Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 12:47:00
Ölünün dirildilməsi və insan beynindən üstün zəka – Azərbaycanda hansı ixtisasların yaradılmasına ehtiyac var?  

Azərbaycanda 2018-ci ildə bir neçə yeni ixtisas yaradılıb. Onlardan biri də Bakı Ali Neft Məktəbində açılan “İnformasiya təhlükəsizliyi” ixtisasıdır. Həmin ixtisasa qəbul dövlət sifarişi və ödənişli əsaslarla aparılır. Keçid balı isə hələ formalaşmayıb. “İnformasiya təhlükəsizliyi”nə dövlət sifarişi üzrə 20 plan yeri, ödənişli əsaslarla 5  yer ayrılıb. İllik ödəniş 4500 Azn-dir.

Bəs bu ixtisas və həmin ixtisasın vacibliyi haqqında yetəri qədər bilgiyə sahibikmi?

Məsələ ilə bağlı AzEdu.az-a danışan deputat Tahir Mirkişili bildirib ki, Azərbaycanda həm dövlət idarəetməsində, həm hərbi sahədə, həm də iqtisadiyyatda informasiya texnologiyaları geniş tətbiq olunmağa başlayıb:

“Bu, öz növbəsində həmin sahələrdə effektivliyi daha da artırır və əmək məhsuldarlığını yüksəldir. Amma bununla yanaşı, idarəetmə həllərinin təhlükəsizliyinin qorunması da həyati əhəmiyyət daşımağa başlayıb. Müasir dövrdə informasiya təhlükəsizliyini pozmaqla ölkədə bütöv sahələri iflic etmək mümkündür. Bu isə müharibə qədər dağıdıcı ola bilir. Eyni zamanda dünyada informasiya təhlükəsizliyinin pozulması ilə dünya iqtisadiyyatına hər il 500 milyard dollar ziyan vurulur. İnformasiya təhlükəsizliyinin qorunması xüsusi bir yanaşma tələb edir. Onun metodları daim dəyişilir və təkmilləşir. Bu sahənin dərindən öyrənilməsində və ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasında yüksək ixtisaslı kadrlara ciddi ehtiyac var”.

Tahir Mirkişili yeni yaranan ixtisasla yanaşı, dünya universitetlərində mövcud olan, amma Azərbaycanda tədris olunmayan vacib peşələrdən də söz açıb:

“Dövlət sifarişi ilə ölkə üzrə tələb olunan ixtisaslı kadrların hazırlanması üçün ixtisas siyahıları hazırlanır və təsdiq olunur. Amma eyni zamanda ölkə iqtisadiyyatının, xüsusilə özəl sektorun tələbatı ilə yeni ixtisaslar daim əlavə edilir. Bu proses Azərbaycanda gedir. Əsas məsələ tədrisin keyfiyyətli və müasir tələblərə cavab verməsidir. Düşünürəm ki, bu istiqamətdə də xeyli yeniliklər mövcuddur. Amma dünya üzrə elə yeni ixtisaslar var ki, onlar hələlik bizim ali məktəblərdə tədris olunmur. Məsələn, gen mühəndisliyi, süni intellekt mühəndisliyi və s.”.

Azərbaycanda yaranması vacib hesab olunan gen və süni intellekt mühəndisliyi ixtisaslarının mahiyyəti nədir və bu sahədə peşəkar kadrların hazırlanmasına niyə ehtiyac var?

AzEdu.az gen və süni intellekt mühəndisliyi barədə vacib məlumatları diqqətə çatıdır:

Gen mühəndisliyi bitki və canlıların yeni bioloji növlərinin yetişdirilib artırılması ilə məşğul olan sahəsidir.

1997-ci ildə Amerikada professor doktor Jey Vacanti laboratoriya şəraitində siçanın bel qığırdağının hüceyrələrindən insanın qulaq seyvanını yetişdirməyə nail olub.Bu qulaq seyvanı İngiltərədə anadangəlmə genetik xəstəliklə doğulan və qulaq seyvanı olmayan qız uşağına köçürülüb.

Genetik dəyişikliklər gözlənilməyən nəticələr və təhlükəli sürprizlər törədə bilər. Məsələn 1989-1990 genetik yaradılan L-triptofan (amin turşusu) otu amrikalının ölümünə və 5000-dən artıq insanın qan xəstəliyinə tutulmasına səbəb olub.İngilis mütəxxəsisləri göbələklərin genlərini dəyişdirərək ömrünü 10 qat uzatmağı bacarıblar. Araşdırmaçılar bunu əsas göstərərək insanın 800 yaşına qədər yaşaya biləcəyi fikrini müdafiə edirlər.

50 il əvvəl heyvan geninin kopyalanması nə qədər çətin görünsə də, artıq bu, mümkündür. İngiltərənin "The New Scientist" jurnalında maraqlı elmi araşdırma dərc edilib. Belə ki, jurnalda yer alan xəbərə görə, modern elmin köməyi ilə yaxın vaxtlarda nəsli minlərlə il bundan əvvəl kəsilmiş mamontları geri qaytarmaq mümkün olacaq. Belə ki, alimlər ötən il çözülən genetik şifrənin və bir ana filin daşıyıcı olması vasitəsilə mamont nəslini yenidən qaytarmağın mümkünlüyünü iddia edirlər.

Jurnalda yer alan "Diriliş" adlı siyahıda Neandertal insanların da yenidən qaytarılması məsələsi var. Ancaq hələ ki alimlər bu cür riskin altına girməyə cürət etmirlər.

Kifayət qədər iddialı olduqlarını söyləyən alimlərin "diriltmək" istədikləri heyvanların siyahısında nəsli 10 min il öncə kəsilən xəncərdiş pələng, 11 min il əvvəl yox olan tısbağa, avtomobil boyda olan armadillo, 70 il əvvəl yoxa çıxan Tasmaniya canavarının adı var.

Beləliklə buradan görünür ki, gen mühəndisliyi sayəsində insan genotipinin yaxşılaşması talantlı, fiziki və əqli cəhətdən yüksək inkişaf etmiş insanların yaradılması, xəstəliklərin tamamilə aradan qaldırılması, kənd təsərrüfatında yüksək məhsuldarlığın alınması və digər vacib məsələlər öz həllini tapır.

Süni intellekt ifadəsi isə ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O bu ifadəni işlədərkən süni intellekti "maşınları intellektual etmək elmi və mühəndisliyi" adlandırıb.

İntellektə malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlmək olar. İntellektə malik avtomatlaşdırılmış maşınlar Heron, Əl Cəzirə, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanıb. Artıq eramızdan əvvəl 4-cü əsrdə yaşamış Aristotel süni intellektin düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını qoyub. 1275ci ildə Roman Lull özünün Ars Maqna adlı məntiq aparatını ixtira edib. Ars Maqnaya istifadəçi xristianlıq haqqında öz sualını daxil edir və aparat insanın köməyi olmadan dərhal avtomatik olaraq bu suala cavab tapırdı. Bu aparat müsəlmanları xristianlaşdırmaq məqsədilə yaradılıb.

Müasir dövrdəki süni intellektin əsası 1956-cı ildə Dartmut Kollecində keçirilən konferensiyada qoyulub.

Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində süni intellektin rolu böyükdür. Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış sahədir, onun çoxlu istiqamətləri var. İnsan intellektindən daha güclü bir intellektin yaradılması süni intellektik əsas məqsədlərindəndir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları