Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-27 14:10:00
Rumıniyada təhsil Avropada təhsil almaq mənasını daşıyır - Prezidentin partiyasına üzv olan azərbaycanlı gənc

Dünyanın müxtəlif ölkələrində yaşayan, işləyən, ölkəmizi yüksək səviyyədə təmsil edən kifayət qədər soydaşımız var. Onlardan biri də Rumıniyada yaşayan həmyerlimiz  Kamran Allahverdiyevdir.

AzEdu.az Kamran Allahverdiyevin Modern.az saytına verdiyi  müsahibəni təqdim edir:

- Kamran bəy, bildiyimiz qədər uzun müddətdir – uşaqlığınızdan bəri Rumıniyada yaşayırsınız.  Hər halda bu, ailənizlə bağlıdır. Maraqlıdır, həmin ölkəni seçməniz hansı zərurətdən irəli gəlib?

- Mən, Allahverdiyev Kamran, 1995-ci ildə Bakıda anadan olmuşam. Ailəmiz 4 nəfərdən ibarətdir. 1-ci sinifdən 8-ci sinfə qədər Rumıniyanın Mureş bölgəsindəki  Reqin şəhərində Auqustin Mayor adında məktəbə getmişəm. Burada təhsilimi alman dili üzrə davam etdirmişəm. Daha sonra lisey illərində 9-cu sinifdən 12-ci sinfə qədər Luçian Blaqa adına Riyaziyyat-İnformatika intensiv ingilis dilli liseydə təhsil almışam. Bu il Kluj Texniki Universitetində Mekatronika və Robotika ixtisası üzrə bakalavr dərəcəsini bitirdim. Eyni zamanda Babeş-Bolyai Universitetində Beynəlxalq münasibətlər ixtisasında təhsilimi başa vurmaqdayam. Orta məktəb illərində bir sıra uğurlarım olub. İngilis dili olimpiyadalarında bir neçə dəfə 1-ci yeri tutmuşam, informatika sahəsi üzrə 4-cü yer, alman dili üzrə 1-ci yer, riyaziyyat olimpiadasında 3-cü yerə, həmçinin idman sahəsi üzrə də müəyyən mükafatlara layiq görülmüşəm. Məsələn,  karate üzrə Rumıniya çempionatında 3-cü yerin sahibi oldum. Lisey illərində məktəb basketbol komandasının kapitanı idim və həmin komanda ilə liseylərarası turnirdə 1-ci və 2-ci yerlərə layiq görülmüşük. Təhsil aldığım müddətdə alman, rumın, ingilis, türk dilini səlis öyrəndim.

- Bəs hazırda Rumıniyada nə işlə məşğulsunuz. Fəaliyyətinizlə bağlı məlumat verə bilərsinizmi?

- Keçən il Rumıniya vətəşdaşlığı alaraq, buranın ən böyük siyasi partiyalarından olan, prezident Klaus Yohannisin də üzv olduğu Milli Liberal Partiyasına üzv oldum. Hazırda bu partiyanın tərkibində gənclər sahəsində öz siyasi fəaliyyətimi davam etdirirəm. Bu yaxınlarda Avropa Parlamentində deputat kimi çalışan Kristian Buşoy ilə Brüsselə Avropa Parlamentinə səfər həyata keçirdik. Səfərin məqsədi Parlamentdə keçirilən komissiyalara və müzakirələrə qatılmaq və bir neçə görüş keçirməkdən ibarət idi. Səfər çərçivəsində Avstriyanın səhiyyə naziri Breate Hartinger-Klein ilə görüşümüz baş tutdu. Görüş zamanı xanım Klein bizim komissiyadakı suallarımıza ətraflı cavab verdi. 
Artıq Rumıniyanın paytaxtı Buxarest şəhərinə köçümüşəm. Səbəb isə buranın ən böyük dövlət universiteti olan Buxarest Texniki Universitetində Mekatronika ixtisası üzrə magistratura təhsili almaqdan ibarətdir. 

Rumıniyada ictimai-siyasi işlərdə aktivlik göstərirsiniz.  Həm də qeyd etdiyiniz kimi,  Milli Liberal Partiyasının üzvüsünüz. Siyasət adamları ilə daha çox hansı mövzularda söhbətlər aparırsınız?  

- Siyasət adamları ilə əsasən Azərbaycan-Rumıniya əlaqələrini daha necə inkişaf etdirmək və möhkəmləndirmək , Dağlıq Qarabağ münaqişəsi barədə Rumıniya ictimaiyyətini məlumatlandırmaq , o cümlədən Milli Liberal Partiyasının gələcək planları və növbəti seçkilərə hazırlıq işləri barədə söhbətlərimiz baş tutur. 

- Bu gün Azərbaycanın əsas problemi Dağlıq Qarabağdır. Bu baxımdan Rumıniyada  təbliğat xarakterli hansısa addımlar atılırmı? 

Bildiyiniz kimi, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci  dövlət olub. Hazırda iki ölkə arasında strateji xarakter daşıyan münasibətlər mövcuddur. Bu səbəbdən Dağlıq Qarabağ həqiqətlərinin və münaqişəsinin rumın ictimaiyyətinə və xalqına çatdırılması biz Rumıniyada yaşayan azərbaycanlıların əsas vəzifələrindən biridir. Bu səbəbdən bir sıra addımlar atılır. Az öncə qeyd etdiyim kimi, rumın siyasətçiləri ilə görüşlər zamanı onlara Qarabağ münaqişəsi barədə son məlumatlar verməyə çalışıram. Bundan başqa, Qarabağ həqiqətləri barədə tələbələr və digər gənclərə məlumatlar paylanılır. Daimi olaraq sərgilər, tədbirlər həyata keçirilir. 

- Rumıniyada  təhsil almaq çətin deyil ki? Bu ölkədə təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?

- Öncə qeyd etmək istərdim ki, Rumıniyada təhsil almaq Avropada təhsil almaq mənasını daşıyır. Gənclərimiz üstünlükləri bu universitetlərə versələr, daha çox faydalana bilərlər. Bunlar Babeş-Bolyai Universiteti, Kluj Texniki Universiteti, Buxarest Dövlət Universiteti, Buxarest Texniki Universiteti və.s-dir. Tibb sahəsində təhsil almaq istəyən tələbələr də Rumıniyanı, xüsusilə, Kluj və Mureş şəhərlərindəki universitetləri seçə bilərlər. Çünki Rumıniya bu sahədə yüksək təcrübə əldə edib.

- Azərbaycan gəncliyi ilə Rumıniya gəncliyi arasında hansı fərqləri müşahidə etmisiniz?

 - Mənə görə gənclik və gənclər ölkədən, dindən, dildən, mədəniyyətdən asılı olmayaraq hər bir yerdə eynidir. Lakin təbii ki, ölkələr arasında olduğu kimi, gənclər arasında da müəyyən mentalitet və fikir fərqləri mövcuddur. Rumıniyada, xüsusilə Cluj-Napocada gənclərin demək olar ki, hamısı ingilis dilində və bir neçə digər Avropa dillərində səlis danışa bilirlər. Bu da onların dünyaya açılmasına mühüm təkan verir. Hər iki ölkə gənclərinin əyləncə meyarları da fərqlidir. Bizim gənclər həftəsonları dostlar şəkilində bir araya gələrək dərdləşmək, məsləhətləşmək və ya bir-birinə qonaq getməklə vaxt keçirirlərsə, rumın gəncləri həftəsonunu gecə  klublarının birində və yaxud publarda dostlarla əylənməklə keçirir. Rumıniyada gənclər hələ orta məktəb illərindən etibarən , ailədən asılılığı sıfıra endirirlər və müstəqil qərarlar qəbul etməyi öyrənirlər. Daha sonra rumın gəncləri boş günlərində səyahət etməyi çox sevirlər, həm ölkə daxili, həm də kiçik Avropa səyahətləri həyata keçirirlər. Rumın gəncləri intellektual və dünyagörüşü cəhətdən də xüsusi seçilirlər. Ümumi götürdükdə, əvvəl də qeyd etdiyim kimi, gənclər arasında fərqləri elə də qabartmağa dəyməz, çünki əsas fərqlər mentalitet və fikir fərqlərindən ibarətdir.

- Dediyiniz kimi, iki ölkə arasında adət-ənənə, mədəniyyət istiqamətində fərqlər var. Bu ölkəyə uyğunlaşmaq necədir? Əsas çətinlikləriniz nə olub?

- 7 yaşımdan etibarən Rumıniyada yaşadığım və təshil aldığım üçün demək olar ki, artıq uyğunlaşmaq barədə heç bir problemim yoxdur. Yeni gəldiyim zaman əsas problem kimi dil məsələsini qeyd edə bilərəm. Həmin vaxt heç kimi və heç bir yeri tanımamağım mənə bəzi problemlər yaşadırdı. Mədəniyyətlər arasında müəyyən qədər fərqlər mövcuddur. Əsas fərqlər insan düşüncələri və mentalitetdən irəli gələn dəyişiklikdərdir.

- Rumıniyada yaşayan azərbaycanlıların statistikası varmı? Onlar əsasən nə işlə məşğuldurlar?

- Konkret statistika barədə məlumat verə bilməyəcəm, lakin onu qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Ruminiya Səfirliyi mövcuddur, eləcə də, SOCAR-ın törəmə şirkəti olan “SOCAR Rumıniya” da burada öz fəaliyyətini uğurla davam etdirir. Hər il Azərbaycandan Erasmus+ və digər dövlət təqaüd proqramları ilə Rumıniyaya bir neçə tələbə də gəlir. 

-Azərbaycan-Rumıniya münasibətlərini necə xarakterizə edərdiniz?

-Qeyd etdiyim kimi, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci  ölkədir. Bundan başqa iki ölkə siyasətçiləri arasında qarşılıqlı səfərlər bir daha onu göstərir ki, Azərbaycan və Rumıniya həqiqətən də strateji partnyorlardır və bir-birilərini həm beynəlxalq arenada, həm ikili münasibətlərdə tam dəstəkləyirlər. Qarşıda duran bir sıra layihələr də vardır ki, bunların sayəsində iki ölkə və  iki xalq arasında münasibətlər daha da genişlənəcək. 

- Bu yaxınlarda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin nümayəndə heyəti Rumıniyada səfərdə oldu.  Bununla bağlı hansı gözləntiləriniz var?

Həqiqətən çox xoş haldır ki, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri seçildikdən sonra ilk səfərlərindən birini Rumıniyaya edib. Səfər zamanı Rumıniyadakı azərbaycanlılar ilə geniş müzakirələr aparıldı və konkret olaraq hansı addımları atmaq barədə müzakirələr oldu. Bu səfər heç şübhəsiz ki, Rumıniyada yaşayan həmvətənlərimiz üçün bir stimul olacaq və gələcək fəaliyyətimizin şaxələndirilməsinə və effektiv addımlar atılmasına gətirib çıxaracaq. Eyni zamanda Azəbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdə Yaşayan Rumınlarla İş üzrə Nazirliyi arasında cari ilin iyulun 16-da anlaşma memorandumu imzalandı. Bu memorandum həm hər iki dövlət qurumunun əməkdaşlığının qurulması və inkişaf etdirilməsi, həm də dünyadakı Azərbaycan və rumın diaspor təşkilatlarının əməkdaşlığının qurulmasını nəzərdə tutur. Bunun özü də diaspor sahəsində yeniliklərdən biridir və hər iki xalqın əlaqələrinin və əməkdaşlıqlarının inkişafı baxımından  çox mühüm addımdır.