Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 14:40:00
700 bal toplayan gəncdən sərt açıqlamalar: “III qrup maraqsızdır, oradakı şagirdlər ancaq əzbərçiliklə məşğul olurlar”  

Sona Mehdizadə: “700 bal toplayanla 200 bal toplayanın dostluğuna inanmıram”

700 bal toplayan xanım: “Bütün ixtisaslarda qadınlar daha uğurludur”

AzEdu.az I ixtisas qrupu üzrə 700 bal toplayan 58 nömrəli tam orta məktəbin şagirdi Sona Mehdizadəylə müsahibəni təqdim edir:

-Əvvəlcə, sizi daha yaxından tanıyaq...

-Dövlət İmtahan Mərkəzinin 18 iyulda keçirdiyi qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplamışam. 58 saylı orta məktəbin məzunuyam.

- Sınaqlarda  nəticələriniz necə olub?

-Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 3 sınaqda da iştirak etmişəm. Birincidə 687, ikincidə 695, üçüncü sınaqda 700 bal toplamışam. Birinci qəbul imtahanında da 667 ballıq nəticə göstərmişəm.

-İkinci qəbul imtahanında nəticənizi daha da artırmağınızı nəyə borclusunuz?

-Daha çox diqqətli olmağa çalışdım. Birinci imtahanda diqqətsizlikdən nisbətən zəif nəticə göstərmişdim. Maksimal nəticə əldə etmək üçün bəzi fənlər üzərində daha çox çalışdım.

- Özünüzdən bu nəticəni  gözləyirdinizmi?

-Bəli, gözləyirdim. Ancaq ailəm hər zaman bu nəticəni məndən gözləyib. Məni ruhlandırır və  özümə inam yaratmışdılar.

- Cavablar artıq bir neçə gündür, elan olunub. Son günlər xüsusilə diqqət mərkəzindəsiniz.  700 bal sizdə hansısa eyforiya hissinin yaranmasına səbəb olmayıb ki?

- Xeyr! Lakin bu, çox fəxrli hissdir. O qədər abituriyentin içindən 700 bal toplamaq böyük nəticədir. Müəllimlərinin, ailənin fəxri olursan. Buna görə də qürur duyuram.

-Ailədə hər zaman fəxr olunan övlad olmusunuz?

-Bəli...

-Bunun qeyd etdiyiniz kimi, bir çox müsbət tərəfi var. Bəs, hər zaman fəxr olunan övlad olmağın çətinlikləri nələrdir?

-Birinci qəbul  imtahanında çox stresli idim. Bilirdim ki, hamı məndən yüksək nəticə gözləyir. Ona görə insan stress altında olur. İkinci imtahana daha rahat getdim və yaxşı nəticə əldə etdim.

-Bakı Ali Neft Məktəbini seçməyi planlaşdırırsınız. Əksər yüksək bal toplayanların seçimi də məhz bu ali təhsil müəssisəsi olur. Bunun seçiminizə hər hansı təsiri olubmu?

-Bakı Ali Neft Məktəbinin verdiyi təhsillə maraqlanmışam. Bu ali təhsil müəssisəsi haqqında heç bir pis fikir eşitməmişəm. Daha çox tərifləyiblər. Burada təhsilin səviyyəsinin çox üstün olduğunu düşünürəm. Yüksək nəticə toplayanların da oranı seçməsi təbii ki seçimimə təsir göstərib.

- I ixtisas qrupuna hazırlaşmısınız. Məlumdur ki, buradakı ixtisaslara daha çox oğlanlar meyil edir. Bəs sizi I qrupa bağlayan nə oldu?

-Texniki fənləri daha çox sevirəm. Bu səbəbdən də I qrup mənə daha uyğun gəldi. İxtisasları da özümə yaxın hiss etdim.

- Deməli, təhsildə gender bərabərliyinə inanırsınız...

-Bəli, inanıram. Heç bir ixtisasda ayrıseçkilik etmək düzgün deyil.

-Sizcə, qadınların daha uğurlu olduğu ixtisaslar hansılardır?

-Məncə, bütün ixtisaslarda qadınlar daha uğurludur.

-Feministsiniz?

-Demək olar, bəli.

-Gələcək hədəfləriniz nələrdir?

-Ali məktəbdə yaxşı təhsil almaq, bilik səviyyəmi yüksəltmək və xaricdə təhsilimi davam etdirmək. Gələcəkdə ölkəm üçün faydalı şəxs olmağa çalışacam.

-700 bal toplamaq üçün bütün gün dərs oxumaq əsas şərt hesab oluna bilər?

-Bəziləri fikirləşir ki, 700 bal toplamaq üçün bütün gün dərs oxumaq, əzbərləmək lazımdır. Mən bunla razı deyiləm. Heç vaxt da belə bir şey etməmişəm. Bütün günü dərs oxumaqla özünü hər şeydən təcrid etmək düzgün deyil. İstirahətə hər zaman vaxt ayırırdım, davamlı olaraq dərs oxumamışam. I qrupda fənlər texniki fənlərdir və istər-istəməz 2-3 saat dərs oxuduqdan sonra dincəlməsən, bunun beyinə bir faydası olmaz.

-Digər fənn bilgiləriniz necədir?

-IX sinifə qədər bütün fənləri yaxşı oxumuşam. Sadəcə  X-XI sinifdə qrup fənlərinə üstünlük vermişəm.

-Ən çox sevdiyiniz fənn hansı olub?

-Riyaziyyat fənnini çox sevirəm.

-Hansı riyazi qanun  sizi  özünə daha çox cəlb edir?

-Hər bir riyazi  qanun! Məndə riyaziyyata maraq V sinifdən yaranıb. Riyaziyyat üzrə olimpiadalarda iştirak etmişəm. IX sinifdə respublika olimpiadasında bürünc medal qazanmışam. Çox dəqiq fəndir. Burda qaydadan kənar heç nə yoxdur.

-Sona, ən çox sevdiyin fənnin riyaziyyat olduğunu qeyd etdin. Bəzi mütəxəssislər hesab edir ki, hətta tarixi belə tarixçilər yox, riyaziyyatçılar yazmalıdırlar. Çünki illəri ən dəqiq məhz riyaziyyatçılar hesablaya bilərlər..

-Bu fikirlə tamamilə razıyam. Fikrimcə, riyaziyyat ən maraqlı və ən dəqiq fəndir.

- Bizə maraqlıdır, ali məktəbə qəbul imtahanında maksimum nəticə göstərən biri olaraq, hansı fənni mənimsəməkdə bir qədər çətinlik çəkmisiniz?

-Azərbaycan dili fənnindən çətinlik çəkirdim. Bizim qrupda bütün fənlər texnikidir deyə Azərbaycan dilindən çətinliyim olurdu. X sinifdə ingilis dili və kimyadan sınaqlarda 25 düz yazırdım. Bəzi şagirdlər deyirdi ki, bu fənni yaxşı bilirəm, ona görə həmin fənni daha oxumayım. Məndə heç vaxt belə bir şey alınmayıb.

-Həyat fəlsəfəniz nədir? Necə yaşamağa üstünlük verirsiniz?

-Çalışıram ki, hər mövzuda fikrim olsun. Dünyagörüşümü genişləndirim.

-I və III ixtisas qrupları arasında sanki daimi bir rəqabət var. Bəziləri I ixtisas qrupunu daha çətin və maraqlı hesab edir, bəziləri isə tam əksinə...

-Mən III ixtisas qrupuna hazırlaşsaydım, 700 bal toplayacağıma inanmazdım. Çünki əzbərçilik qabiliyyətim yoxdur. Mənə görə, III qrup maraqlı da deyil. Ona görə ki, şagirdlər ancaq əzbərçiliklə məşğul olurlar. Texniki fənlər isə daha maraqlıdır. İnsan özü axtarır, özü tapır.

-Gələcəkdə mühəndis olmaq istəyirsiniz. Sizcə, Azərbaycanda kifayət qədər peşəkar mühəndis var?

-Xaricdə təhsil alan savadlı mühəndislərimiz var. “Microsoft Word”şirkətində çalışan azərbaycanlı da var. Peşəkar mühəndislərimiz olsa da, onların sayı kifayət qədər deyil. Məncə, Bakı Ali Neft Məktəbinin yaranma səbəbi ölkəmiz üçün daha savadlı mühəndislər yetişdirib, peşəkar kadrlar hazırlamaqdır.

-Musiqiylə aranız necədir?

-Musiqi ilə aram çox yaxşıdır. 7 il musiqi məktəbində oxumuşam. Pianoda ifa edə bilirəm. Daha çox klassik musiqiləri dinləyirəm. Azərbaycan musiqilərindən “Küçələrə su səpmişəm”, “Limanlar”, “Mən səni araram” kimi ifaları çox bəyənirəm.

-Bəs, Azərbaycan filmlərindən hansıları bəyənirsiniz?

-Azərbaycan filmlərini çox izləməmişəm deyə, fikir bildirə bilmərəm.

-Hər çalışqan və savadlı şagird 700 bal toplaya bilər?

-700 bal toplamaq  90 % bilikdən asılıdırsa, 10 %- şans işidir. Birinci və ikinci qəbul imtahanlarının hər birində eyni bilik səviyyəsi ilə imtahana girmişdim. Deməli, burda şans məsələsi də var.

-Bu il 700 bal toplayanların sayında xeyli artım var. Bunu imtahanın bir qədər asan olmasıyla əlaqəndirmək olar?

-Ölkəmizdə bu qədər savadlı şagirdlərin olması sevindiricidir. Məncə, bu artımda ən böyük rolu imtahanların iki dəfə təşkil olunmağı oynayır. Birinci mərhələdə abituriyentlər həyəcanlı, ikincidə isə daha rahat olurlar. Bunun təsiri daha böyükdür, nəinki, imtahanın asan olmağının...

-Ən sevdiyiniz riyaziyyatçı kimdir?

-Ən sevdiyim riyaziyyatçı Lütfi Zadədir.

-Sizcə, şagirdin imtahanda uğur qazanmasında neçə faiz müəllimin, neçə faiz şagirdin payına düşür?

- 50 % müəllimin, 50 % şagirdin... Müəllim özü yaxşı bilməsə, şagirdə nə öyrədər?!

-Bir gəncin savadlı kadr kimi yetişməsində irsi faktorun rolu var?

-Bəli, mütləq var. Biz ailəlikcə hamımız texniki yönümlüyük. Humanitar fənlərə maraq yoxdur.

- Azərbaycanda əksər ailə övladını həkim olaraq görməyi arzu edir. Nəzərə alsaq ki, IV ixtisas qrupu da texniki fənlərdən ibarətdir, sizi həkim olmağa istiqamətləndirməyə çalışanlar olmayıb?

-Atam həkim-kardioloqdur. O, mənə bu peşəni məsləhət bilmədi və həkimliyin çox çətin sənət olduğunu dedi. Onun çəkdiyi əziyyətləri görürdüm. Bir insanın taleyi sənin əlindədir. Düzdür, ona həyatı da bəxş edə bilərsən, ancaq o sənə görə həyatından da ola bilər. Bu məsuliyyətin altına girə bilmərəm.

-700 bal topladığınıza ən çox sevinən kim oldu?

-Atam. Bəlli etməsə belə, mənim maksimum nəticə göstərməyimi çox istəyirdi. Bir az da atama görə çalışırdım ki, onun ümidlərini doğruldum. Onun sevinməyini çox istəyirəm.

-Bəzi universitetlərdə elə fakültələr var ki, 700 bal toplayan tələbə ilə 200 bal toplayan tələbə eyni qrupda təhsil alır. Sizcə, bu nə dərəcədə düzgündür?

-Məncə, bunda heç bir problem yoxdur. Bəzi şagirdlər burda keçid balını keçə bilməyib, xaricdə oxumağa üz tuturlar. Bunun əvəzinə Azərbaycanda təhsil almaları daha yaxşıdır. 700 bal toplayanla 200 bal toplayan eyni  qrupda olsa da, onların bilik səviyyəsi bir ola bilməz. İmtahanları da bir səviyyədə verməyəcəklər. Yüksək bal toplayanların çevrəsi də yüksək bal toplayanlardan ibarət olur. İnanmıram ki, 700 bal toplayanla 200 bal toplayanın dostluğu alınsın, sözləri tutsun.

-Bu gün ali məktəblərə qəbul imtahanlarında 200 bal toplayanların sayı kifayət qədər çoxdur. Sizcə, bunun əsas səbəbi nə ola bilər?

-Məktəbdəki təhsil səviyyələrinə fikir verilməlidir. Bəzi məktəblərdə təhsilin səviyyəsi çox aşağıdır. Uşaqları qınaya bilmirəm.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları
Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57