Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-29 15:08:00
Turizm potensialımız..., Lənkərana qədər uzanan yol..., təzə balıq tapmaq problemi və yarpaq dolması... 
Turizm üzrə beynəlxalq ekspert, uzun illər Latviya Turizm İnkişaf Departamentinin icraçı direktoru vəzifəsində çalışan xanım Daiqa Falkane hazırda Azərbaycanda yaşayır və işləyir.
 
Daiqa Falkane ölkəmizin aparıcı təhsil ocaqlarından birində - Qərbi Kaspi Universitetində turizm ixtisası üzrə peşəkar kadrların hazırlanmasında iştirak edir. 
 
AzEdu.az Daiqa Falkane-lə müsahibəni təqdim edir:
 
-Daiqa xanım, Azərbaycanda turizmin inkişaf tempini və potensialını necə qiymətləndirirsiniz?
 
-İcazə verin, bu mövzunu şərh etmək üçün faktlara istinad edim. Rəqəmlər göstərir ki, Azərbaycanda turizm inkişaf edir. Deməliyik ki, bugünkü inkişafda dövlət həlledici təsir göstərir. Dövlət proqramlar, layihələr, eləcə də tanıtım tədbirləri həyata keçirir.  Hər bir ölkədə turizmin inkişafı zəncirində ali təhsil ocaqları həlledici rol oynayır. Bu, peşəkar kadrların hazırlanmasında olduqca vacibdir.  Bu istiqamətdə də ölkədə müəyyən işlər aparıldığı görünür.
 
 -Daha çox turist cəlb etmək üçün, sizcə, xüsusilə hansı problemləri həll etməliyik?
 
-Azərbaycan əsasən ənənəvi turizm növlərini inkişaf etdirir. Şaxələnmə və daha dinamik dəyişikliklər üçün yeni istiqamətlərə də müraciət olunmalıdır. Məsələn, MİCE istiqaməti (Meetings, incentives, conferencing, exhibitions). Yəni görüşlərin, toplantıların, konfransların, sərgilərin təşkili də turistləri cəlb etmək üçün əhəmiyyətli olur.
 
İkinci məsələ, regionlarda turizmin inkişafı və regiona gedən turistin orada daha çox qalmasını təmin etmək. Düstur çox sadədir: turist nə qədər çox qalırsa, o qədər də çox gəlir əldə olunur.
 
Görünən odur ki, turistlər daha çox Bakını seçirlər, ancaq hədəf olmalıdır ki, bu maraq həm də regionlara yönəlsin və onlar regionlarda daha çox qalsınlar. 
 
Üçüncü vacib məsələ, təbii ki, keyfiyyətin artırılmasıdır. Keyfiyyət dedikdə ümumi xidmətlər məcmusu nəzərdə tutulur, turist əmin olmalıdır ki, restoranlar, eləcə də onların göstərdiyi xidmətlər yüksək səviyyədədir. Burda da ali təhsil ocaqlarının üzərinə xeyli məsuliyyət düşür. Peşəkar kadrlar olmadan bunları heç biri qənaətbəxş səviyyədə təmin oluna bilməz.
 
Dördüncü məqam, Azərbaycanın dünyada imicinin yaradılmasıdır. Bütün dünya ölkəni tanımalıdır və bilməlidir ki, bura istirahət etmək, eləcə də gələcəkdə yatırım etmək, işləmək üçün də münasib yerdir. 
 
-Daiqa xanım, maraqlıdır, Azərbaycanın hansısa bölgəsində olmusunuzmu?
 
-Bəli, Lənkəranda və Qubada olmuşam. Lənkərana bir turizm obyektinə getdik. Bir şeyi təəssüflə deməliyəm ki, ora gedib çatana qədər yolboyu dincəlmək, fasilə vermək üçün normal məkanlar yox idi. Burdan Lənkərana isə təxminən 5-6 saatlıq yol idi. Bu, təbii ki, turist üçün diskomfort yaradacaq. 
 
 -Bəs bu bölgələrdəki xidmətin səviyyəsi ilə bağlı nələr diqqətinizi çəkdi?
 
-Avropada region və mərkəz üçün eyni standart müəyyən olunub. Azərbaycanda aydındır ki, paytaxtda turizm üçün daha yaxşı şərait var, bölgələr isə əsasən geri qalır. Mənfi tərəflərə köklənmədən deməliyəm ki, çox fantastik dada malik mətbəxiniz var. İstər əldə bişirilən çörək olsun, istərsə də digər yeməklər. Ətraf, mühit daha təmiz olsa, dediyim bu üstünlük daha unudulmaz olardı. Eyni zamanda regionlarda ingilis dilinin işçi dil olmaması da çətinlik yaradır.
 
-İngilis dili məsələsi müzakirəyə açıqdır. Tutaq ki, italiyanlar da, fransızlar da ingilis dilində danışmırlar...
 
-Orda bu, bir qədər nasizmin ifadəsidir, bir qədər siyasi xarakterlidir. Amma xidmət obyektlərində çalışan, demək olar ki, hər kəs ingiliscə bilir. Azərbaycanlılar isə tolerantdır. Bu da özlüyündə turizmin inkişafı baxımından yaxşı potensialdır. 
 
Azərbaycanın ən mühüm üstünlüklərindən biri də təhlükəsizlik və sabitlik məsələsidir. İstər Bakıda, istərsə də regionlarda turistlər özünü təhlükəsiz hiss edirlər. İnsanlar mehribandırlar, dostcanlıdırlar. Bu da vacibdir.
 
-Mətbəximizlə də artıq yaxından tanışsınız yəqin ki... Nələri xoşlayırsınız və ya əksinə, hansı yeməklərimiz sizin ağız dadınıza qəti uyğun gəlmir?
-Bəli, mətbəxiniz əvəzedilməzdir. Qoyun əti ilə hazırlanan yeməklər xüsusilə dadlıdır. Bizdə - Latviyada qoyun ətindən demək olar ki, istifadə olunmur. Sizdə isə qoyun əti daha çox istifadə olunur. Amma balıq üçün darıxıram.
 
 -Axı bizdə də balıq yeməkləri çoxdur. Məsələn, siz getdiyiniz Lənkəran mətbəxinin ən sevimli yeməkləri balıqdan hazırlanır.
 
-Bəli, ola bilsin ki, balıq yeməkləri var, ancaq müxtəlif çeşidlər üçün xüsusi təyinatlı restoranlara getmək lazımdır. Digər restoranlarda isə mənə elə gəlir ki, təzə tutulmuş balıq tapmaq çətindir. Latviyada isə bütün restoranlarda birinci dərəcəli yemək kimi balıq təqdim edilir.
 
Meyvələriniz də çox fantastikdir. 
 
Xoşlamadığım yemək isə yarpaq dolmasıdır. İçindəki ət əladır, ancaq yarpağı o qədər də yox (gülür – red.)
 
-Bir qədər də dünyada turizm sahəsində gedən proseslərdən danışaq mümkünsə. Bu gün dünyada ən populyar istiqamətlər, ən çox istifadə olunan turizm marşrutları hansılardır?
 
-Dünyada turizm sahəsi üzrə hələ də birinci yerdə Fransa qalmaqdadır. Baxmayaraq ki, orda terror hadisələri də baş verir, - ötən il də bu ölkədə belə bir hadisə baş verdi – ancaq fakt odur ki, Fransa turistlərin ən çox üz tutduğu ölkədir. İkinci ən populyar ölkə ABŞ-dır. Üçüncü İspaniya, dördüncü Çin, beşinci İtaliya, altıncı isə Böyük Britaniyadır.
 
Ancaq Dünya Turizm Təşkilatının hesabatlarına baxsaq, deyə bilərik ki, dünyada turist marağı Avropadan Asiyaya doğru yönəlir, yəni Asiya gedənlərin sayı daha dinamik şəkildə artmaqdadır. Bəlkə də demək olar ki, 10 il sonra Asiya turist axını baxımından Avropanı ötüb keçəcək. 
 
-Bəs maraqlar necə dəyişir: ekskursiyalar, ekoturizm, macəra turizmi, müalicə turizmi – bu gün dünyada maraqlar daha çox nəyə doğru dəyişir? Turistlərin seçimlərində gözlə görünə biləcək dəyişiklər varmı?
 
-Ən populyar hələ də istirahət tipli turizmdir. Buna görə də turistlər tərəfindən daha çox günəşli və çimərlik ərazilər seçilir. Eyni zamanda qeyd etməliyik ki, ənənəvi turizm marşrutlarına yox, qeyri-adi, unikal formaları və istiqamətləri seçənlərin də sayı artmaqdadır. 
 
Dünya Turizm Təşkilatının məlumatına əsasən turistlərin sayının daha dinamik artdığı ölkələr bunlardır: Fələstin, Uruqvay, İsrail, Monqolustan, Vyetnam və Tunis. Fikir verin, bu ölkələrin çoxu yeni istiqamətlərdir. Turistlər də bir meyl müşahidə edilir – turist başqa turistləri görmək istəmir, ona görə də elə məkanları seçməyə başlayırlar ki, orda kütləvi şəkildə turistlərlə qarşılaşmasınlar. Bir məqamı da bölüşüm, ilk dəfə səyahət edən turistlər populyar istiqamətləri daha çox seçirlər, fərqli məkanlara səyahət daha çox təcrübəli turistlərin seçimi olur. Belə bir identifikasiya da apara bilərik: məsələn, alman turistlər daha çox təbiətə meyl edir. Azərbaycan kimi ölkələr onlara daha çox maraqlıdır. 
 
Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda dini turizmə də maraq böyükdür. Xarici turistlər buradakı dini abidələrə, pirlərə, məscidlərə, ziyarətgahlara böyük maraq göstərirlər. Məsələn, ərəb ölkələrindən bu məqsədlə gələnlərin sayı xüsusilə Ramazan və Qurban bayramlarında artır.
 
Və bir də biznes turizminin inkişafını qeyd etməliyik. Azərbaycana bu baxımdan da maraq artır.
 
-Azərbaycandakı fəaliyyətiniz nədən ibarətdir?
 
-Qərbi Kaspi Universitetində işləyirəm. Turizm ixtisası üzrə tələbələrin peşəkar kadr kimi hazırlanması üçün töhvə verməyə çalışıram. Məqsədim onları əmək bazarına professional kadrlar kimi çıxarmaqdır. Universitet son illərdə öz yaxşı ənənələri üzərində əsaslı dəyişikliklər həyata keçirir. Bu, özünü turizm sahəsi üzrə tədrisdə də göstərir.
 
-Tələbələrin turizmə hansı dərəcədə marağını hiss edirsiniz?
 
-Tələbələrdə böyük maraq hiss edirəm, çox həvəslidirlər. Yaz aylarında təşkil etdiyimiz Startup Günləri və Əmək Yarmarkalarında iştirak edən şirkətlər də bizim tələbələrlə maraqlandılar və bu, tələbələrimiz üçün böyük motivasiya oldu. İşlə təmin olunma şansları şübhəsiz ki, əla motivasiyadır.
 
 -Təəssüf ki, biz adətən görürük ki, təhsil ocaqları tədrisi daha çox nəzəriyyənin üzərində qurur, tələbələrin praktikadan xəbəri olmur. Qərbi Kaspi Universitetində turizm ixtisası üzrə kadr hazırlığı hansı şəkildə təşkil olunur? 
 
-Təbii ki, başlıca məqsədlərimizdən biri məhz praktik yöndə biliklərin mənimsədilməsidir. Biz yerli və xarici mütəxəssisləri, müxtəlif nüfuzlu otellərin, turizm şirkətlərinin nümayəndələrini mühazirələr və praktik dərslər üçün universitetimizə dəvət edirik. Eyni zamanda təcrübə dövründə tələbələrimiz praktik məşğələlər üçün müxtəlif şirkətlərdə olur, sərgilərdə, ayrı-ayrı tədbirlərdə iştirak edirlər. Hazırda orta təbəqə menecerlər hazırlayırıq. Bu baxımdan böyük boşluq var, təhsilli mütəxəssislər çatışmır. Daha bir hədəfimiz top menecerlər hazırlamaqdır. Bunun üçün həm ölkədə, həm də universitetdə bütün imkanlar – həm infrastruktur və maddi-texniki baza, həm kadrlar, həm də yerli və beynəlxalq əlaqələr mövcuddur.