Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-28 09:15:00
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkşafına dair 2019–2025-ci illər üçün Strategiya” layihəsi keçirilib

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkşafına dair 2019–2025-ci illər üçün Strategiya” layihəsi ilə əlaqədar təbir keçirilib.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzində 26 iyul 2018-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkşafına dair 2019–2025-ci illər üçün Strategiya” nın layihəsi və Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə “ Fəaliyyət planı” üzrə təqdim edilmiş təklif və rəylərin müzakirəsinə həsr edilmiş tədbir keçirilib.

Tədbir DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və DİM-in nümayəndələrinin iştirakı ilə keçirilib.

Ölkəmizin hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və ardıcıl islahatlar yolu ilə dövlət orqanlarının fəaliyyətinin effektivliyinin artırılmasını nəzərdə tutan konseptual sənədin – dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri etmişdir.

 “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədi ilə əsas hədəfləri müəyyən edən və hədəflərə çatmaq üçün çoxşaxəli, ardıcıl, mərhələli, orta və uzun müddətli tədbirləri müəyyən edən sənəddir.

Strategiyanın əsas məqsədi dövlət qulluğu sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, dövlət qulluğunda insan resurslarının idarə edilməsində mövcud çatışmazlıqların aradan qaldırılması, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl texnologiyaların tətbiqi, yüksək mənəvi və etik dəyərlərə, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətlərə malik dövlət qulluqçuları korpusunun formalaşdırılması yolu ilə dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Tədbirdə M.Abbaszadə Strategiyanın məqsədlərini qeyd edərək dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərlərə, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətlərə malik dövlət qulluqçuları korpusunun formalaşdırılmasının əhəmiyyətindən danışmış və strategiya layihəsinin müzakirəsi zamanı qaldırılan məsələlərə və verilən təkliflərə münasibətini bildirib.

Tədbirdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Dövlət Statistika Komitəsinin nümayəndələrinin təklifləri müzakirə olunmuşdur. Verilən təkliflər yaradılmış işçi qrup tərəfindən öyrəniləcək və həmin təkliflər nəzərə alınmaqla təkmilləşdirilmiş layihə aidiyyəti üzrə təqdim ediləcəkdir.