Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 12:45:05
Gənc müəllimdən gələcək həmkarlarına TÖVSİYƏ: “Çalışın istədiyiniz məktəbi birinci yazın”

Müəllimlərin işə qəbulu imtahanlarının  nəticələri artıq açıqlanıb. Bu haqda şəxsi səhifələrə məlumat gəlib. Növbəti günlərdə keçid balını toplamış şəxslər şəxsi səhifələrinə daxil olaraq orta ixtisas və ya ali təhsil haqqında sənədi və ona əlavəni müvafiq bölməyə yükləyərək onlara təqdim olunan vakansiyalar siyahısından istədikləri səkkiz vakant yeri seçmək imkanı qazanacaqlar.

Bəs vakansiyalar seçimində nələrə diqqət yetirmək lazımdır?

Mövzu ilə bağlı AzEdu.az-a danışan jurnalist, gənc müəllim Elşən Ramizoğlu bildirib ki, bu ilki vakansiya seçimi digər illərdəkindən fərqli olaraq daha rahat olacaq:

“Bu il artıq müddətli olaraq işə qəbulu da yerli təhsil idarəetmə orqanı deyil, Təhsil Nazirliyi həyata keçirəcək. Vakansiya seçimində iştirak edən şəxslər yaxşı olar ki, seçim edərkən işləyə biləcəyi yerləri yazsınlar. Hər hansı bir ucqar yeri yazıb, qəbul olub, sonra qohum - qonşuya qəbul oldum getmədim deməklə kimsə sizi alqışlamayacaq. Ən azından həmin ucqar kəndə yaxın yerdə yaşayan başqa bir şəxs uğur qazanıb həmin məktəbdə sevə - sevə işləyə bilər. Çox təəssüf ki, qanunda bu barədə hər hansı cəza tətbiqi yoxdur, bunu kimsə deyə bilmir ki, siz niyə belə etmisiniz? Qalır hər kəsin öz vicdanına, insanlığına”.

Müəllim deyib ki, seçdiyiniz yer, məktəb haqqında məlumat əldə edib sonra həmin yeri yazmağınız yaxşı olardı:

“Bəzən müəllimlər yerləri yazır, qəbul olur, məktəb haqqında heç bir məlumata malik olmurlar. Məktəbi görəndən sonra mən belə bilmirdim deyib, həmin yerdən imtina edirlər. Bununla başqa bir müəllimin işləmək imkanına mane olurlar. Həmin məktəbdə isə bu fənni  başqa ixtisas müəllimi tədris etmiş olur, bu da şagirdlərimizdə dərsin mənimsənilməsində çətinlik yaradır. Müəllimlərə bildirmək istəyirəm ki, şəhərdə işləmək istəyirsizsə, balınız çatmırsa, kənddəki hər hansı yerləri seçib , imtina etməyinizə ehtiyac yoxdur. Müddətli müqavilə ilə şəhərdə  işləmək şansınız var. Daha yerli təhsil  idarəetmə orqanı müəyyən məbləğ qarşılığında sizlərə müddətli müqavilə təklif etməyəcək. Sonda onu da bildirmək istəyirəm ki, çalışın ən çox hansı məktəbi istəyirsizsə həmin yeri birinci yazın. Hərkəsə uğurlar arzulayıram”.