmaq vərdişlərinin azalmasının səbəblərini AÇIQLADI

Ötən illərlə müqayisədə şagirdlərin inşa yazmaq vərdişləri azalıb. Mütəxəssislər hesab edir ki, texnologiyanın inkişafı, klaviaturanın qələmi qabaqlaması şagirdlərdə inşa vərdişlərinin get-gedə yox olmasına səbəb olur. Bu baxımdan əsas yük müəllimlərin üzərinə düşür.

Bəs hər bir şagird üçün yazı yazmaq bacarığı nə dərəcədə əhəmiyyətlidir?

Mövzuyla bağlı AzEdu.az-a danışan təhsil eksperti Elnur Hacıyev bildirib ki, orta ümumtəhsil məktəblərində şagirdlərin yazı bacarıqlarının inkişaf etdirilməsi üçün dövlətin tələbi var:

“Yazının məzmun xətti üzrə inşa yazı ilə bağlı standart var. Bu standart II sinifdə verilib. Bu o deməkdir ki, II sinifdən başlayaraq şagirdlərimiz inşa yazmaq bacarığını inkişaf etdirilməlidirlər. Ümumiyyətlə inşa bacarığa bağlı olan şifahi və yazılı nitqi inkişaf etdirməkdir. İnşa yazı şagirdin yazılı nitqinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Yeni təhsil proqramlarında yazı bacarıqlarının inkişafı şagirdlərin inşa yazısı ilə məhdudlaşmır. Həmçinin şagirdlərimiz inşa - rəy və ya esse yazma bacarıqlarını da inkişaf etdirilməlidirlər. Bu təxminən ibtidai sinfin təlim nəticələrində öz əksini tapıb. Qısaca, şagirdlərimiz ibtidai sinfi bitirən zaman inşa, inşa-rəy, esse yazma bacarıqlarına müəyyən mənada sahib olmalıdırlar. Bu çox vacib və əhəmiyyətli məsələdir. Əgər yaşından asılı olmayaraq hər hansı bir şəxs inşa yaza bilmirsə, deməli aldığı informasiyanı anladığı formada yazıya alma bacarığı yoxdur. Bu baxımdan düşünürəm ki, hər bir şagird inşa  yazmağı bacarmalıdır”.

Göygöl rayon Çaylı kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Quliyeva şagirdlərdə inşa vərdişləri yaratmaq üçün sinifdə ən yaxşı inşa yazanı mükafatlandırdığını qeyd edib:

“Uşaqlar yazmasaq nə olacaq? Deyə soruşurlar. Sadəcə təltifnamə və ya təşəkkürnamə ala bilməyəcəklərini deyirəm. Bu uşaqda maraq doğurur. Bəzən hədiyyə də alıram. Hər bir şagird az da olsa fikrini ifadə etməyi bacarmalıdır. Buna görə də inşa yazı vacibdir. Gələcəkdə peşəsindən asılı olmayaraq hər bir insan düzgün cümlə qurmaq, orfoqrafik səhvlərə yol verməmək və sözlərdən düzgün yerli yerində istifadə etməyi bacarmalıdır.

Müəllimdən və inşa yazı üçün seçilən mövzudan da çox şey asılıdır. Siniflər arasında keçirilən inşa müsabiqələri də şagirdləri inşa yazmağa həvəsləndirən bir vasitədir. Əgər şagirdlərə az məlumatlı olduqları bir mövzuda inşa yazmaq tapşırılsa, əvvəlcədən mövzu haqqında ətraflı danışıram ki, yazanda çətinlik çəkməsinlər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları