Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-06 12:12:27
Ölkədə nağıl çatışmazlığı var – “Antologiyalara nəzarət edən qurum yoxdur”

Kitab oxuyan, nağıl dinləyərək böyüyən uşaqlar yaşıdları ilə müqayisədə zehni baxımdan daha sürətlə inkişaf edirlər. Onların söz ehtiyatı zəngin olur, fikirlərini dolğun çatdıra bilirlər. Buna görə də uşaqların hələ azyaşlı ikən müxtəlif nağıllar dinləməsi, hərfləri tanıdıqdan sonra isə sərbəst mütaliə etməsi gələcəkdə daha geniş söz ehtiyatına sahiblənmələrinə  yardımçı olur.

Kitabların əhatəsində böyüyən uşaqlar 20-25 yaşına çatdıqda dünyagörüşləri ilə də kəskin fərqlənirlər. Nağıllar onların psixologiyasına da ciddi təsir edir. Buna görə də valideynlər kitab seçərkən onun dizaynı ilə kifayətlənməməli, məzmununa da diqqət yetirməlidirlər. Çalışmalıdırlar ki, oxuduqları nağıl kitabları onların təxəyyülünə mənfi təsir göstərməsin.

Amma məsələ bundadır ki, indiki vəziyyətdə valideynlərin seçim imkanları çox məhduddur.

Azərbaycanda azyaşlılar üçün nəzərdə tutulan kitablarda kifayət qədər boşluqlar nəzərə çarpır. Nağıl antologiyasına salınmış bəzi nağıllar ədəbi dil normalarından kənara çıxır. Hətta bir çoxu məzmun etibarilə də uşaqların psixologiyası ilə uyuşmur.

28829532_2060779530866634_1948185974_n.jpg Mövzu ilə bağlı AzEDU.az-a danışan Azərbaycan Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, nağıllar kütləvi olub-olmamasından asılı olaraq iki prinsip əsasında nəşr oluna bilir:

“Nağılların, ümumiyyətlə, folklor nümunələrinin çap olunmasında iki əsas prinsip var: birinci prinsip ondan ibarətdir ki, nağıllar və ya digər şifahi xalq ədəbiyyatı nümunələri  mütəxəssislər üçün nəzərdə tutulubsa, onun dil, üslub, hətta dialekt-şivə xüsusiyyətlərinə, heç bir cəhətinə əl vurmadan olduğu şəkildə çap edilməlidir. Bu çap materiallarını mütəxəssislər folklorşünas, tarixçi, dialektoloq kimi istifadə edirlər. Elə bizim buraxdığımız kitabların əksəriyyəti də o cürdür.  Qarabağdan və ya digər bölgələrimizdən topladığımız nağılları dediyim prinsip əsasında, heç nəyə əl vurmadan dərc edirik. Təbii ki, bu zaman onun çapa nə dərəcədə yaralı olması, kamilliyi  də nəzərə alınır.

Amma  nağıllar kütləvi nəşr kimi nəzərdə tutulubsa, onu mümkün qədər ədəbi dildə çap etmək lazımdır. Çünki  müxtəlif təbəqəyə aid  insanlar bu nümunəni başa düşməlidirlər. İstər uşaq olsun, istərsə də böyük”.

Akademik uşaq nağıllarının məzmununa diqqət yetirilməli olduğunu vurğulayıb:

“Əgər antologiya yalnız uşaqlar üçün nəzərdə tutulubsa, onda nağılların məzmununa da diqqət yetirmək lazımdır ki, uşaqların zövqünə uyğun və anlaya biləcəkləri mövzularda olsun. Orada qeyri-adi, anlaşılması çətin mövzular olmamalıdır.

Məsələn, niyə uşaqlar “Cırtdanın nağılı”nı illərdən bəri həvəslə oxuyurlar? Çünki onun qəhrəmanı uşaqdır. Hətta nağıl özü də uşaq psixologiyasına uyğundur. Uşaqlar onu çox böyük məmnuniyyətlə oxuyur, mənimsəyir və sevirlər. Elə “Göyçək Fatma” nağılını da nümunə göstərə bilərik. Onu çap edəndə uşaqların qavraması üçün müəyyən çətin anlaşılan yerlər ixtisar olunub. Amma ümumi süjet xətti qorunub saxlanıb.

Tərtibçinin zövqündən çox şey asılıdır. O, elə edə bilər ki, uşaqlar üçün anlaşılmayan bir şey qalmasın, dili səlist olsun. Uşaqlar elə nümunə ilə tanış olmalıdırlar ki, ondan həm bədii cəhətdən zövq alsınlar, həm də ideya istiqamətindən örnək götürsünlər”.

Muxtar İmanov antologiyaların nəşrinə nəzarət edəcək hər hansı qurumun olmadığını qeyd edib:

“Antologiyalara vahid bir mərkəz olaraq rəhbərlik edəcək qurum yoxdur. Nəşriyyatların öz hüquqları və kifayət qədər səriştəli əməkdaşları var. Əgər nağıl antologiyası çap etmək nəzərdə tutulubsa və öz işçiləri nəşriyyatı qane etmirsə, hər hansı mütəxəssisə müraciət edilir. Həmin mütəxəssis də nağılların seçilməsində, tərtib olunmasında əməkdaşa kömək edir. Nəhayət, nəşriyyat kitabı nəşr edib istifadəyə verir. Yəni orda belə bir şey yoxdur ki, antologiya mütləq hansısa qurumun nəzarətindən keçib təsdiq olunmalı, daha sonra çap olunmalıdır. Kitabın kamil, mükəmməl şəkildə tərtib olunması üçün folklorla məşğul olan bir nəfər mütəxəssis kifayətdir. Əgər nəşriyyat  tam arxayın olmaq istəyirsə, tərtib edilmiş kitabı da daha bir inandığı mütəxəssisə rəyə göndərə bilər.

Hər kəs öz yerində olsa, öz məsuliyyətini dərk etsə, bu problemlər ortaya çıxmaz”

Lamiyə Süleymanlı