Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-06 18:06:45
Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin övladlarının I sinfə qəbul üzrə yenidən sorğu yerləşdirməsinə ehtiyac yoxdur.

AzEdu.az xəbər verir ki, bunu  Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov bildirib .

O qeyd edib ki, bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib: "Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər. Həmin valideynlərin məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur".

B.Məmmədov deyib ki , martın 6-na (saat 18:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 36 058 sorğu yerləşdirilib.

Onlardan 33 371-i ümumi təhsil məktəblərini, 2 687-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur.

B.Məmmədovun sözlərinə görə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Sektor müdiri bildirib ki , I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları (http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8) hazırlanıb.

Onu da qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.