Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-04 14:13:00
Kənd müəllimi AzEdu-ya yazdı: “100 ilə yaxın yaşı olan məktəbdə köhnə üsulları tamamilə yenilədik”

AzEdu.az saytı Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını işıqlandırmağa davam edir.

Bu dəfəki yazı AzEdu.az –ın “Ucqar kənd müəllimləri” şəbəkəsinin Zərdab rayonundan olan üzvü, Zərdab rayon Əlvənd  kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Səbuhi Musayevə aiddir.

AzEdu.az yazını təqdim edir:

Əgər zamanın axarına düşdünsə, səni alıb uzaqlara aparır…

Hətta özünün də təssəvür edə bilmədiyin qədər uzaqlara... Bir də gözünü açıb baxırsan ki, ya sən olduğundan çox aşağı düşmüsən deyə hər şey və hər kəs sənə əlçatmaz dərəcədə böyük görünür,  ya da o qədər yuxarılara qalxmısan ki, hər bir şey, hətta insanlar da bir zərrə kimi gəlir sənə. Zamanla həyat insanları məhz bu şəkildə imtahan edir. Ya qaldırır göylərə, ya da olduğundan çox-çox aşağı endirir. Bu zaman insanın əzmi, iradəsi araya girir və onu xilas edir.

İnsanın həyata olan baxışları onun hansı mövqedə dayanmasında çox vacibdir. Ona görə də həyata baxışlarımızı yalnız yaxşı mənaya kökləməliyik ki, dayandığımız yer, tutduğumuz mövqe bizi irəliyə doğru aparsın. Bu zaman hesab edirəm ki, hər bir şey bizim ürəyimizcə olacaq. Nələr etməyə qadir olduğumuz da məhz bu an ortaya çıxmağa başlayacaq. Bu səbəbdən həyata olan müsbət baxışlar insanın həyat tərzinin formalaşmasına çox böyük təsirini göstərmiş olur.

Mənim həyata baxışlarım yalnız və yalnız elmdən, təhsildən keçir…

Düşünürəm ki, elmim, təhsilim olmasaydı, görəsən hansı baxışdan baxmalı olacaqdım həyatın acısına, şirininə?        

Bu gün bir vətəndaş olaraq öz istiqamətimi doğru bir şəkildə müəyyən etməyi bacarmışamsa, nə xoş mənə. Ümid edirəm ki, bu yol, bu istiqamət məni yalnız irəliyə aparacaq. Qalxdıqca zirvəsinə əlim göyün əngiliklərinə çatacaq. Bu zaman isə həmişəki kimi bir tək yaradanıma şükür edəcəm, bir də heç bitib-tükənməyən əzmimə təşəkkürlər deyəcəm.

Gənc olmağıma baxmayaraq artıq uzun illərdir təhsilimizin inkişafı üçün əzmlə, səylə, böyük bir həvəslə müəlllim kimi çalışıram. Mənim uğur yolum isə Oğuz rayon Xaçmaz kənd Mirzə Fətəli Axundov adına 1 saylı tam orta məktəbdən başlayıb. Üç il fəalliyət göstərdiyim bu məktəb mənim xatirələrimdə ən gözəl yeri tutub. Çünki ilk dəfə müəllim kimi məhz bu məktəbdə uğur səhifələrimi yazmağa başlamışam. Heç unutmaram, bugünkü kimi də yadımdadır, ilk məktəbə gələndə rəhbərlik və kollektiv məni necə böyük məhəbbətlə qarşılamışdı. Sanki, mən bu məktəbdə illər idi çalışırdım və bu insalar illərdir məni tanıyırdılar. Şagirdlərə olan böyük məhəbbətim uzun yolu qət edib gəlib ucqarda işləməyimə səbəb idi.



Üç il işlədikdən sonra həmin məktəblə belə vidalaşdım:

Ayrılıb ordan gələrkən inanın səmimiyyətimə, şagirdlərimin gözlərində yaş inci kimi düzülmüşdü. Ancaq mümkün qədər özümü ciddi saxlayırdım. Çünki onlar məni böyük bir dağ sayırdılar. Mənim də gözlərimdə yaş görsəydilər, gözlərində böyütdükləri həmin dağ bir anlıq məhv olardı. Ordan ayrıldıqdan sonra Zərdab rayon Əlvənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başladım. Hal-hazırda da məhz bu məktəb də işləyirəm. Zamanın yolculuğunda haradan-haraya… Ancaq onu qeyd edim ki, indi çalışdığım məktəbdə də məni az sevmirlər. Burada da şagirdlərimin sevgisini qazanmışam desəm yəqin ki, yalan olmaz.

100 ilə yaxın yaşı olan kənd məktəbində köhnədən qalan üsulları yeniləri ilə əvəzləyə bildik…

Bura ilk təyin olunduğum zamanda köhnə təhsil sistemindən qalan ənənələr heç də ürəyimcə deyildi. Mən və mənim kimi  interaktiv təlimi , müasir innovasiyaları bilən müəllimlər köhnədən qalan üsulları yeniləri ilə tamamən əvəzləmiş olduq. Bu da məktəbimizin inkişafını göstərən ən önəmli amil kimi dəyərləndirərdim. Məktəbimizdə üstünlüyü gənc müəllimlər təşkil edir.

Əlvənd kənd tam orta məktəbi yüz ilə yaxın bir tarixə malik olan qədim məktəbdir. Çoxlu sayda tanınmış insanlar bu məktəbin yetirməsi olub. Mən də beş ildir ki, təyinatla bu məktəbdə çalışıram. Çalışdığım müddətdə məktəbdə çox yaxşı öyrətmək və öyrənmə mühiti formalaşıb. Məktəbin bu beş ildə uğuru çox yüksək olub. Şagirdlər arasında sağlam bir rəqabət mühiti formalaşıb ki, bu da onların ali məktəbə qəbul olmasında vacib rol oynayır.

Əsərlərində imzası olmayan tək insan müəllimdir və bu şagirdlər də mənim ən gözəl əsərlərimdir…

Şagird sayı az olmasına baxmayaraq, bu il məktəbimiz üçün çox uğurlu oldu. Belə ki, fənn olimpiadalarının respublika turunun bürünc mükafatçısı Şıxızadə Fəxri ali məktəbə qəbul imtahanında 637 bal toplayaraq adını məktəbin tarixinə yazdı. Bundan başqa Həsənov Elman 625 bal, Qurbanov Eşqin 550 bal, Xasməmmədli Xası isə 443 bal və digər şagirdlər uğurlu nəticələr göstərmişdilər. Bu həm mənim, həm də əməyi keçən bütün müəllimlərin uğurudur. İnanıram ki, növbəti il də bizim üçün uğurlu və düşərli olar.