Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 13:25:19
Bu imtahanın qaydalarını, qeydiyyat və müraciət şərtlərini bilənlər mütləq Almaniyada oxuyur – AzEdu.az-dan  öyrənin

Tibb təhsili, ümumiyyətlə, səhiyyəsinin inkişafı  ilə seçilən və  daha çox  bu səbəbdən gənclərin üz tutduğu ölkələrədn biri Almaniyadır.  Yüksək  təhsil keyfiyyətlərinə malik olmaqla yanaşı, Almaniyada universitetlərə  qəbul şərtləri, həmçinin, orada təhsil almaq da o qədər asan deyil.

Orada təhsil almaq istəyənlər üçün ingilis və ya alman dili sənədi tələb olunur.  Alman dilində təhsil üçün  DSH və ya TestDaF imtahanının nəticələri qəbul edilir. Beynəlxalq imtahanlardan olan TestDaF vasitəsilə alman dili bilgisi yoxlanılır. TestDaF-ın ölkələrdə rəsmi imtahan mərkəzləri var. 

Digər dil imtahanları kimi TestDaF da 4 hissədən ibarətdir: oxumaq, dinləmək, yazmaq və danışmaq. İmtahanlar ildə 6 dəfə olmaqla, xüsusi  imtahan mərkəzlərində keçirilir. Testlərin orjinal versiyası 1998-2000-ci ildə Alman Akademik Mübadilə Xidməti olan DAAD tərəfindən təsdiqlənib.

İmtahanın nəticələri belə qiymətləndirilir: TDN3 (kafi, Avropa standartları ilə B2 səviyyəsinə bərabərdir), TDN4 (B2 və C1 arasında orta səviyyə) və ya  TDN5 (yüksək,  C1 və daha üst səviyyə hesab edilir) . TDN4 nəticə əksər universitetlər üçün məqbul səviyyə hesab edilir. Daha yüksək səviyyəli bir ixtisas üzrə təhsil almaq istəyirsinizsə, mütləq hər 4 bölmə üzrə TDN5 nəticə almalısınız. Amma bəzi ixtisaslar  var ki, TDN3 nəticəni qəbul edir.

Dəqiq hansı nəticəni qəbul etməsini isə universitetlərindən saytından öyrənə bilərsiniz.

TestDaF imtahanı ümumilikdə, 3 saat 10 dəqiqə davam edir.  Oxuma hissəsi 60 dəqiqə çəkir. Bu vaxt ərzində 3 mətn oxuyub, sualları cavablandırmalısınız. Birinci hər hansı qəzet məqaləsi ola bilər. İkinci mətnin sualları müxtəlif variantlı test şəklində olur. Üçüncü mətn isə daha çətin hesab olunur. Bu mətnin suallarının cavabı "Doğru",  "Yanlış" və ya "Mətndə qeyd edilməyib" şəklində olur. Bu hissədən sonra 10 dəqiqə fasilə verilir.

İmtahanın ikinci hissəsi dinləmə bölümüdür və 40 dəqiqə davam edir. Birinci universitet həyatı ilə bağlı dialoq, ikinci təhsilin hər hansı bir sahəsi haqqında peşəkar mütəxəssisdən müsahibə və üçüncü isə elmi hesabat ola bilər. Birinci və ikinci dinləmə, yalnız bir dəfə, üçüncü dinləmə isə iki dəfə səsləndirilir. Buna görə əsas informasiyaları tez bir zamanda qeyd etmək lazımdır. Bu mərhələdən sonra 30-60 dəqiqə fasilə olur.

İmtahanın üçüncü hissəsi 65 dəqiqə davam edən "Yazı" bölməsidir. Namizədlər 20 dəqiqə ərzində hər hansı bir cədvəli yazılı təsvir etməlidirlər.  İkinci hissəsində isə müstəqil bir mövzuda inşa yazmaq tələb olunur. Məntiqi ardıcıllıq, struktur, dəqiqlik və düzgün qrammatik yazılış sizin nəticənizə təsir edir. Bu hissədən sonra yenidən 10 dəqiqəlik fasilə olur.

Dördüncü hissə isə danışıqdır. 30 dəqiqə ərzində 7 mövzuda danışmalısınız. Bu hissədə sadəcə mikrafona danışmalısınız ki, səsiniz aydın eşidilsin. 

Test DaF imtahanı üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Bu halda ərizə formasını doldurub, imtahan  rüsumunu kredit kartı ilə ödəmək mümkündür. İmtahan rüsumu 130 avrodur. Qiymətlərdə isə müxtəlif  illərdə müəyyən dəyişikliklər ola bilir. 

Qeydiyyatınız təsdiq edildikdən sonra həmin sənədi çap edib, imzalayıb, imtahana gedərkən özünüzlə götürməlisiniz. İmtahana qeydiyyat 8 həftə öncədən başlayır və imtahan tarixindən 4 həftə əvvəl qeydiyyat başa çatır. İmtahanın nəticəsini Test DaF-ın rəsmi saytında "Hesabım" bölməsində öyrənə bilərsiniz. Bundan əlavə imtahanın nəticəsi haqqında sertifikat imtahan verdiyiniz mərkəzə də göndəriləcək. 

Qeyd edək ki, TestDaF imtahanı Azərbaycanda da keçirilir.  Bu sənəd Almaniyanın bütün universitetləri tərəfindən qəbul olunur və müddətsizdir.