Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-06 08:59:54
“Azərbaycanda tibb sahəsində bir dənə də olsun, normal elmi iş yoxdur” - Amerika Həkimlər Kollegiyasının ekspertindən ilginc açıqlamalar

Həkimlik cəmiyyət üçün ən yararlı peşələrdən biri hesab olunur. Rusiyalı akademik Bilibinin sözləriylə desək, həkimliyi öyrənmək insanlığı öyrənməkdir. Statistik məlumatlara əsasən, yaşadığımız ölkədə 30 mindən çox təbib çalışır.

Onlara müraciət edən xəstələrin sayı da kifayət qədər çoxdur. Müşahidələr göstərir ki,  insanların əksəriyyəti həkimə müraciət edərkən onların harada və hansı təhsili almasıyla bağlı məlumatsız olurlar. Bəzi pasiyentlər isə bunu, ümumiyyətlə, önəmsəmir. Reallıq isə budur ki, dünyanın bir çox ölkələrində təhsil alan, kurs keçən və müxtəlif xəstəxanalarda çalışan həkimlər öz sahələri üzrə daha yaxşı ixtisaslaşırlar və daha peşəkar sayılırlar.

AzEDU.az saytı həkimlərin təhsilindən bəhs edən “Doktor” layihəsini davam etdirir. Xatırladaq ki, layihə çərçivəsində xaricdə təhsil alan yüksək mütəxəssislərin müsahibələrinə yer verilir.

“Səmimi desəm, Rusiyadan öyrəndiklərim mənə kifayət etmədi. Sadəcə, deyə bilərəm ki, rus təhsili gözlərimi elm aləminə açdı. Lakin bu gün də yararlandığım, əsasən, Avropa və Amerika təhsilidir. Ən önəmlisi  isə, təbii ki, Amerika təhsil sistemi... Çünki ən zəngin tədqiqatların hamısı okeanın o tayında aparılan tədqiqatlardır”.

Bu sözlər layihənin budəfəki qonağı olan Amerika Döş Qəfəsi Həkimləri Kollegiyasının yeganə azərbaycanlı eksperti, professor Əlizamin Sadiqova aiddir.

O, Amerika Torakal Cəmiyyəti, Amerika Həkimlər Kollegiyası, Avropa Respirator Cəmiyyətləri, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin üzvüdür. Həmçinin, Amerika tibb elmləri üzrə fəlsəfə doktoru, Havay Adaları Atlantik Beynəlxalq Universitetinin doktorantıdır.

Professor 2014-cü ildə Amerika Emfizema Fondunun Kloud Lambert adına və Amerika “Tibb Elmlərində Böyük” , 2015-ci ildə isə Amerika Torakal Cəmiyyətinin Beynəlxalq Tədris mükafatlarına layiq görülüb. O, 200-dən çox elmi məqalənin və 11 monoqrafiyanın müəllifidir. Azərbaycan Tibb Universitetində Pulmonologiya kafedrasında mütəxəssis məsləhətçi kimi fəaliyyət göstərir. Eyni zamanda, tədris sahəsində də çalışır; yerli və xarici tələbələrə mühazirələr oxuyur.

Ali dərəcəli həkim-pulmonoloqun tibb üzrə əsas istiqaməti - allerqologiya, immunologiya, pulmonologiyadır. Mütəxəssis tənəffüs sistemində yaranan xəstəliklərin diaqnostikası və terapiyası üzrə ixtisaslaşıb. Spesifik allerqodiaqnostikanı, immunoterapiyanı, tənəffüs sistemi funksiyasının bərpasını həyata keçirir.

O, 1960-ci ilin 1 oktyabrında Şirvanın Xalat kəndində doğulub. 1966-76-cı illərdə onillik orta təhsilini Şirvanda başa vurub,1976-1983-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə - Profilaktika fakültəsində təhsilimi davam etdirib.  Naxçıvanda üç il həkim-terapevt kimi çalışdıqdan sonra, 1991-ci ildə Salyan rayon Mərkəzi Xəstəxanasının Reanimatologiya və İntensiv terapiya şöbəsində reanimatoloq kimi işə başlayıb. 1999-2000-ci illərdə Salyanda Ağ ciyər xəstəlikləri dispanserində, 2002-ci ildə Rusiyadan qayıtdıqdan sonra isə bir sıra özəl klinikalarda çalışıb. Hazırda da Bakıdakı məşhur özəl klinikaların birində pulmonoloq kimi fəaliyyət göstərir.

28537874_2060671484210772_1277232733_n.png

- Əlizamin müəllim, ilkin elmi-nəzəri fəaliyyətinizə Bakıda başlamısız, yoxsa...?

- Azərbaycan Tibb Universitetinin Müalicə - Profilaktika fakültəsinin məzunu olduqdan 8 il sonra 1991-ci ildə Sankt-Peterburq Tibbi Elmlər Akademiyasının aspirantura pilləsinə daxil oldum. 1994-cü ildə aspiranturanı bitirdim və 1995-ci ildə Sankt-Peterburq Pulmonoloji Mərkəzində namizədlik disertasiyası müdafiə edərək  tibb elmləri namizədi dərəcəsi aldım. 2000-ci ildə daxil olduğum 1-ci Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin doktorantura pilləsini 2002-ci ildə başa vurduqdan sonra tibb elmləri doktoru adını qazandım.

Onu da deyim ki, ardıcıl olaraq Avropanın bir çox universitetlərində - BelçikadaSart-Telman, İspaniyada Barselona, İngiltərədə London Royal Kollec, Amerikada Arizona, Robert Weol Sohn,Vayskof və müxtəlif universitetlərdə təhsil almışam. 2012-ci ildə Havay adalarında yerləşən Atlantik Beynəlxalq Universitetinin doktoranturasına daxil olmuşam. Bundan 2 il sonra isə Amerika tibb elmləri üzrə fəlsəfə doktoru, və “tibb elmlərində böyük” adlı iki diploma layiq görülmüşəm.

Azərbaycan və Rusiyanı hesaba almasam, yalnız Avropa və Amerikadan əldə etdiyim 200-dən çox sertifikatım var. Amerika Döş Qəfəsi Həkimlər Kollegiyasının ekspertiyəm. Hazırda orada ofis hüququm var, yəni gedib əyləşib orada müzakirələr edə bilirəm və s. Vəzifəmora üzv olan həkimlərin vəzifəsindən daha yüksəkdir.

Üstəlik, Almaniya, İspaniya, Belçika, Hollandiya və Avropanın bütün qabaqcıl ölkələrində, eyni zamanda, qonşu Türkiyədə çox olmuşam. Həyatımın 15 ili  Rusiya ilə bağlıdır. Lakin, səmimi desəm, Rusiyadan öyrəndiklərim mənə kifayət etmədi. Sadəcə, deyə bilərəm ki, rus təhsili gözlərimi elm aləminə açdı. Amma bugün yararlandığım, əsasən, Avropa və Amerika təhsilidir. Ən önəmlisi  isə, təbii ki, Amerika sistemi... Çünki ən zəngin tədqiqatların hamısı okeanın o tayında aparılır.

Alizamin Sadiqov.jpg

- Amerika və Avropa tibb təhsili arasındakı fərqlər nədən ibarətdir?

- Bu gün dünyada 5 dövlət - ABŞ, Kanada, İngiltərə, Avstraliya və Yeni Zellandiya - fərqli tədris planları ilə fərqlənir. Ən qabaqcıl tədris sistemləri bu ölkələrdən qaynaqlanır. Dünyanın bütün aparıcı mütəxəssislərinin, ekspertlərinin isə təhsili bilavasitə ABŞ-dandır. Zaman-zaman Amerikatəhsilli mütəxəssislər təcrübələrini bölüşməyə başlayıblar. Hazırda biz Türkiyədəki tədris və səhiyyənin səviyyəsi ilə qürur duya bilərik. Türkiyənin özündə heç bir tədqiqat aparılmamasına baxmayaraq, qardaş dövlət nümunə göstəriləsi ölkədir. Türkiyə təbabəti Amerika təbabətinin surətini çıxardıb həkimlərinə təqdim edirsə, bunun nəyi pisdir?!

Amerikada yaşayan bütün həkim və adi vətəndaşlar bilir ki, bu ilin yanvar ayının sonuna qədər orada 4-5 min insan qripdən dünyasını dəyişib. Gəlin, Rumıniya, Bolqarıstan və ya Xorvatiyaya səfər edək, görək, bu ölkələrdə belə məlumatlar varmı? Amerikada isə ən bəsitlərindən tutmuş, ən mürəkkəb genetik xəstəliklərə qədər bütün sahələrdədurmadan tədqiqatlar aparılır. Məsələn, bu gün sistik fibroz xəstəliyindən əziyyət çəkənlərin genetik terapiya vasitəsilə ömrünü nə qədər uzadıblar!Deməyim odur ki, hər istiqamətdə çalışmalar, ən qəliz, ən dərin tibbi tədqiqatlar Amerikadadır. ABŞ təbabəti sübut təbabəti olduğu üçün dünyanın hər yeri oradan yararlanır. Bizim də sübut olunmuş təbabətin ardınca getməyə, qabaqcıl ölkələrin təcrübəsindən istifadə edərək, xəstələri daha yaxşı müalicə etməyə ehtiyacımız var.

Əlavə etmək istərdim ki, hazırda cəmiyyət ciddi maliyyə problemlərindən əziyyət çəkir. Dərmanların qiyməti çox yüksəkdir və diaqnostik müayinə üsulları müəyyən maddi resurslar tələb edir. Azərbaycan insanının ailə büdcəsi isə hansısa bir tibb müəssisəsinin qayğısından yararlanmağa imkan vermir. Bu səbəblə, insanlarımızın dövlət dəstəyinə ehtiyacı var. Artıq Respublikada sığorta təbabəti istiqamətində bir sıra addımlar atılıb. Düşünürəm, bu, gələcəkdə özünü doğruldacaq və insanlar tibbi sığortadan yararlana biləcəklər.

Alizamin Sadiqov 1.jpg

- Həkimliklə paralel müəllim kimi də tələbələrlə işləmək çətinlik yaratmır ki? Bu iki fəaliyyət növü ilə eyni zamanda məşğul olmağın nə kimi özəllikləri var?

- Çətin deyil, əksinə, təcrübələrimi mühazirə və ya praktiki şəkildə tələbələrlə bölüşmək situmulvericidir. Əfsus  ki, proqressiv tələbələrimizin sayı azdır, amma elə tələbələr görəndə çox sevinirəm. Məncə, tədris fəaliyyətim və həkimlik işim bir-birini tamamlayır. Tələbələrimizin heç də 30-40 il bundan əvvəl yazılan monoqrafiyalardan qidalanmağa ehtiyacları yoxdur. Onların müasir təbabətə, çağdaş biliklərə gərəyi var. İngilis dilini bilməyi hamıya tövsiyə edirəm. Çünki dünyaya çıxış, bütün tibbi saytlar, elmi məqalələr, proqressiv təbabət - hamısı ingilis dilindədir. Rus mənbələrinə müraciət etməyi tələbələrimizə heç vaxt məsləhət görmürəm. Mən rus təbabətinin əleyhinə deyiləm, lakin bugün toplum olaraq götürdükdə, o, özünü doğrultmur.

- Azərbaycanlı həkimlərin proqressiv ABŞ təbabətinə inteqrasiyası istiqamətində nə kimi işlər görmüsünüz?

- Ekspert qrupu olaraq biz 2007, 2008 və 2009-cu illərdə mütəmadi işlədik. 3 il ərzində geniş yayılan pulmonoloji xəstəlikləri kliniki protokollar şəklində formalaşdırdıq. Lakin həkimlərə təqdim etdiyimiz 2007-ci il göstəriciləri, artıq keçərsizdir. Bütün xəstəliklər barədə hər il yeni bilgilər aşkarlanıır. Texniki protokolların yenidən işlənib, həkimlərimizə təqdim olunması vacibdir. Köhnə dünya ilə yaşamaq olmaz! Biz sivil millətlər kimi çağdaş təbabətdən yararlanmalıyıq. Azərbaycan həkim cəmiyyətinin mütləq şəkildə proqressiv təbabətə ehtiyacı var. Əvvəllər bizim respirator cəmiyyətimiz fəaliyyət göstərirdi, lakin maliyyə problemləri nəticəsində cəmiyyətin işini davam etdirə bilmədik. Bir qeyri - hökumət təşkilatı nəzdində yeni “Azərbaycan Torakal Cəmiyyəti” yaratmağı düşünürük.  Daha doğrusu, artıq yaranması istiqamətində bir sıra addımlar atılıb. Hesab edirəm ki, bu cəmiyyət yarandıqda ora cəlb olunacaq gənc alimlərin həvəslənməsi lazımdır. Bu məqsədlə yaxın keçmişdə Berlində konqres zamanı İspaniyaBarselona Universitetinin nümayəndəsi Tomi Torislə danışdım. İl ərzində təmannasız hazırlanan 3-4 mütəxəssis sonradan qayıdıb təcrübələrini burada tətbiq edəbiləcək. Bu kimi işlər mütəmadi olaraq görülsə, gənc həkimlərimiz də normal təhsil almaq imkanına nail olarlar. Əlavə olaraq, tələbələr qardaş Türkiyənin də təhsilindən yararlana bilərlər. Türkiyədə dil baryerinin olmaması da əlavə üstünlükdür.

Bir şeyi etiraf edim: 40 ildən çoxdur, oxuyuram, amma özümdə bir mükəmməllik duymuram. Yəni, hər gün daim nə isə axtarmaq, hər gün nə isə öyrənmək mütləq vacibdir. Hamısına aid olmasa da, azərbaycanlı həkimlər gedib Türkiyədə nəyəsə baxır, “şoping” edib gəlir və sonra adı olur ki, guya,  filankəs Türkiyədə təhsilini təkmilləşdirib. Deyirlər ki, 15 gün “uzmanlıq” kursu keçmişəm. 15 günlük ali mütəxəssis kursumu olar? Yalnız uzun müddət-məsələn, 5-6 il “uzmanlıq” üçün çalışdıqdan sonra mükəmməl həkim kimi fəaliyyət göstərmək olar.

- Azərbaycanlı tələbələr xaricdə təhsil almadan sizin təcrübənizlə kifayətlənib peşəkar həkim ola bilərlərmi?

- Əgər Amerikadakı şəraiti burada yaratsaq, niyə də peşəkar olmasın?! Mütəxəssis kimi yetişmək və lazım olan diaqnostik proseslər, müalicə üsulları eynən Amerikada olduğu kimi burada da tətbiq olunarsa, tələbənin ora getməsinə lüzum yoxdur. Problemlərimiz həll olunduğu təqdirdə, lokal çərçivədə peşəkarlaşmaq mümkündür. Belə olan halda, tələbələrimizin okeanı keçməsinə ehtiyac qalmaz.

Tibb Universitetində daha çox ingilisdilli qruplara dərs keçirəm. Onların üstünlüyü dil baryerlərinin olmamasıdır. Yəni, ingilis bölmələri  yalnız Oksford, Kembric, Harvarddan qidalanacaqlar. Eqoizm kimi anlaşılmasın, lakin indiki halda bizim tələbələrimizə təqdim edə biləcəyimiz normal bir monoqrafiyamız yoxdur. Heç kim məndən inciməsin, müasir tədris səviyyəsinə uyğun gələn, proqressiv ölkələrin tədrisini özündə əks etdirən  bir elmi iş yoxdur. Hətta Hindistan təbabətinin bütün təcrübəsi Amerikadan götürülüb. Bu gün Hindistan həkiminin gedib Amerikada çalışmasında bir baryer olmadığı halda, Azərbaycandan hansısa həkimin orada işləməsi böyük problemlər yaradacaq. Çünki bizim verdiyimiz tədris dünya tədrisi ilə uzlaşmır.  Normal tədrisə, xəstələrimizin dəqiq dioqnostikası və düzgün müalicəsinə ehtiyacımız var.

- Sizdə əsasən, hansı xəstəliklərlə bağlı müraciət edirlər?

- Bizim şöbədə yatan bütün xəstələr pulmonoloji profilli xəstələrdir. Bronxit, xroniki obstruktivağciyər xəstəliyi, enfizema, qrip və s. xəstəliklərdən əziyyət çəkən insanlar çoxdur.Qrip hazırda epidemiya halını almasa da, insanlar arasında çox sürətlə yayılır. Virus infeksiyaları yayıldıqda isə onunla yanaşı, pnevmaniyanın olması  mütləqdir. Hazırda qrip virusu ilə bərabər, hər 5 - 8 nəfərin birində pnevmaniya görülməkdədir. Bunun qarşısını almaq üçün hansısa tədbir görmək həmişə mümkün deyil, bu, normal epidemioloji göstəricidir. Ona görə də son aylarda müraciətlər  daha çox pnevmaniya, ağciyər iltihabı, ideopatik ağciyər fibrozu ilə bağlı olur. Hətta bu yaxınlarda ağ ciyər tromboemboliyası olan xəstə də gəlib müayinədən keçib. Yəni, kifayət qədər geniş şəkildə pulmonoloji profilli çoxsaylı xəstələr qrupu müraciət edir. Düşünürəm ki, müalicə alan xəstələr əksər hallarda şəfa tapırlar.

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına əsasən, 2025-ci ilədək dünyada daha 20 milyon insan xərçənglə mübarizə aparacaq. Onların  4/5 hissəsinin aşağı və orta gəlirli ölkələrdə qeydə alınacağı proqnozlaşdırılır. Ümumiyyətlə, son illərdə Azərbaycanda pulmonoloji onkologiya sahəsində vəziyyət necədir?

- İşimiz ağ ciyər xərçəngi ilə mübarizə aparan xəstələri müalicə etmək deyil. Biz yalnız diaqnoz qoyaraq, həmin xəstələri onkoloji mərkəzə göndəririk. Hazırda ağciyər, plevra, qırtlaq xərçəngi kifayət qədər geniş yayılıb. Doğrudur ki, tənəffüs yolları xərçəngində artım müşahidə olunur.

“Bakıda xərçəng xəstəliyinin sürətlə artması maşın sıxlığıyla bağlıdır”

Ancaq bu gün xərçəngin sürətlə artmasının səbəbini tam dəqiq deyə bilmərəm. Ehtimal edirəm ki, ən böyük səbəb ekoloji amillər ola bilər. Nəzər salsaq, görərik ki, Çernobılda xərçəng xəstələri daha çoxdur. Çünki radiasiya şüaları xərçəngin yaranmasının əsas səbəblərindən hesab olunur. Amma radiasiya şüalarını xərçəng səbəbi kimi Azərbaycana aid eləmək düzgün olmazdı. Ölkəmizdə radiasiya fonu elə də yüksək deyil. Azərbaycanda bu xəstəliyin səbəbini həddən artıq maşın sıxlığını göstərmək mümkündür. Atmosferə atılan qaz tullantıları avtomobil yanacaqlarından birbaşa ağciyərlərimizə daxil olur. Bunlar hamısı konserogen maddələrdir və xərçəngin yayılmasında əsas göstəricilərdən biridir.

- Pulmonologiya sahəsində modern xəstəliklər hansılardır?

- Son illər ərzində, həkimlərin keçmişdə məlumatsız olduğu xəstəliklər kifayət qədər artıb. Misal üçün, kardivaskulyar xəstəliklərdən əziyyət çəkən şəxsləruzun müddət dərman qəbul edirlər. Artıq müalicənin 5-6-cı ayında dərmanlar öz kənar təsirlərini göstərməyə başlayır. Modern xəstəliklər dedikdə daha çox bunları misal göstərmək yerinə düşərdi. Onkoloji praktikada da uzun müddət dərman qəbulu nəticəsində ağciyərdə olan dəyişikliklərə rast gəlinir. Bu xəstəlikləri ona görə yeni xəstəliklər adlandırıram ki, bunlara keçmişdə kifayət qədər az rast gəlinirdi. Dərman texnologiyasının yüksəlməsi, insanların yüksək səviyyəli preparatlardan yararlanması müsbət haldır. Lakin ağciyər uzun müddət dərman qəbulu nəticəsində zədələnə bilən əsas orqanlardan biridir.

28822231_1704082579653789_1911967815_o.jpg

- Ağciyər infarktı insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?

- Əslində, ağciyər infarktı geniş yayılan xəstəlik deyil. Pulmonol arteriyanın xırda şaxələri tutulursa, o zaman ağciyər infarktı riski yaranır. Azərbaycanda ağ ciyər infarktından əziyyət çəkən xəstələrimiz olub. Bu yaxınlarda cavan bir oğlan müraciət etmişdi. Venadan tromb getməsi nəticəsində ağciyər damarı tutulub və artıq 2 ilə yaxındır ki, o insan həmin xəstəlikdən əziyyət çəkir. Ağciyər infarktı zamanı müalicənin çox da xeyri olmur, dünya təcrübələrinə əsasən, cərrahi müdaxilə vacibdir. Düzdür, bu xəstəlik zamanı fərqli yanaşmalar da, müasir texnologiya və dərman preparatları insanların ömrünü uzadır. Qeyd edim ki,  bu xəstəliyin ən ağır formasında ağciyər nəqlinə ehtiyac görülür.

- Ağciyər nəqli ilə bağlı hazırkı vəziyyəti necə qiymətləndirirsiz?

- Hazırda ölkəmizdə ağciyər nəqlinə az təşəbbüs göstərilir. Bir xəstəmiz ideomatik ağciyər fibrozu diaqnozu ilə birbaşa göstərişlə ağciyər nəqli əməliyyatı olunmalı idi. Lakin... Müasir dövrümüzdə ideomatik ağciyər fibrozu olan xəstələr Türkiyə kimi sivil dövlətlərdə dərhal ağciyər transplantasiyası üçün növbəyə yazılırlar. Vaxtı çatar əməliyyat olunar, çatmaz və dünyasını dəyişərsə, çox təəssüf...  Hər halda növbədə uzun müddət gözləmək lazım gəlir. İlk dəfə ağciyər nəqli  əməliyyatını Amerikanın Nyu-York şəhərində həyata keçiriblər. Həmin xəstənin dünyasını dəyişməsi gözlənilməsə də, cəmi 1 ildən bir az artıq yaşayıb. Qısası, nəticə gözlənilən kimi olmayıb. Respublikamızda isə ağciyər nəqli əməliyyatı həyata keçirilməyib.

- Astmanın müalicəsində botoks müalicəsi nə dərəcədə effektlidir?

- Astmada botoks müalicəsi deyə bir şey, ümumiyyətlə, təbabətimizdə yoxdur. Buna görə də hansısa mənbəyə istinad edib sizə bir şey deyə bilməyəcəm. Yəni, bu müalicə üsulunun mexanizmi nədir? Hesab edirəm ki, astmaya heç bir təsiri ola bilməz. Bu, əsası olmayan mülahizədir.

- Bəs “Duzdağ” mağara terapiyasının astmanın müalicəsinə nə kimi təsiri ola bilər?

-Mən o tip təbabətin əleyhinə deyiləm. Lakin bu gün spleoterapiya kimi üsullar dünyada sübutunu tapmayan təbabətdir. Yəni, hazırda dünya bu müalicə üsullarını dəstəkləmir. Orada sanki reklam xətrinə nə isə olur və ya kimsə başqa məqsəd güdür. Amma necə ola bilər ki, allergik bronxial astma xəstəsi “Duzdağ”a gedərək sağalıb qayıtsın?!

Həm də düşünürəm ki, ümumiyyətlə, Naxçıvanda allergiya yoxdur. Çünki oranın çox quru iqlimi və gözəl təbiəti var. İnsan elə astma ilə Naxçıvana gedib, orada gəzərsə, normallaşar. Lakin həmin şəxs evinə gəldikdən sonra, təəssüf ki, keçmiş epizodları yaşayar. Yəni, ola bilər, qayıdarkən astmanın simptomları 5 - 7 gün gec başlayar, amma simptomların geri qayıtması mütləqdir.

Mən xəstələrə ehtiyac bilmir və məsləhət görmürəm ki, siz total olaraq axışıb orada müalicə alın. Bu, zənnimcə, düzgün fikir deyil. Astmaların müalicəsində spesifik immunoterapiya kimi daha önəmli üsullar vardır. Mağara terapiyadan fərqli olaraq, bu üsulla uzun müddətliyinəheç bir dərman qəbul etmədən effekt əldə etmək olar. Ümumi üsul isə, təbii ki, dərman müalicəsidir. Astma xəstələri effektiv dərman preparatlarını normal istifadə edə bilərsə, xəstəliyin  simptomlarını tam nəzarətdə saxlamaq imkanı olur. Demək olar, 95% hallarda bu, mümkündür. Yalnız təxminən, 5% ağır xəstələr, çox təəssüf ki, müalicəyə tabe olmurlar.

- 2017-ci ildə Kanadada aparılan tətqiqatlara əsasən, astma diaqnozlarının qoyulmasında 53% səhv aşkarlanıb.Astma xəstəsi olmayan şəxslərə, adətən, astma diaqnozu qoyulmasının səbəbi nədir?

- Bu, təbii ki, çox böyük göstəricidir. Sən demə, heç də astma olmayan obstruktiv broxit, enfizema və s. xəstələr astmaymış kimi müalicə olunublar. Bu diaqnozların səhv qoyulmasının səbəbi odur ki, yanaşmalar fərqlidir. Mən zənn etmirəm ki, indi  dünyanın hər bir yerində əksər hallarda astmaya düzgün diaqnoz qoymaq şansı tanıyan spiremetriya deyilən bir üsul olsun.  Stüasiyanın, allergik fonun düzgün qiymətləndirilməməsi, müəyyən məqamlarda həkimlərin məsuliyyətsizliyi ucubatından xəstələrə bəzən səhv diaqnozlar qoyulur. Bəzi ölkələrdə hələ də funksional diaqnostika zəif inkişaf edib.

- 2011-ci ildə Praqa Universitetində “Sleep Medicine” ixtisası üzrə təhsil almısınız. Yuxu təbabəti ilə bağlı nə deyə bilərsiz?

- Cəmiyyətimizdə hazırda 4%-ə yaxın insanda bu problem görülməkdədir. Əsasən,gecə saatlarında yatarkən insanın yuxusu qapanır və 10 saniyə müddətinə sanki nəfəs almır. Bu zaman tənəffüs ya tam dayanır, ya da səthiləşir. Bu epizodları yaşayan insanlarsonradan çox böyük problemlərlə qarşılaşırlar. Əsasən, ürək-qan-damar sistemi problemləri, beyin qan sızmaları, beyində işemiya, infarkt və s. xəstəliklər yaranır. Hətta qəza hadisələrinin bir hissəsi məhz bu xəstəliyin ucubatından baş verir. Məsələn, avtomobil qəzalarını buna nümunə göstərmək olar. Tez-tez “sükan arxasında yuxuya gedib qəza törətdi” və s. bu kimi başlıqlı xəbərlər eşidirik. Bunları araşdırmaq lazımdır! Yəni bu qəzalar heç də hər dəfə insan uzun müddət yuxusuz qaldığı üçün baş vermir. Bunun çox ciddi səbəbləri var. Bəs, bu xəstəliyin əsas simptomları nələrdir:

Gündüz yuxuya həddən artıq meyllilik; yatarkən xoruldamaq; gecələr yuxunun dayanması.

Bu üç simptom xəstəliyin əsas göstəriciləri ola bilər. Problem bir saat ərzində tezliyindən asılı olaraq, 3 ağırlıq səviyyəsinə görə fərqlənir. Lakin indi bunun dünyada kifayət qədər uğurlu həlli yolları var. Hazırda bu xəstəliyi sipak adlı aparatla müalicə edib, müsbət nəticələr əldə etmək olur. Bu, ağciyər problemi olan insanlarda yalnız burun - udlaq səviyyəsində dərin yuxu zamanı yaranan qapanmadır. Qapanma nəticəsində burun vasitəsilə tənəffüs yoluna hava daxil olmur. Nəticədə insan sanki imitasiya edir, amma hava qapanma səbəbi ilə daxil ola bilmir və tənəffüs problemi yaradır. Bu, apnoe sindromudur,  amma o demək deyil ki, qapanma ağciyər səviyyəsində olur. Yalnız yuxarı tənəffüs yolları səviyyəsində baş verən qapanma sindromun təzahürüdür. Bu sindromun əlamətləri daha çox ağırçəkili, piylənmədən əziyyət çəkən insanlarda müşahidə edilir. Problemdən azad olmaq üçün həmin şəxslərə çəkilərini azaltmaq tövsiyə olunur. Bunun nəticəsində sindromdan müəyyən qədər qurtulmaq mümkündür.

28768106_1704082216320492_274365495_o.jpg

- Azərbaycanda ftiziatrlar (vərəm həkimi), adətən, cəmiyyətdə pulmonoloq kimi tanınırlar...

- Hazırda Azərbaycanda peşəkar pulmonoloqlar olsa da, çox təəssüf ki, onların sayı barmaqla sayılacaq qədər azdır.  Bu gün Azərbaycanda pulmonologiyanın bəs qədər zəngin inkişaf etməməsinin səbəbi bu dövlətdəəbədiyyən ftiziatrların pulmonoloq kimi tanınması olub. Yəni, vərəm həkimi daim özünü cəmiyyətə pulmonoloq kimi təqdim edib. Zənnimcə, ftiziatrın özünü pulmonoloq kimi təqdim etməsindən daha acınacaqlı bir şey ola bilməz! Çünki pulmonologiyada ağciyər infeksiyaları deyilən bir hissə var, bu da təxminən, 23 ağciyər modulundan biridir. Yəni,hələ təkcə infeksiyaları toplum olaraq götürsək, onun cəmi 100-də 1 hissəsi vərəm infeksiyasıdır. Baxaq görək, bu nə dərəcədə doğru yanaşma ola bilər?!

Cəmi 4 dərman tanıyanlar, ağciyər rentkenoloji müayinəsinə baxıb, vərəmdən başqa heç bir şeyi qiymətləndirə bilməyən fitiziatrlar gəlib özlərini pulmonoloq kimi təqdim edirlər. Pulmonoloq isə ağciyər xəstəlikləri üzrə tam təkmilləşmiş mütəxəssisdir. Heç uzağa getməyək, elə Türkiyənin özündə pulmonoloqlar həm vərəm, xərçəng, həm də pnevmaniyanı müalicə edirlər. Düşünürəm ki, ölkəmizdə son 10-15 ildə bu problemin həlli tapılacaq. Səhiyyə Nazirliyi də bu məsələnin aktuallığını hiss edib və doğru addım atıb: Vərəm dispanserləri və Ağciyər İnstutuna da yaxın zamanlarda yeni pulmonoloq kadrlar göndəriləcək. Ehtimal ki, 5-10 pulmonoloq vəzifəsi dəbizim rezidentlərimizə veriləcək və onlar bu universitetdən çıxıb, hansısa tibb müəssisələrinə gedərkən peşəkar pulmonoloq kimi fəaliyyət göstərəcəklər. Bizdə pulmonologiya sahəsi kardiologiya, nevrologiya və başqa inkişaf etmiş sahələrə nisbətən zəif inkişaf edib. Bu xəstəliklərin diaqnostika vəmüalicəsində çoxlu qüsurun olması ağrılı yerimizdir.

- Doktor, müraciət edən, lakin qeydiyyatda olmayan vərəm xəstələrini müalicə edirsizmi?

-Vərəm xəstələri yalnız Elmi –Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu nəzdində olan vərəm dispanserlərində qeydiyyata düşüb orada müalicə ala bilərlər. Tüberkülozun standart kimyəvi terapiya deyilən dərman müalicəsinin effekti o qədər də yüksək deyil. Çünki hazırda tüberküloz xəstələri arasında mövcud dərmanlardan yararlana bilməyənləri çox olur. Açığı desəm, bu spesifik infeksiyon  xəstəlik haqqında çox danışmaq istəmirəm. Vərəmin müalicəsini, təbii ki, ftiziatrlar daha yaxşı bilir və müalicə edirlər.

Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57