Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 17:00:00
“Valideyn dedi ki, mənə ayda 300 manat ver, uşağı qışlaqda yox, məktəbdə saxlayım” – 60 şagirdlik ucqar kənd məktəbinin müəllimi  

AzEdu.az “Ucqar kənd müəllimi” layihəsini davam etdirir. Bu layihəs əsnasında, biz,əziz oxucu, sizinlə birlikdə bərabər “səyahət edirik”. Bəzən qarlı dağların qoynunda yerləşən bir kəndin, bəzən, çölün düzündəki bir obanın məktəbinə “qonaq olur” onun müəllimini görüşünüzə gətiririk.

Bu dəfə sizinlə birlikdə  yenidən uca dağlar qoynunda gizlənən, bəlkə də gözdən-qulaqdan iraq olan ucqar bir kəndə səfər edəcəyik: Yardımlı rayonunun Şıxhüseynli kəndinə...Həmin kəndin cəmi 60 şagirdlik bir məktəbinin fədakar müəllimi Posu Mansırlı ilə söhbətdə oraları gəzib-qayıdacağıq. Hazırsınızsa, getdik... Amma yox, yaxşısı budur ki, biz hələlik, bir kənara çəkilirik, bu virtual “səyahəti” müəllimlə birlikdə edin... Amma ola bilsin, tezliklə qayıdıb, bu “səyahətdə” nəyəsə aydınlıq gətirək...

Yolunuz açıq olsun!!!

“Dağlar arxasında üç dost” – Təhsil, fədakarlıq və Posu müəllim...

-Mən Mansırlı Posu 2011-ci ildə orta məktəbi bitirib, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının Tarix və Coğrafiya ixtisasına qəbul olmuşam. 2015-ci ildə məzun olub, 2017-ci ildə Təhsil Nazirliyinin həyata keçirdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqəsində iştirak etdim və Yardımlı rayon Şıxhüseynli kənd orta məktəbinə işə qəbul olundum. Ucqar kəndi seçməyimin əsas səbəbi şəhərdə yaxşı müəllimlərin onsuz da  çoxluğu, şagirdlərin isə hər cür imkanının olmasıdır. Ancaq kəndlərdə vəziyyət belə deyil. Oradakıların internetə çıxışları yoxdur,  yaxşı müəllimlərə isə ciddi ehtiyacları var. Əsas bunları nəzərə alıb,  onlara dərs demək üçün ucqar kəndi seçdim. Hazırda da Tarix və Coğrafiya müəllimi kimi burada işləyirəm.

Tarix dərsi  üçün də vakant olduğuna görə, eyni zamanda bu dərsi də tədirs edirəm. Mən MİQ imtahanında 41 bal toplamışdım. İmtahandan əvvəl də düşünürdüm ki, 60 bal da yığsam ucqar kəndi seçəcəm.

 

Dünyadan qopma... “Ağ kabus” içində ziya işıqları...

-Yardımlı rayonu Şıxhüseynli kəndi... Uca dağlar qoynunda yerləşən, darıxdıqda yalnız buludlarla söhbətləşən kənddir... Təbiəti bəzən, kimin üçünsə, arzu-istək, bəzən də kimin üçün də sadəcə, kabus olur... Özü də qışda... Ağ kabus bu kəndin yollarını caynağına alır. Kəndi bütün dünyadan qoparır sanki... Bir biz oluruq, bir də qarlı zirvələr, bir də həmin buludlar....

Təbii ki, ora getməmişdən qabaq oradakı problemləri bilirdik. Gedəndən sonra həmin problemlərlə qarşılaşdıq. Müəllimlik elə bir peşədir ki, çətinliyə baxmır. Bir məqsəd var, gələcək üçün potensiallı gənclər yetişdirmək. Ali məqsədimiz budu.

“Mən, həmin oğlanam, a dağ yolları...”

Əziz oxucu, biz yenidən qayıtdıq. Əminəm ki, ucqar dağ kəndi və onun müəllimi ilə tanış oldunuz... İndi bəzi məsələlər barəsində daha ətraflı danışacağıq. Daha doğrusu, Posu müəllim danışacaq, siz isə oxuya... yox, yox, “səyahətə” davam edəcəksiniz.

Ürəyi doludur müəllimin... Dağdan-dərədən, oranın kiçik məktəbindən doğma insanlarından və ən əsası dağ yollarından danışır. Həə, bax, bu dağ yollarının Posu müəllimlə nə isə alıb-vermədiyi var...

-Əsas problem də yoldur. O kəndə çıxmaq üçün çox əziyyət çəkirik. Bizi qışda kəndə ancaq “NİVA” markalı maşınlar gətirir. Bu yollarda ancaq o cür maşınlar gedir, o da hər deyəndə yox...  Dağ kəndidir deyə, qışda qar yağanda yollar bağlanır. Bir ay, bəzənsə, bir neçə ay  rayon mərkəzinə düşmək problem olur.

Bunu dedik, amma, qoy onu da əlavə edim:  burada istiliklə də  bağlı problemlər var. Qaz yoxdur... Suyu da  uzaq məsafədən  gətiririk. İşıqlar isə tez-tez sönür. İnternetdən isə, yaxşısı budur ki, danışmayaq (gülür)

-“Hara gəlirsən, ay adam?

-Sizə işıq gətirməyə...”  (bir roman üçün yazılan, bir romandolu epiqraf)

 

- MİQ-dən keçdim, sonra kəndə yola düşdük. Hətta həmin kəndlə maraqlandıq. Kəndi rayonun özündə belə tanıyan az idi. Tanıyanlar da bildirirdi ki, ora getmək çox çətindir. Gedəndə də gördük ki, yollar dəhşətli dərəcədə pisdir. Hələ quraqlıq dövründə çətindir, qaldı ki, yağışlı havada... İkinci problemim isə  qalacaq yer oldu.Ucqar kənd olduğu üçün yaşayış şəraiti çox aşağı səviyyədədir. Bu da bəzi problemlər yaradır.

Soyuq nağıldan qar dənəsi kimi sürüşən məktəb...

Hə, əziz oxucu, “qarlı dağlarda” gəzmək necədi? Hazırsansa, həmin dağlar qonundakı sanki nağıllardan qopun düşən və cəmi 60 şagirdi olan bir məktəbə də baş vuraq.... Siniflərin qapısını “açanda” təəccüblənməyin; Sizi orada ən çox 10-12 şagird qarşılayacaq...

-Kəndin məktəbi 2015-ci ildə tikilsə də proyektor, lazımı avadanlıqlar olmadığına görə, tam  yaxşı demək olmaz. Normal hava şəraitində məktəbin  elektrik sistemində problem olmur. Amma vay o günə ki, yağış yağa, külək əsə..Yağışlı, küləkli havada burada əməlli problem yaranır. Xüsusən də elektrikdə... Qazla təmin olunmayıb kənd. İstilik üçün odundan istifadə edirik.

Kənddə çox əhali yoxdur, təxminən 30 ev olar. Çox kiçik kənddir. Məktəbdə 60-ya yaxın şagird, 12 müəllim var. Kənd köçəri olduğundan yaylaq, qışlağa getdiyindən qış dövrlərində çətinlik yaranır. Onların yaşayışı heyvandarlıqdan çıxır. Ona görə payızda əhali qışlağa köçür. Bir də yay aylarında qayıdırlar. Bu halda sinifdə 5-10 nəfər uşaq qalır.

Bulaq başında müəllim...

-Qaldığım ev köhnədir, torpaqdan tikilib.  Evdə isə əsas problem sudur. Suyu bulaqdan,  çooxx uzaq məsafədən gətiririk. Ev tapmaqda direktor müavini köməklik etdi. Kəndə gedəndə direktor orda yox idi, müavini bizi yönləndirdi. Masallıdan Riyaziyyat müəllimi yoldaşım var onunla qalıram.

Mən ora gedəndən sonra...

Müsahibimiz  bu “nağıl məktəb”in qara üzündən qorxmayıb. Dediyinə görə, hər dəfə hansısa işığı axtarıb.Yeni üsullarla dərs keçmək istəyib...

-Problemin biri də sinifdə şagirdlərin azlığıdır. Şagird çox olanda dərsi keçmək daha da  asanlaşır. Uşaqlar arasında rəqabət  artır. Az olduqda oxuyanların sayı az olur. Ucqar kənd olduğuna görə təhsilə önəm vermirlər, əsas işləri maldarlıqdır. Mən ora gedəndən sonra şagirdlər təhsilə yönəlib. Əsas çətinlik odur ki, yeni təhsil sistemi ilə dərs keçmək çox çətindir. Onun üçün qruplar yaratmaq lazımdır, ancaq mümkün olmur. Ona görə ənənəvi üsulla keçirik dərsləri. Dərsi soruşuruq, yeni dərsin izahı, sual-cavab,vaxt qalanda isə fənn, dərs barəsində əlavə məlumat verirəm.

“Meyvələr”

-Mənim şagirdilərim arasından gələcəyin həkimi, polisi, müəllimi də çıxacaq. Hələ bir səkkizinci sinifim var ki, ora hər dəfə  daha həvəslə girirəm. Öz fənnimdən əlavə, digər məlumatlar da verirəm ki, daha da təkmilləşsinlər. Həmin şagirdlərə inamım çox böyükdür. İnamımı doğruldacaqlar.

Dərə xəlvət, hava bəy...

-Buralarda o qədər qəribə, maraqlı hadisələr olub ki...  Günorta vaxtı idi, bir az gedəndən sonra maşın batdı. 3 saat maşını itələyərək aparmışıq. Üst-başımız palçıq olub. Sonradan kənd camaatı ilə yolları düzəldik, daş daşıyıb tökdük. İndi o yollar nisbətən  düzəlib.

Bir romanlıq mənzərə...

-Oktyabr-noyabr aylarında bir iki mağaza sahibləri əsas ərzaq ehtiyatını yığırlar. Kənd əhalisinin əksəriyyət köçəridir deyə, qışda aşağı başa köçürlər. Kənddə az adam qalır. Adamların da çoxu əvvəldən ehtiyatını yığır. Tam da əlaqə kəsilmir mərkəzlə, amma maşınlar təsadüfən gedirlər. Ürəkli sürücü lazımdır ki, o yolu getsin. Olur ki, 3 həftə, 1 ay tam əlaqə kəsilir. Əvvəlcədən tədarük görürlər.

 

Birinci dəfə orda o qədər qar yağdığını görmüşəm.Bizdə yağanda heç bir gün qalmırdı. Qar həddindən artıq çox yağır, havaların şaxtalı keçməsi xəstəliklərin yaranmasına səbəb olur. Tətildə adam rayon mərkəzinə düşmək istəyir, qışda o yolla düşəndə maşın sürüşür təhlükəylə üzləşir. Belə bir hadisə başımıza gəlib. Düzdür aşmayıb, amma gedib ağaca dəyib dayanıb. Ağac olmasa aşacaqdı. Maşın olmayanda, bəzən, velosipeddən istifadə edirəm.

“Bir dəfə demişəm, yenə deyim...”

-Məktəbdə birinci problem uşaqların sayının az olmasıdır. İstədiyimiz kimi dərsi keçmək olmur. İşıq olsa da, məktəbdə kompüter, printerin olmaması dərsi tam olaraq kurikulum üzrə keçməyə mane olur. Məktəb yeni açılanda xəritələr verilib, amma sonradan sıradan çıxıb. Özüm gedəndən sonra xəritələr, qlobus, tarixi şəxsiyyətlərin şəkillərini aparmışam. Bacardığım qədər vəsaitləri təşkil edirəm.

Dağlar qucağında dərs...

-Elə dərslər olur ki, oyun şəklində aparırıq. Coğrafiya təbiətlə əlaqəli olduğuna görə, bu komponentlər çox olduğuna görə, bəzi dərsləri təbiət qoynunda keçirəm. Əyani olaraq uşaqlara göstərirəm.

Məsələn, çaylar mövzusunu o formada keçmişəm. Alar çayın bir neçə qolları var. Çay şəbəkəsini əyani olaraq, dərsi keçəndə göstərdim. Elə göstərəndə daha yaxşı yadlarında qalır.

Qoy, bunu da deyim e...

-Bizdə də odun problemi olmadı. Hətta gələn il üçün də ehtiyat qaldı. Ətraf meşəlik olduğuna görə, köməyimizə çatır.

Amma bunlardan qorxmuruq ki (gülür). Özümüz də kənd uşağıyıq deyə, elə şeylər var ki, problem kimi gəlmir. Amma bizim öz kəndimiz  şəhər yerinə yaxın idi deyə kəndimiz sosial həyat daha aktiv idi. Amma kənddə bu həyatı yaşaya bilmirik. Bu da çox problemlər yaradır.

 

“İşıq davası”

Siz bəlkə də, ömrünüzdə çox dava-dalaş, mübahisə görmüsünüz. Amma tərəkəmələrdən olan bir valideynin Posu müəllimlər mübahisəsi kimi qovğanı yəqin ki, görməmisiniz. Təsəvvür edin ki... Qoy, özü danışsın...

-Tərəkəmələrlə bir dəfə mübahisə olub. Yaxşı oxuyan uşağın valideyni idi. Mübahisə etdik,o mənə dedi ayda gətir 300 manat mənə ver uşağı aparmayım qışlağa. Bayaq da dediyim kimi onların pulu ordan çıxır. Birini-ikisini bəlkə də etmək olar.

Vallah, maaşım yüksək olsaydı, ən azı 2-3 uşağı  saxlayardım orda....

Amma əla kənddir...

-Qışa görə kənd camaatı tədarükünü əvvəlcədən görür. Sentyabrda ora getdik. Bilmirdik necə olacaq. Bir də görürdük şagirdimiz pendir gətirir. Məktəbdən evə gələndə kimsə çörək bişirirsə, görüb saxladıb isti təndir çörəyi verir. Orda olduğum müddətdə şəhərdəki müəllimlərlə dostlarla bəzi layihələr keçirirk. Şagirdlərə müəyyən məktəb ləvazimatları təşkil etdik. Bu da həm şagirdlərə, həm də valideynlərə stimul oldu. Onları edəndə qarşılıq gözləmirdik. Amma onlarda qarşılıq kimi  nəsə etmək istəyirlər.

 

HAŞİYƏ-Yeni il tədbirində baba.az saytı bizlə əlaqə saxladı. Ucqar dağ kəndlərinə Şaxta baba gəlirdi. Orada tək şagirdlər yox, eyni zamanda kənd camaatı da həyatında ilk dəfə Şaxta baba  görürdü. Belə deyək böyüklər də buna sevindi.  Sonra bir qrup dostlarımız şagirdlər üçün çantalar, bəzi geyimlər  gətirdilər.

“Bir toxunuşla təbəssüm adlı” aksiya  keçirildi. Ordada uşaqlar üçün məktəb ləvazimatları gətirdilər.Və klon gətirmişdilər. Bir günlük şagirdlər həm əyləndilər, həm də hədiyyələr aldılar. Dostlar özləri gəlməsələr də hədiyyələr göndərirlər, uşaqlara paylayıram.

Hər şeyə rəğmən, razılıq...

Maaş 460 manatdır. Məktəb 9 illik olduğuna görə dərs saatı azdır. Yaşadığım ucqar kənd yeri olduğuna görə xərc elə də çox çıxmır. Kirayə və ərzağa ümumi 100 manat çıxır. Qalan da digər məsələlərə bəs edir. Kənddə ən çox kartof yeyirik.

Amma bunu da deyim: Bizdə əsas problem odur ki, qadın müəllimlər  yoxdur.

Qadın müəllimlərinin olmamasının əsas problemi həm də qız uşaqlarının oxumamasıdır.

Epiloq üçün...

“Axıra qədər kənddə qalmaq fikrim yoxdur. Əgər bir yerdə işləyirsənsə inkişaf etməlisən. Direktorluq üçün 5 il staj olmalıdır. Sonra direktorların işə qəbulu imtahanından keçmək.Sonra daha yüksəlmək.Direktordan sonra Təhsil Şöbəsi müdiri ola bilər” – bu Posu müəllimin dediyi son sözlər idi...

Amma bunu deyəndə belə, həmin kənd- qışda dünyadan qopan bir nağıvari məkan üçün darıxdığı hiss olunurdu... Çünki, bilir ki, artıq hava şəraitinin necə olmasından asılı olmayaraq, o kəndin 60 nəfərlik məktəbində artıq xırda-xırda işıqlar yanmağa başlayıb... Özü də heç zaman sönməyəcək, “ağ kabuslardan” boylanacaq  işıqlar...

Elmin Nuri

Əsmər Qabil