Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-27 12:50:00
Gürcüstanlı alimlər BDU-da olublar

Gürcüstanın İakob Gogebaşvili adına Telavi Dövlət Universitetinin əməkdaşları professorlar G.Bejitaşvili, T.Tamaraşvili, N.Berdzenişvili, M.Qambaşidze və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi İ.Şiukaşvili Bakı Dövlət Universitetinin (BDU) Quba tədris-təcrübə və istirahət mərkəzində olublar.

BDU-dan AzEdu.az-a bildiriblər ki, tədbir bu ali məktəb ilə Telavi Dövlət Universiteti arasında imzalanmış memorandum çərçivəsində reallaşdırılıb.

Gürcüstanlı alimlərin BDU-nun ekologiya və torpaqşünaslıq, coğrafiya, fizika, tarix, filologiya, biologiya fakültələrinin professor və müəllimləri ilə görüşündə elm və təhsil əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb, ikitərəfli müştərək elmi layihələrin hazırlanması, beynəlxalq elmi konfransların, seminarların, treninqlərin təşkili, tələbələrin çöl təcrübələrinin keçirilməsi, magistrantların elmi-tədqiqat işlərində birgə fəaliyyəti ətraflı müzakirə olunub.

Eyni zamanda, hər iki universitetin professor və müəllimlərinin elmi tədqiqatlarının nəticələrinin, elmi məqalələrinin universitetlərin təbiət və humanitar sahələr üzrə nəşr olunan jurnallarında çap olunması təklif edilib.

Professor M.Qambaşidze Quba tədris-təcrübə və istirahət mərkəzində təşkil olunan stajkeçmənin və keçirilən görüşlərin əhəmiyyətindən danışıb.